“Qarabağ” yatağının dayaq bloku dənizə yola salındı
Ölçü:


Prezident İlham Əliyev avqustun 10-da Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda “Qarabağ” yatağının dayaq blokunun dənizə yola salınması mərasimində iştirak edib.

Koordinat.az
xəbər verir ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və “BOS Şelf” şirkətinin baş direktoru İxtiyar Axundov Prezident İlham Əliyevə görülən işlər barədə məlumat veriblər.  Bildirilib ki, “Qarabağ” dayaq bloku “BOS Şelf” şirkəti tərəfindən Heydər Əliyev adına Bakı dərin özüllər zavodunda tikilib. Qurğu neft-qaz kəşfiyyatı və hasilatı üçün nəzərdə tutulur. Dayaq bloku “Qarabağ” yatağında quraşdırılacaq stasionar dəniz özülünün üst hissəsini və göyərtə meydançasını saxlamaq məqsədilə şəbəkə tipli metal konstruksiya şəklində hazırlanıb. Bu blok dənizdə suyun dərinliyi 182 metr olan sahədə quraşdırılacaq. Dayaq blokunun quraşdırılması “Qarabağ” yatağının dərin qatlarında neft və qaz hasilatının həyata keçirilməsində böyük rol oynayacaq.

Dövlətimizin başçısı dayaq blokunun dənizə yola salınmasını bildirən düyməni basdı.

Qeyd edək ki, “Qarabağ” layihəsi üzrə hazırlanan dayaq bloku SOCAR-ın tarixində həm ölçülərinə, həm də çəkisinə görə hazırlanan ən böyük sualtı konstruksiyadır. “STB-1” daşıma barjına yüklənəcək konstruksiyanın ümumi çəkisi 16 min tondur. Blokun tikintisi iki il ərzində aparılıb. Konstruksiyanın hazırlanması prosesində mühüm amillərdən biri də yerli mütəxəssislərin iştirakıdır. Belə ki, dayaq blokunun tikintisində çalışanların 95 faizi yerli mütəxəssislər olub.

“Qarabağ” yatağı Xəzər dənizinin cənub hövzəsində, Abşeron arxipelaqının şimal hissəsində yerləşir. Yataqda 1997-1998-ci illərdə Xəzər Beynəlxalq Neft Şirkəti konsorsiumu tərəfindən qazma işləri aparılıb. 2020-ci ildə SOCAR-ın və “Equinor” şirkətinin birgə qazma əməliyyatı vasitəsilə bu yataq məhz neft yatağı kimi kəşf edilib. “Qarabağ” yatağı 60 milyon ton neft ehtiyatına malikdir. Yataqda 6 neft, 3 qaz və 3 suvurucu quyunun qazılması nəzərdə tutulur. “Qarabağ” yatağı Azərbaycanın ən zəngin karbohidrogen yataqlarından biridir.

Bu yatağın istismara verilməsi Azərbaycanın neft strategiyasının daha uğurla reallaşdırılmasına və ölkəmizin neft gəlirlərinin artmasına böyük töhfə olacaq.

10.08.2020 15:44:00
Oxuma sayı: 54