Dövləti borc bataqlığına salan şirkətlər - siyahı + zərərin məbləği
Ölçü:


Prezident İlham Əliyev hökumətin onlayn iclasında dövlət şirkətlərinin fəaliyyətini sərt tənqid edib. Dövlət başçısı bildirib ki, büdcədən külli miqdarda investisiya dəstəyi alsalar da, bu qurumların büdcəyə faydası azdır.

Koordinat.az xəbər verir ki, prezident “AZAL” Dövlət Konserni, SOCAR, “Azərenerji” ASC, “Azərşıq” ASC və s. şirkətlərin fəaliyyətinin yarıtmaz olduğunu vurğulayıb. Baxmayaraq ki, hökumətin özünün də büdcə vəsaitlərini zəli kimi soran və mənimsəyən bu qurumların səmərəsiz fəaliyyətinə indiyədək niyə səssiz qalması xeyli suallar yaradır.

“Azərenerji”nin 2018-ci ildə 2,3 milyard manat...

Report.az-ın araşdırmasına görə, “Azərenerji” ASC-nin 2018-ci ilin yekununda 2 milyard 333 milyon manatdan çox yığılmış zərəri olub (2019-cu ilin maliyyə nəticələri hələ ki məlum deyil). Bu, 2017-ci ilin yekunu ilə müqayisədə 10% çoxdur. Başqa sözlə, səhmdar cəmiyyətin nizamnamə fonduna qoyulmuş 1 milyard 760 milyon manat vəsait havaya sovrulub, onu müflis olmaqdan isə 1 milyard 762 milyon manatlıq əlavə investisiya qoyuluşu xilas edib.

"Azərişıq” ASC-nin ötən il 385 milyon manatlıq zərəri

“Azərenerji”nin istehsal etdiyi enerjinin əsas alıcısı – “Azərişıq” ASC-nin də yığılmış zərəri az deyil. Bu rəqəm 2019-cu ildə təxminən 17% artaraq 385 milyon manatı keçib. Baxmayaraq ki, son illər ölkədə elektrik enerjisi tarifləri bir neçə dəfə artırılıb. Əgər 10-15 il bundan əvvəl Azərbaycan vətəndaşları enerjinin hər kilovat/saatına cəmi 2 qəpik ödəyirdilərsə, hazırda bu rəqəm 7-11 qəpikdir. Odur ki, enerji müəssisələrinin zərərlə işləməsi də narahatlıq doğurur.

AZAL: 1 milyard 434 milyon manat

Təyyarə parkı daimi yenilənən, ABŞ-a uçuşlar həyata keçirməsi ilə fəxr edən AZAL da dövlətə xeyir vermir. Milli aviadaşıyıcı 2018-2019-cu illərin maliyyə nəticələrini açıqlamasa da, 2017-ci ilin yekununda onun 1 milyard 434 milyon manat zərəri olub. Bu isə 2016-ci ilin yekunu ilə müqayisədə təxminən 3% çoxdur. Baxmayaraq ki, AZAL-la uçuş regionun digər ölkələrindən uçuşla müqayisədə xeyli baha başa gəlir və aviaşirkət sərnişin qıtlığı çəkmir. Bakı-Naxçıvan aviareysi üçün isə şirkətə dotasiya ödənilir. Dövlətın hesabına kapital qoyuluşu da öz yerində.

“Azərbaycan Dəmir Yolları”: 1 milyard 476 milyon manata

Son illər böyük investisiyaların axdığı “Azərbaycan Dəmir Yolları” QSC-nin də zərəri kifayət qədərdir. Qurum 2019-cu ilin maliyyə hesabatını verməsə də, 2018-ci ildə yığılmış zərəri təxminən 34% artaraq 1 milyard 476 milyon manata çatıb. Bu isə onun nizamnamə kapitalından (806 milyon manat) çoxdur və səhmdar cəmiyyəti 1 milyard 905 milyon manatlıq dövlət investisiyası hesabına ayaqda qalır. Halbuki, ötən illərdə Azərbaycanda dəmir yolları tarifləri də yerində saymayıb və təxminən 3 dəfə artırılıb. Məsələn, indi Bakıdan Böyükkəsiyə 10-15 il əvvəl olduğu kimi, plaskart tipli vaqonda 2 manata getmək mümkün deyil və azı 5-6 manat ödəmək lazımdır.


“Bakı Metropoliteni”: 482 milyon manat

“Bakı Metropoliteni” QSC də zərərlə işləyən dövlət şirkətlərindəndir. 2019-cu ildə onun yığılmış zərəri təxminən 13% artaraq 482 milyon manata çatıb. 2018-ci ildə metroda gediş haqqının təxminən 50% artırılaraq 30 qəpiyə çatdırılmasına baxmayaraq, qurumun maliyyə vəziyyətində ciddi irəliləyiş olmayıb və hər il büdcədən 50 milyon manata yaxın dotasiya almaqda davam edir.

“Azərsu”: 6 milyard 385 milyon

Nəqliyyat müəssisələri ilə yanaşı, kommunal müəssisələr də dövlətin üzərinə zərər yığmaqla məşğuldur. Məsələn, 2018-ci ilin yekununda “Azərsu” ASC-nin 6 milyard 385 milyon manat zərəri yığılıb ki, bu da 2017-ci ilin yekununa nisbətən təxminən 8% çoxdur (2019-cu ilin maliyyə nəticələri açıqlanmayıb). Nizamnamə kapitalı cəmi 400 milyon manat olan su-kanalizasiya təsərrüfatı qurumuna indiyə qədər 2 milyard 13 milyon manat əlavə kapital, 4 milyard 190 milyon manat dövlət investisiyası qoyulub. Baxmayaraq ki, 2017-ci ildən bəri Azərbaycanda əhaliyə satılan içməli suyun 1 kubmetrinin qiyməti təxminən 2 dəfə artırılaraq 35 qəpiyə, 1 kubmetr çirkab suyunun axıdılması xidmətinin qiyməti isə təxminən 4 dəfə artırılaraq 15 qəpiyə çatdırılıb.

“Azəristiliktəchizat”: 68 milyon manat

İstifadə etdiyi elektrik enerjisinə, qaza və suya görə borclarının olması tez-tez gündəmə gələn “Azəristiliktəchizat” ASC da zərər içində üzür. 2018-ci ilin yekununda bu qurumun yığılmış zərəri 68 milyon manatdan çox olub. 2019-cu ilin maliyyə nəticələri isə hələ ki məlum deyil.

Qeyd edək ki, adları çəkilən səhmdar cəmiyyətləri neft gəlirlərindən ən böyük pay alan dövlət şirkətləridir. Ölkənin xarici borclarının böyük bir hissəsini də onların dövlət zəmanəti ilə aldığı kreditlər təşkil edir.

Bu qədər vəsait xərcləndikdən sonra Azərbaycanda kommunal problemlər əsaslı şəkildə həll olunubmu?

Təəssüf ki, bu suala müsbət cavab vermək mümkün deyil. Məsələn, hazırda ölkənin ən aktual problemlərindən biri suvarma və içməli su çatışmazlığıdır. BMT-nin hesabatına görə, Azərbaycan içməli, keyfiyyətli su çatışmazlığı olan ölkələr sırasında 18-cidir. Yaxın illərdə bu problem daha da böyüyəcək. Aidiyyəti qurumlar indiyə qədər əldə etdikləri yüz milyonlarla dövlət investisiyası və xarici kreditlər hesabına problemi niyə həll edə bilməyiblər?

Yaxud ölkədə qazlaşmanın səviyyəsi 70 faizə çatmır, amma bu sahəyə indiyə qədər ayrılmiş vəsaitin həcmi milyardlarla ölçülür. Yanacaq təminatı bərbad haldadır. Azərbaycan neft ölkəsi olsa da, keyfiyyətli yanacaq xaricdən idxal olunur. Yerli istehsal olduqca bərbad haldadır. SOCAR əhaliyə Gürcüstanda, Ukraynada, Avropa ölkələrində satdığı yanacaqdan baha qiymətə və qat-qat aşağı keyfiyyətli yanacaq satır.

Elektrik təsərrüfatında vəziyyət ürəkaçan deyil. İri şəhərlərdə elektrik təminatı həll edilsə də, rayonlarda ucqar kəndlərin əksəriyyəti sovetdən qalmış dirəklər üzərinə bağlanan elektrik xətlərindən enerji alır.

Uzun illərdir media və ekspertlər dövlət şirkətlərinin korrupsiya yuvası olduğunu bildirir, kommunal sektorun özəlləşməyə çıxarılmasını, idarəçiliyinə ictimai nəzarətin təmin olunmasını təklif edirlər. Ortaya qalaq-qalaq hesabatlar, sənədlər, araşdırmalar qoyulub. Təsdiq olunub ki, büdcənin yükünə çevrilən, qeyri-şəffaf olan bu şirkətlərin ayaqda qalması ancaq onları idarə edən məmur oliqarxiyasının korrupsiya maraqlarına cavab verir. Dövlət bu yükdən imtina etməli, yerli və xarici investorları bu şirkətlərin özəlləşdirilməsinə cəlb etməlidir. Amma təəssüf ki, bu təkliflərin hamısı havada qalıb…

Ötən illər ərzində səhmdar cəmiyyətlərin korrupsiya mənbəyinə çevrilməsini elə nəzarətedici dövlət qurumları da sübut edib. Məsələn, Hesablama Palatasının AZAL-da apardığı yoxlamaların nəticələri haqqında 2018-ci il 30 yanvar tarixli rəyində  yazılıb:

“Auditlə avans qaydasında ödənişlərin həyata keçirilməsi səbəbindən əvvəlki illərdən qalan uzunmüddətli debitor borcların mövcud olması və əsasən hava gəmilərinin alınması ilə əlaqədar maliyyə-kredit təşkilatları qarşısındakı kreditor borcların artmasının likvidlik qabiliyyətinə mənfi təsir göstərməsi müəyyən edilib.

…Kommersiya fəaliyyətindən daxilolmalar, əsaslı vəsait qoyuluşu xərcləri hesabına dövlət büdcəsindən ayrılan vəsaitlər və cəlb olunan kredit vəsaitlərinin əsasən eyni hesablaşma hesabına mədaxil edilərək xərclənməsi müşahidə olunub ki, bu da vəsaitlərin təyinatı üzrə istifadəsində müəyyən risklərin yaranmasına səbəb olub”.

“Azərenerji” ASC-də aparılan yoxlamaların nəticələri barədə rəydə isə belə yazılıb: ““Azərenerji” ASC-nin maliyyə-təsərrüfat fəaliyyətinin auditi ilə gəlirlər və xərclər smetalarının aidiyyəti dövlət qurumları ilə razılaşdırılması, rentabelliyə mənfi təsir etməklə zərəri artıran amillərin qismən aradan qaldırılması imkanlarından istifadə olunması, aktivlərin, debitor və kreditor borcların uçotunun və hesabatlılığının təşkili, daxili audit sisteminin formalaşdırılması sahəsində bir sıra nöqsanlar aşkar olunub, elektrik enerjisinin satışı üzrə debitor borcların artması, müxtəlif mənbələr hesabına həyata keçirilən kapital qoyuluşlarından səmərəli istifadə olunmaması halları da müşahidə olunub…”

Qeyd edək ki, Hesablama Palatası adı çəkilən qurumlarda, habelə başqa dövlət şirkətlərində müxtəlif illərdə yoxlamalar aparıb, hamısında da demək olar, eyni qənaətə gəlib. Qurumun hesabatı nə qədər “yumşaq” yazılsa da, ASC-lərin qeyri-şəffaf fəaliyyəti ilə bağlı zəngin faktlarla doludur.

Buradan bir məsələ də aydın olur ki, hökumətdə nəinki medianın, müstəqil ekspertlərin, eləcə də maliyyə nəzarəti qurumlarının da  səhmdar cəmiyyətlərlə bağlı hesabatlarına əhəmiyyət verilməyib. Daha bir vacib məqam var: Nazirlər Kabineti, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi və s. qurumlar da dövlət şirkətlərinin səmərəsiz fəaliyyətinə seyrçi qalıblar. Prezident bu məsələni qaldırdıqdan sonra onların tənqidi hesabatları ard-arda düzülüb. Bəs, indiyə qədər dövləti borc bataqlığına salan, gəlir vermək əvəzinə, dövləti zəli kimi soran, bir dəstə məmuru regionun ən varlı oliqarxlarına çevirən bu səhmdar cəmiyyətləri haqda niyə bir kəlmə danışılmayıb?

Bundan sonra  dövlət şirkətlərinin qalıb-qalmayacağı məlum deyil. Prezidentin sərəncamı ilə yaradılan İnvestisiya Holdinqi ondan xəbər verir ki, səhmdar cəmiyyətlər yerli və xarici investorlar üçün özəlləşdirilməyə açılacaq. Bu prosesə də ictimai nəzarət, şəffaflıq lazımdır. Əks halda, indiki oliqarxiya başqa formada yenə kommunal sektoru ələ keçirəcək…

08.08.2020 16:01:49
Oxuma sayı: 33208