Deputatlardan Mirşahinə cavab: "Uşaqpulunun verilməsi məsələsinin müzakirəyə çıxarılmasında nə qəbahət var ki?!"
Ölçü:

"Uşaq pulu verilməlidir. Mirşahinin dedikləri barədə dəqiq məlumatım yoxdur. Amma bütün dünyada olduğu kimi, ölkəmizdə də iqtisadi geriləmə var. Əksər yerlər bağlanıb, işsizlik artıb, insanlar işləyə bilmir. Biz də deputat olaraq çalışırıq ki, bu fonda iqtisadiyyatımızı necə qaldıraq, pandemiyadan necə qurtaraq. Bunu hamı bilir. Fikrimcə, uşaq pulu da verilməlidir.

Koordinat.az xəbər verir ki, bunu Sfera.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas REAL TV-nin rəhbəri Mirşahin Ağayevin uşaqpulu məsələsini parlamentdə qaldıran deputatları tənqid etməsinə münasibət bildirərkən söyləyib. O, qeyd edib ki, Mirşahinin uşaq pulu məsələsinin əleyhinə çıxması da yanlış fikirdir.

Parlamentin digər üzvü Elman Məmmədov isə bildirib ki, deputatlar seçicilərinin fikrini deyir və deməlidir: "Bu məsələdə hər kəsin özünəməxsus fikirləri var. Heç kimi söylədiyi fikrə görə qınamaq olmaz. Hər kəs öz bildiyi kimi fikirləşir. Uşaq pulunun verilməsi məsələsinin qaldırılmasında qəbahətli bir şey görmürəm. Təbii ki, deputatlar da bu fikirləri özündən ortaya ataraq demir. Deputat deyirsə ki, çoxuşaqlı ailələrə uşaq pulunun verilməsi məqsədəuyğundur, deməli millət vəkili seçicilərinin fikrini söyləyir. Yəni, deputata seçiciləri tərəfindən həmin istiqamətdə təkliflər olunub”.

Deputat Fazil Mustafa isə hesab edir ki, uşaqpulu məsələsi pandemiyadan sonrakı mərhələdə müzakirə edilməlidir: ""Deputatlar bütün digər məsələlər kimi, uşaq pulu məsələsini də qaldıra bilərlər. Amma Mirşahin müəllim yəqin daha vacib məsələləri nəzərdə tutub. Bu vacib məsələlər də ordu və təhsillə bağlıdır. Deputatlar sosial məsələləri də qaldırmalıdır. Amma fikrimcə, daha çox real məsələlər üzərində fikir yürütməlidirlər. Uşaq pulu məsələsini pandemiyadan sonrakı mərhələdə gündəmə gətirmək olar. Çünki indiki dövrdə bütün məsələlər daha çox pandemiyadan xilas istiqamətinə yönəlməlidir. Hər kəsin müstəqil fikri ola bilər. Bu baxımdan o da aktual saydığı fikirləri söyləyib”.

10.08.2020 17:54:00
Oxuma sayı: 67