BP şirkəti Azərbaycandan gedirmi? - İlham Şaban yazır
Ölçü:

İlham ŞABAN
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Əvvəllər BP-yə solçular döşəyərdilər Azərbaycanda... Onlara görə, BP Azərbaycanı talamaqla məşğuldur. İndi isə...

Sevinc Osmanqızı da qoşuldu "BP gedir" hərəkatına...

Sözündən belə çıxır ki, BP təkzib veribsə demək getməyə hazırlaşır, çünki Chevron da AÇG və BTC-dən çıxanda belə etmişdi. Əvvəlcə təkzib verirlər, sonra isə gedirlər.

İndi aydınlaşdıraq: Chevron məsələsində heç bir təkzib olmamışdı, əksinə 2018-ci ilin dekabrın 4-də Reuters-də yayılan xəbəri bir qədər sonra təsdiq etmişdi. ExxonMobil isə ona müraciətə belə reaksiya vermişdi kİ, biz "arada gəzən hər xəbəri şərh etmirik". Bu günə qədər də Exxon Azərbaycandadır. Gedən zaman yolu açıqdır, PSA müddəalarına uyğun payını əvvəlcə layihə iştirakçılarına təklif etməli, onlar deyilən qiyməti müsbət qarşılamadıqları halda üçüncü tərəfə sata bilər. Necə ki, indiyə qədər AÇG-də paylarla bağlı 6 dəfə alqı-satqı həyata keçirilib.

İkincisi, BP-nin Azərbaycan layihələrini tərk etməsi ilə bağlı son bir neçə gündə "ay aman, qoymayın gedir" tipində ajiotajlı xəbərlərin paylaşılmasının mənası nədir? "Gedir" kəlməsi də elə səpkidə və tonda çatdırılır ki, elə bil, klassik xarakterli ailəyə BOŞANMA ilə bağlı ilkin məlumat daxil olub.

Tutaq ki, BP qərara alıb ki, Azərbaycandakı layihələrini satsın və əldə etdiyi gəliri "yaşıl enerjiyə" yatırsın. Nə olsun? Bununla Azərbaycanın həyatında nə dəyişəcək? Bir şirkət gedir, digəri gəlir. BP-nin xüsusi çəkisi Azərbaycan layihələrində xeyli yüksəkdir. Ona görə də onu əvəzləyəcək şirkətin kifayət qədər AZAD MALİYYƏ imkanları olmalıdır. Və mümkün namizəd şirkəti rəsmi Bakı təsdiqləməlidir. Yəni mən prosedur qaydaları
sadaladım.

Reallıqlar isə... BP 2020-cu ilə qədər yeni strategiyasını açıqlayıb. Orada göstərib ki, gündəlik neft ekvivalenti hasilatını 2019-cu ilin 2,6 mln barel həcmindən 2030-da 1,5 mln barelədək azaltmağı planlaşdırır, neft emalında isə 1,7 mln bareldən 1,2 mln barelədək azalma gözlənilir.

Azalmada Azərbaycanın da rolu ola bilər ki, bu da şirkətin "karbonsuz həyat" strategiyasına tam uyğundur. Necə? ACG-də hasilat təbii yolla aşağı düşür, çünki blok artıq özünün PİK hasilat dövrünün 11-ci ilinə daxil olub.

Qaz layihələrinə gəldikdə isə BP Azərbaycanda dünya səviyyəsində "qaz şirkətinə" çevrilib və Şahdənizdən başlanan yol onu həmçinin NƏQLETMƏ şirkətinə də çevirib. BP-nin Azərbaycan layihələrindəki qədər boru kəmərlərinə etdiyi investisiya hələ tarixində olmayıb - və hamısı da uğurlu layihələrdir. Qaz yaşıl enerjinin ilk komponenti sayılır. Buna görə də BP böyük ümidlə "Şəfəq" və "Asiman" strukturlarında kəşfiyyat işlərinə start verib və çoxmilyonlu investisiya proqramını heç pandemiya dövründə azaltmaq fikrində olmayıb. Çünki burada açılacaq yataq BP-nin və o cümlədən Azərbaycanın enerji bazarında mövqelərinin bərkidilməsi yönümündə ÇOX CİDDİ addım ola bilər. Yatağın açılma ehtimalı isə böyükdür. Bunu elə BP rəsmiləri bir neçə dəfə bəyan ediblər.

Sizə başqa bir maraqlı xəbər də deyim: 2020-ci ildə BP Xəzərdə digər xarici şirkətlərdən daha tez COVİD pandemiyasına reaksiya verdi və xərclərin optimallaşdırılması yönümündə ciddi addımlar atdı. Artıq ACG-dən hasil edilən neftin 1 barelinin maya dəyəri Ceyhanda tankerlərə vurulmaqla əvvəlki kimi 13,5 dollar ətrafında deyil, 10 dollara başa gəlir.

Bu cür aktivləri hansı şirkət ƏLİNDƏN buraxmağa razı olar? Özü də operator olan...
09.08.2020 22:38:00
Oxuma sayı: 93