Nazirin sözçüsü Yasamal sakininin ittihamlarına cavab verdi
Ölçü:


“Sosial şəbəkə səhifələrindən birində Yasamal rayon sakini Tahirə Ələmovanın nazirliyin binasının qarşısında şikayətlə çıxış etməsi yayımlanıb. Əslində, Tahirə xanım bir neçə dəfə nazirlikdə olub, məktublar göndərib və hər biri rəsmi qaydada cavablandırılıb”. 

Koordinat.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib. Qurum rəsmisi, Tahirə Ələmovanın oğluna əlillik dərəcəsinin verilməməsi ilə bağlı şikayətinə cavab olaraq bildirib ki, Məmmədov Mahir Mayıl oğlunun əlilliyin qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyinə heç bir müraciət daxil olmayıb:

“Tahirə xanım özü də etiraf edir ki, Mahir Məmmədovun yaşayış yeri üzrə qeydiyyatda olduğu səhiyyə müəssisəsinə müraciət etsə də, Forma 88 tərtib edilərək Əlillik Altsisteminə daxil edilməyib. 

Bu dəfə də vətəndaşa qanunvericilik izah edilib, tələb olunan prosedur haqqında məlumat verilib. Belə ki, T.Ələmovanın oğlunun əlilliyinin qiymətləndirilməsi üçün oğlu yaşayış yeri üzrə səhiyyə müəssisəsinə müraciət etməli, diaqnozunu təsdiq edən sənədlər, həkim rəyi, laborator müayinələrin nəticəsi, ambulator, stasionar müalicələrin epikrizləri əsasında Forma 88 tərtib edilərək Əlillik Altsisteminə daxil edilməlidir. Sənəd e-sistemə daxil edildikdən sonra oğlunun əlilliyinin qiymətləndirilməsi aparılacaq.

Məlumat üçün deyək ki, T.Ələmovanın özü pensiyaçıdır və aylıq 234,2 manat pensiya alır”.
12.08.2020 14:07:00
Oxuma sayı: 32