14 rayonda torpaqların elektron uçota alınması yekunlaşıb
Ölçü:


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 27 yanvar 2018-ci il tarixində ötən il ərzində görülmüş işlər və qarşıda duran vəzifələrə dair geniş müşavirə keçirilib.

Koordinat.az xəbər verir ki, Komitə sədri Kərəm Həsənov Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan məqsədyönlü siyasətdən, iqtisadi islahatlardan danışıb. O bildirib ki, 2017-ci ildə də islahatlar davam etməklə öz müsbət nəticələrini verib.

Strateji Yol Xəritələrinin 2017-ci ilin birinci yarısının monitorinq və qiymətləndirmə nəticələrində bütün istiqamətlər üzrə qiymətləndirilməsi aparılan 47 dövlət qurumu arasında Komitə 8-ci yeri tutmaqla, ümumi hədəflərin 53%-nin icrasını təmin edib. Komitə milli iqtisadiyyatın perspektivi üzrə isə Strateji Yol Xəritəsindən irəli gələn məsələləri 70% icra edib. Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyasının tərtib etdiyi ənənəvi illik «Doing Business 2018» hesabatında Azərbaycan əmlakın qeydiyyatının sadəliyinə görə daha bir pillə irəliləyərək 21-ci yerdə qərarlaşıb.

Bildirilib ki, ölkədə həyata keçirilən iqtisadi yeniliklər fonunda əmlak idarəçiliyi sahəsində də müasir idarəetmə texnologiyaları və innovativ yanaşmalar tətbiq edilmiş, xidmətlərdə ictimai məmnunluğun artırılması və şəffaflığın təmin edilməsi istiqamətində mühüm tədbirlər görülüb. Bunlardan biri özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracın istifadəyə verilməsidir. Elektron hərrac vasitəsilə ölkə vətəndaşları və iş adamları dünyanın istənilən nöqtəsindən özəlləşdirmə hərraclarına onlayn olaraq qatılıb dövlət əmlakının özəlləşdirilməsində iştirak edə bilirlər. Eyni zamanda vətəndaşlar üçün hərracları onlayn izləmək imkanları yaradılıb. Komitə tərəfindən özəlləşdirmənin sürətləndirilməsi ilə əlaqədar istifadəyə verilmiş “Özəlləşdirmə portalı”na ötən il ərzində 850 min baxış olub. Ümumilikdə fəaliyyətə başladığı dövrdən portala baxış sayı 1,2 milyonu keçib.

Yeniliklərdən biri daşınmaz əmlakın dövlət reyestrindən çıxarışların əhaliyə elektron formatda təqdim edilməsi imkanı oldu. Bununla vətəndaşlar daşınmaz əmlaklarına dair sənədi öz arzusuna görə elektron və ya kağız formada əldə edə bilir. Bundan başqa ötən il istifadəyə verilən “Çoxmərtəbəli yaşayış binasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almış mənzillərin mövcudluğu barədə məlumatların verilməsi” və “Mənzillərin alqı-satqı müqavilələri üzrə satış qiymətləri barədə məlumatların verilməsi” elektron xidmətləri vətəndaşların razılığına səbəb olub. Daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflıq və vətəndaş məmnunluğunu təmin edən, daşınmaz əmlakların sənədləşdirilməsi prosesində dövlət rüsumu və xidmət haqqı barədə elektron qaydada əvvəlcədən məlumat verən Əmlakın Qeydiyyatı Kalkulyatoru istifadəyə verilib.

2017-ci ilin fevral ayında vətəndaşların istifadəsinə verilən AzNav - ilk rəsmi naviqasiya sisteminin istifadəçilərinin sayı 270 mini keçib. "AzNav" ilk milli naviqasiya sistemi "MilliNet 2017" Milli İnternet Mükafatında E-gov Mobil tətbiqləri nominasiyası üzrə 2-ci yeri tutub.

Qeyd edilməlidir ki, Komitənin fəaliyyət sahələri üzrə təşkil edilmiş 37 elektron və onlayn xidmətlər vasitəsilə hüquqi və fiziki şəxslər tərəfindən 2017-ci il ərzində 180 mindən çox müraciət daxil olmuş və cavablandırılıb.

Bildirilib ki, ötən il ərzində keçirilmiş 20 “Kütləvi çıxarış” kampaniyasının 5-i paytaxt rayonlarında, 15-i isə respublikanın müxtəlif şəhər və rayonlarında baş tutub. Daşınmaz əmlakın qeydiyyatı ilə bağlı fəaliyyət göstərən mobil ofislər vasitəsilə 2017-ci il ərzində vətəndaşlardan 80 mindən çox müraciət qəbul olunub.

Komitənin çağrı mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə Komitənin aparatında müasir standartlara cavab verən 193 nömrəli vahid çağrı mərkəzi yaradılıb. Ötən il ərzində 193 saylı Vahid Çağrı Mərkəzi, Komitənin sosial şəbəkələri və internet resursları vasitəsilə onlayn olaraq vətəndaşlardan 5000-ə yaxın müraciət daxil olub və cavablandırılıb.

Komitənin təşkilatçılığı ilə 2017-ci ildə «Baku Expo Mərkəzi»ndə – “Azərbaycanın Beynəlxalq Daşınmaz Əmlak və İnvestisiya Sərgisi” keçirilmişdir. Sərgidə dünyanın 14 ölkəsindən olan 70-ə yaxın daşınmaz əmlak, nüfuzlu yerli və xarici investisiya şirkətlərinin 150-dən çox tikinti və inşaat layihəsi nümayiş edilib. Bununla yanaşı, sərgi çərçivəsində “Daşınmaz əmlak, özəlləşdirmə və investisiyalar” mövzusunda beynəlxalq konfrans da keçirilib.

2017-ci il ərzində dövlət əmlakının qorunub saxlanılması və ondan səmərəli istifadə olunması ilə bağlı müasir yanaşmalara əsasən onlayn rejimdə 5000-dən çox dövlət müəssisə və təşkilatlarından illik xüsusi hesabatlar elektron qaydada qəbul olunub və təhlil edilib.

Ölkə rəhbərliyi tərəfindən verilmiş tapşırıqlara əsasən yeni, müasir üsullar tətbiq edilməklə özəlləşdirilmə sürətləndirilir, prosedurlar elektronlaşdırılır. 2017-ci il ərzində dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı Bakı şəhəri və respublikanın digər şəhər və rayonları üzrə ümumilikdə 197 hərrac keçirilib. Bu dövrdə 877 dövlət əmlakı, o cümlədən torpaq sahələri və nəqliyyat vasitələri özəlləşdirilmişdir. Keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən müəssisələrə hesabat dövrü ərzində 6 milyon manat investisiya yatırılmış, 132 yeni iş yeri yaradılıb.

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq torpaqların elektron kadastr uçotunun aparılması, yerquruluşu, geodeziya istiqamətində işlər davam etdirilib. 2017-ci ildə 14 rayonda torpaqların elektron uçota alınması işi tam yekunlaşıb. Elektron kadastr uçot işi bitmiş rayonlardan il ərzində 13 rayonun hüdudları daxilində 337 bələdiyyə xəritələri hazırlanıb. 2017-ci ildə 760 mindən çox ərazidə irimiqyaslı çöl geobotaniki tədqiqatı işləri yerinə yetirilib. Azərbaycan Respublikası ərazisində geodeziya ölçü işlərində AzPOS sisteminin imkanları genişləndirilmiş və istifadəçilərin sayı artırılıb. Bu informasiya sistemi yüksək dəqiqlikli məlumatları emal etməklə, zaman-məkan daxilində qəbuledicilərin köməyi ilə koordinatları müəyyən edir. Vurğulanıb ki, respublikanın 52 şəhər və rayonu, o cümlədən, 156 qəsəbə və 1533 kənd yaşayış məntəqəsi üzrə 32 mindən artıq küçə və prospekt, 600 mindən artıq giriş ünvan nömrələri Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.

Ötən il ərzində uçot işləri aparılan 32 rayonda rayon icra hakimiyyətlərinin, bələdiyyələrin, torpaq istifadəçilərinin, mülkiyyətçilərinin iştirakı ilə geniş forumlar keçirilib.

Komitə tərəfindən torpaqların səmərəli istifadə olunması və mühafizəsinə nəzarət məqsədilə Bakı və regionlarda monitorinqlər və reydlərin keçirilməsi işləri davam etdirilib.

Hesabat dövrü ərzində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1103 hal üzrə inzibati protokollar tərtib olunub. Ümumilikdə indiyədək, 2200-ə yaxın inzibati protokol tərtib edilib.

Mşavirədə bildirilib ki, kənd təsərrüfatı məqsədi ilə 206 min hektara yaxın torpaq sahəsi hüquqi və fiziki şəxslərə icarəyə verilib. Aqrar sahənin inkişafı məqsədilə ötən il təyinatı dəyişdirilən 82 min hektar torpaq sahəsində 23 Aqropark yaradılıb. Bu dövrdə rayonlarda torpaq idarəçiliyi ilə bağlı 24 maarifləndirici İşgüzar Forumlar keçirilib.

Ötən il komitə bütün fəaliyyət sahəsində olduğu kimi daşınmaz əmlakın qeydiyyatı sahəsində də əlçatanlığın, optimallığın artırılması, prosedurların sadələşməsi, şəffaflığın təmin edilməsi istiqamətində mühüm işlər həyata keçirib. 2017-ci il ərzində ölkə üzrə 200 minə yaxın daşınmaz əmlak obyekti üzərində mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Bundan başqa 170 minə yaxın daşınmaz əmlakın texniki inventarlaşdırılması aparılıb və texniki pasport tərtib edilib.

Hesabat dövründə komitə fəaliyyətində effektivliyin yüksəldilməsi, təcrübə mübadiləsinin, kadr potensialının artırılması məqsədilə bir sıra qurumlarla əməkdaşlıq memorandumu imzalanıb. Fəaliyyət sahələri üzrə göstərilən xidmətlərdə şəffaflığın artırılması, birgə layihələrin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi arasında, özəlləşdirilmə prosesinə yerli investorların daha fəal cəlb edilməsi məqsədi ilə Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə anlaşma memorandumu imzalanıb.

Həmçinin 51 kənd rayonunda torpaq ehtiyatlarının elmi əsaslarla idarə edilməsi istiqamətində Azərbaycan Milli Elmlər Akademiyasının akademik Həsən Əliyev adına Coğrafiya İnstitutu ilə anlaşma memorandumu imzalanmışdır. Bundan başqa Azərbaycanda torpaqların elektron kadastr uçotu və rəqəmsal kadastr xəritələrinin yaradılmasında ölkəmizin kosmik imkanlarından - süni peyklərin məlumatlarından istifadə olunur. Bununla bağlı Komitə ilə “Azərkosmos” arasında anlaşma memorandumu imzalanıb. “Azərkosmos” ASC ilə imzalanmış müqaviləyə əsasən Şəki rayonu ərazisində torpaqların təyinatı üzrə istifadəsinin monitorinqi aparılıb.

2017-ci il ərzində komitənin inzibati binasında və regionlarda komitə rəhbərliyi, həmçinin komitənin strukturuna daxil olan və tabeliyində olan qurum rəhbərləri tərəfindən mütəmadi olaraq vətəndaş qəbulları keçirilmiş və ümumilikdə 10 min 755 nəfər qəbul edilib.

Müşavirənin sonunda Komitə sədri Kərəm Həsənov qarşıdakı fəaliyyətlə bağlı tapşırıqlarını səsləndirmişdir. Strateji Yol Xəritəsindən irəli gələn məsələlərin icrası ilə bağlı işlərin yerinə yetirilməsi və monitorinqlərdə əldə olunan göstəricinin daha da yüksək olması üçün lazımi tədbirlərin vaxtında görülməsi tapşırığını verib.
29.01.2018 11:08:04
Oxuma sayı: 1007