BP hələ ki Azərbaycandan getmir, amma…
Ölçü:


BP şirkəti hətta neft bahalaşsa belə, özünün neft və qaz aktivlərinin böyük bir hissəsini satmağa hazırlaşır. “Reuters” agentliyi bu xəbəri BP-nin yeni strategiyası ilə yaxından tanış olan üç mənbəyə istinadən verib.

Xatırladaq ki, BP Xəzərdə Azərbaycanın iki nəhəng enerji yatağı – “Azəri-Çıraq-Günəşli” (AÇG) neft və “Şahdəniz” qaz yataqlarının əməliyyatçısıdır. 1995-ci ildən bəri AÇG, BTC, “Şahdəniz” və Cənubi Qafqaz Boru Kəməri layihələri üçün çəkilmiş əsaslı xərclər 72 milyard dollar təşkil edib ki, onun da başlıca sərmayəçisi BP şirkəti olub. Şirkət hazırda Xəzər dənizinin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağinin dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və hasilatın pay bölgüsü sazişində 30,374551 faiz paya malikdir.

“Reuters” xəbər verir ki, sözügedən strategiya BP-nin Direktorlar Şurasının iyul ayında keçirilən iclasında müzakirə olunub. BP neft qiymətlərinə dair proqnozunu bir barel üçün 55 dollara endirib və bu, onun 17,5 milyard dollarlıq aktivlərini bundan sonra iqtisadi baxımdan səmərəsiz edib.

Üç mənbə bildirib ki, neft qiymətləri yenidən 65-70 dollara qayıtsa belə, BP çətin ki, bu aktivləri özünün iş planlarına daxil etsin. Əksinə, şirkət bu halda onları daha sərfəli qiymətə satmaq üçün daha yaxşı bazar şəraiti axtaracaq. Adətən neft nəhəngləri aktivlərini uzun müddətdə, bazar şəraiti yaxşılaşanadək saxlayırlar. Amma BP-nin əvvəllər haqqında xəbər verilməyən yeni diversifikasiya strategiyası o deməkdir ki, neft nəhəngi həmin aktivlərə bir daha qayıtmayacaq.

“Reuters” yazır ki, yeni strategiya BP-nin baş icraçı direktoru Bernard Luninin 2030-cu ilə qədər neft və qaz hasilatını 40 faiz və ya günə 1 milyon barel azaltmaq, bərpa olunan enerji növləri sahəsini genişləndirmək planlarına da aydınlıq gətirir. BP rəhbəri deyib ki, şirkət axtarış işlərini mövcud hasilat infrastrukturu olan yerlərdə aparacaq və maya dəyərinin aşağı olmasına çalışacaq. 2020 – 2025-ci illər arasında aktivlərin satışından 25 milyard dollar gəlir planlaşdırılır.

BP hansı aktivləri satmağı planlaşdırdığını hələ açıqlamayıb. Mənbələr bundan əvvəl “Reuters”ə bildirmişdilər ki, söhbətin Kanadanın bitumlu qumlarından və Anqoladakı dərin dəniz layihələrindən gedir. Bu layihələr yeni strategiya ilə iqtisadi baxımdan sərfəli sayılmır.

“Rystad Energy” firmasının təhlilçisi Parul Kopra isə BP-nin Anqoladan başqa, Azərbaycan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İraq kimi yerləri tərk edəcəyini gözlədiyini vurğulayıb. Lakin BP-nin Yaxın Şərq və Xəzər regionunda xarici əlaqələr və kommunikasiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bunu təkzib edib.

Aslanbəyli avqustun 4-də BP-nin yeni açıqlanan strategiyası haqqında məlumat verərək deyib ki, hələ fevral ayında BP öz yeni məramını, “xalis sıfır” hədəfini və məqsədlərini elan edib, indi isə həmin hədəfləri necə reallaşdırılmasını müəyyənləşdirən strategiya hazırlanıb: “Yeni məqsəd və hədəflərimiz insanlar və planetimiz üçün enerji haqqında təsəvvürləri yenidən formalaşdırmağa yönəlib və yeni hədəfimiz 2050-ci ilə qədər və ya daha tez bir vaxtda emissiyaları “xalis sıfır” səviyyəsinə çatdırmaq və dünyanın da bu hədəfə çatmasına yardım etməkdir. Bu hədəfə çatmaq üçün biz BP-ni yenidən qurmalı, daha yığcam, daha sürətli və az karbonlu şirkətə çevirməliyik. Beləliklə, yeni strategiya BP üçün bu transformasiya prosesində növbəti böyük addımdır. Strategiya “xalis sıfır” hədəfinə doğru onillik fəaliyyətimizi müəyyənləşdirir. Bu strategiya BP-ni təbii ehtiyatların hasilatını həyata keçirən beynəlxalq neft şirkətindən müştərilər üçün çözümlər təmin edən inteqrasiyalı enerji şirkətinə çevirəcək”.

Aslanbəylinin sözlərinə görə, BP bu planı həyata keçirmək üçün indi başlayıb, sürətlə hərəkət etmək niyyətindədir: “On il ərzində indikindən çox fərqli bir enerji şirkətinə çevriləcəyimizi gözləyirik. Görürük ki, yeni enerjiyə keçid prosesi sürətlənir və müştərilər – yəni ölkələr, sənaye sektorları, böyük və kiçik şirkətlər, eləcə də istehlakçılar – öz enerji ehtiyaclarını qarşılamaq üçün getdikcə daha az karbonlu çözümlər istəyirlər. Bu dəyişən tələbatları qarşılamaq və “xalis sıfır” hədəfinə doğru irəliləmək üçün biz BP şirkətinin 2030-cu ilə qədər daha çox şaxələnmiş bir enerji şirkəti olacağını gözləyirik və buna nail olmaq üçün bir sıra işlər görəcəyik. Bunlara bərpa olunan enerji üzrə xalis istehsal gücümüzü 2019-cu ildə olduğundan 20 qat artıraraq 50 QVt-a, az karbonlu enerji sahələrinə investisiya qoyuluşunu 10 dəfə artıraraq təxminən illik 5 milyard ABŞ dolları səviyyəsinə, istehlakçılarla təmaslarımızı ikiqat artıraraq gündə 20 milyona çatdırmaq, neft və qaz hasilatını tədricən ən azı gündə bir milyon barel neft ekvivalenti və yaxud 40 faiz səviyyəsində azaltmaq, neft və qaz kəşfiyyatı üzrə fəaliyyətlərimizi yüksək göstəricilərimiz olan mövcud hövzələrdə cəmləşdirmək və yeni ölkələrə daxil olmamaq aiddir”.

Aslanbəyli BP-nin Azərbaycanda və Xəzər regionunda fəaliyyətini azaltmaq niyyətində olmadığını söyləyib: “Neft və qaz tədricən azalacaq, lakin BP-nin əhəmiyyətli bir hissəsi kimi qalacaq. Dəyişən odur ki, BP bundan sonra daha neft və qazın üstünlük təşkil etdiyi şirkət olmayacaq. O, şaxələnmiş portfelli bir inteqrasiya edilmiş enerji şirkəti olacaq – belə ki, neft və qaz daha tarazlaşdırılmış bir portfelin tərkib hissəsi olacaq. B. Luninin də dediyi kimi, neft və qaz qarşıdan gələn onilliklər ərzində BP portfelinin tərkib hissəsi olaraq qalacaq. Onlar bizim strategiyanın əsas hissəsidir. Faktiki olaraq, onlar strategiyanın həyata keçirilməsinə imkan yaradır. Onlar transformasiyamızın gerçəkləşməsinə təkan verir. Beləliklə, biz şirkətimizin fəaliyyət istiqamətini enerjinin fərqli formaları ilə şaxələndirmək niyyətindəyik – bərpa olunan enerji, bioenerji və hidrogen. Amma neft və qaz bizim öhdəliyimiz olan ölkələrdə BP üçün əsas sahə olmaqda davam edəcək. Bu öhdəliyin bir hissəsi olaraq 2030-cu ildə biz hələ də qlobal miqyasda neft və qaz biznesimizə ildə təxminən 9 milyard ABŞ dolları investisiya qoyacağıq”.

“Rystad Energy” firmasının təhlilçisi Parul Kopranın “BP Anqoladan başqa, Azərbaycan, Oman, Birləşmiş Ərəb Əmirlikləri və İraq kimi yerləri tərk edəcək” fikirinə münasibət bildirən B. Aslanbəyli deyib ki, adı çəkilən ekspert öz şəxsi mülahizələrinə əsaslanıb. Onun sözlərinə görə, təmsil etdiyi şirkət Azərbaycanda iri neft və qaz ehtiyatlarının kəşfiyyatı və işlənməsinə cavabdehdir: “Bu, bizim üçün çox vacib əhəmiyyət kəsb edir və bu məsuliyyəti çox ciddi qəbul edirik. Biz burada neft və qaz biznesimizin keyfiyyət baxımından sənayedəki aparıcı mövqeyini qoruyub saxlamaqla bu ölkədə gördüyümüz bütün işlərimizi uğurla davam etdirəcəyik. Yəni, Azərbaycanda neft və qaz üzrə fəaliyyətlərimizi təhlükəsiz, etibarlı və dayanıqlı şəkildə həyata keçirəcək, ölkə və səhmdarlar üçün gəlirlər yaratmaqda davam edəcəyik”.

Həmyerlimiz Bəxtiyar bəyin də dediyi kimi, BP hələ ki Azərbaycanı tərk etmir və mövcud layihələr üzrə öhdəliklərinin icrasına davam etmək niyyətindədir. Lakin problem BP-nin Azərbaycanı tərk edib-etməməsi deyil. Şirkətin son qərarından da gördüyümüz kimi, müasir dünya sürətlə ənənəvi yeraltı enerji qaynaqlarından imtina edir. Bu, artıq geridönməz bir strateji qərardır. Neft-qaz istehlakı getdikcə azalacaq. Azərbaycan bu tendensiyanı görməli və nəticə çıxarmalıdır. Əgər Azərbaycanın enerji hasilatı üzrə strateji ortağı olan şirkət neft-qazdan tədricən imtina etmə qərarı verirsə və əsas alıcılarımız olan Avropa ölkələri də eyni yoldan gedirsə, deməli, biz oturub, ciddi-ciddi düşünməliyik. Yenə geri qalsaq və dünyanın hara getdiyini, müasir inkişaf istiqamətlərini görməsək, Azərbaycanı qeyri-müəyyən bir gələcək gözləyir…

10.08.2020 14:13:00
Oxuma sayı: 57