Dəmiryol şəbəkəsinin səmərəliliyi necə müəyyən olunur? - ekspert rəyi
Ölçü:

Dəmiryolları hər bir ölkənin iqtisadi inkişafında önəmli rol oynayan infrastrukturlardandır. Belə ki, dəmiryolları sərnişin və yüklərin daşınmasında səmərəli, sürətli və ucuz üsullardan biri sayılır. Sənayələşmiş ölkələrin demək olar ki, hər birinin inkişaf etmiş dəmiryol şəbəkəsi mövcuddur.

Bəs beynəlxalq təcrübədə dəmiryol şəbəkəsinin səmərəliliyi necə müəyyən olunur?

Koordinat.az xəbər verir ki, nəqliyyat sahəsi üzrə ekspert Hüseyn Abdullayev Fed.az-a açıqlamasında mövzu ilə bağlı vacib məqamları önə çəkib. O, qeyd edib ki, dəmiryollarına investisiyalar iki hissəyə bölünür: hərəkət tərkibinə olan investisiyalar (qatarların, lokomotivlərin, vaqonların alınması) və infrastruktur layihələri (yeni yolların tikintisi, mövcud yolların əsaslı təmiri və yenidən qurulması). Bu investisiyaların isə müxtəlif ömrü var. Məsələn, dünya təcrübəsində 50-60 il ərzində infrastruktur investisiyalarının səmərəliliyinə baxılır və qiymətləndirilir. Hərəkət tərkibli investisilarda isə səmərəlilik müddəti 20-30 il müəyyən olunur. 

Ekspertin sözlərinə görə, Böyük Britaniyada infrastruktur layihələri 60 il ərzində qiymətləndirilir və bu vaxt ərzindəki iqtisadi səmərələr toplanaraq investisiyalar ilə müqayisə edilir. Əgər səmərə investisiyalardan bir neçə dəfə çoxdursa, bu səmərəli investisiya sayılır. Ümumən, Avropa yanaşmasında 50-60 il ərzində qoyulan investisiyaların səmərəsi müəyyən olunur.

H.Abdullayev vurğulayıb ki, qoyulmuş investisiyaların gələcəkdə hansı səmərəni gətirməsinə baxılarkən maliyyə səmərəsindən daha çox geniş iqtisadi səmərənin olması vacib sayılır: “Çünki dövlətin investisiya yatırdığı layihələrə daha çox sosial-iqtisadi tərəfindən baxmaq lazımdır. Əgər uzunmüddətli effektlər xərclənən investisiyaları doğruldursa, bu layihəyə yatırımlar etmək lazımdır. Sərnişindaşımaya qoyulan investisiyalar insanların işbaşına daha tez çatdırılmasına səbəb olursa, onların təhlükəsizliyi artırsa, ətraf mühitə atılan qazlar azalırsa, bunların hamısı səmərə sayılır".

Ekspert vurğulayıb ki, əsas məsələ səmərəliliklə bağlı proqnozların edilməsidir.  Onun sözlərinə görə, Azərbaycanda belə proqnozlarda beynəlxalq maliyyə qurumlarının metodologiyasından istifadə olunur. Belə ki, beynəlxalq maliyyə qurumlarının kredit verdiyi xətlərdən bu qiymətləndirmələr aparılır. İqtisadiyyata və əhalinin geniş rifahına təsiri ölçmək üçün ciddi iqtisadi təhlillər və metodologiyaların edilməsinə ehtiyac var”, - deyə o qeyd edib.

10.08.2020 17:38:00
Oxuma sayı: 66