Bayıldakı sürüşmə barədə son qərar veriləcək
Ölçü:


Hazırda Bayıl yamacında sürüşmənin dinamikasında ciddi aktivlik müşahidə edilmir, vəziyyət stabildir.

Koordinat.az
xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. Onun sözlərinə görə, sürüşmənin dinamikasında ciddi aktivliyin müşahidə edilməməsinə baxmayaraq, ciddi nəzarət tədbirləri həyata keçirilir, ETSN tərəfindən ərazidə tədqiqat işləri davam etdirilir: "Hazırda ərazidə hidrogeoloji, həm də mühəndis-geoloji vəziyyətin öyrənilməsi üçün buruq-qazma işləri apaılır. Həmin qazma zamanı süxur nümunələri götürülüb laborator şəraitdə analiz olunacaq. Bundan sonra əvvəlki tədqiqatlar da nəzərə alınmaqla, sürüşmənin baş vermə səbəbi və əhatə dairəsi ilə bağlı rəy hazırlanacaq və son qərar veriləcək”.

R.Həsənov deyib ki, bu həftənin sonuna kimi ETSN-nin sürüşmə ilə bağlı rəyinin hazır olacağı gözlənilir.

Qeyd edək ki, Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb.

Sürüşmə ilə bağlı Səbail Rayon İcra Hakimiyyətində (RİH) Xüsusı Qərargah yaradılıb.
29.01.2018 11:29:00
Oxuma sayı: 13426