Sahibkarlar fəaliyyətin bərpasını xahiş edir
Ölçü:

Avqustun 5-də Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) Rəyasət Heyətinin onlayn video-konfrans formatında hesabat iclası keçirilib.

Koordinat.az
xəbər verir ki, iclasda ASK-nın 2020-ci ilin birinci yarısı ərzində gördüyü işlər, ən əsası - sahibkarlarları narahat edən məsələlər müzakirə edilib. İclasa sədrlik edən ASK-nın prezidenti Məmməd Musayev deyib ki, sahibkarlar pandemiya dövründə hökümət tərəfindən iqtisadi artıma və sahibkarlığa edilən güzəştlərdən razı qalıblar. 

Konfederasiyanın baş katib Kristina Məmmədova COVİD-19 pandemiyası dövründə ASK-nın iş rejimi, yeni üzvlər, sahibkarlardan daxil olan müraciət və təkliflərin məzmunu barədə məlumat verib. Konfederasiya prezidentinin baş məsləhətçisi Fərid Vəlizadə pandemiya dövründə sahibkarlarla keçirilən iclaslar, müzakirə olunan əsas mövzular və dövlət qurumları ilə ASK arasında mövcud olan Əməkdaşlıq Şuralarının fəaliyyəti haqqında hesabat verib.

Sonra sahibkarlar karantin dövründə biznesin genişləndirilməsi məsələsini müzakirə ediblər. “Azərsun Holdinq”in Müşahidə Şurasının sədri Abdulbari Gözəl prezident İlham Əliyevin su çatışmazlığının həlli ilə bağlı gördüyü işləri yüksək qiymətləndirib və bu işdə sahibkarların da fəal iştirak etməli olduğunu bildirişb. A.Gözəl həmçinin yeni iş yerlərinin yaradılması və əhalinin məşğulluğunun təmin edilməsi məqsədi ilə yerli istehsalın artırılmasının vacibliyini vurğulayıb.

ASK-nın vitse-prezidenti Vüqar Zeynalov maliyyə əlçatanlığı məsələsini gündəmə gətirmişdir. Yerli istehsala dəstək məqsədilə qanunvericilikdə dəyişikliklər edilməsi və bu dəyişiklərin çevik olması, dövlət-özəl dialoqunun dərinləşdirilməsi təklif olunmuşdur.

Rəyasət Heyətinin üzvü Səkinə Babayeva son dövrlərdə təhsil, turizm sektorunda çalışan qadın sahibkarların fəaliyyəti barədə məlumat vermişdir.

Sahibkarlar isə dövlət yardımlarına görə təşəkkür etsələr də, biznesin karantin şərtləri üzrə ciddi qaydalar çərçivəsində fəaliyyətini davam etdirməsini xahiş ediblər.

Video Konfransın sonunda qərara alınıb ki, ASK-nın Rəyasət Heyəti toplanan təklifləri İqtisadiyyat naziri Mikayıl Cabbarovun sədrliyi ilə keçiriləcək iclasa təqdim etsin.
07.08.2020 14:08:00
Oxuma sayı: 194