Sadəlövh insanlar dələduzlara niyə tez inanır?  - fəlsəfə doktoru yazır
Ölçü:


Sakit HÜSEYNOV,
AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri,
 fəlsəfə üzrə elmlər doktoru

Müasir dövrdə çox az adam tapılar ki, dələduzluq əməllərinin qurbanı olmasın. Dələduzluq halları Azərbaycan kimi yeni inkişaf mərhələsinə qədəm qoyan, demokratik cəmiyyət quruculuğunda ilk addımlarını atan ölkələr üçün daha xarakterikdir. Təkcə son illərin statistikasına baxsaq görərik ki, Azərbaycan məhkəmələrinin icraatında olan və ya haqqında qərar çıxarılmış işlər arasında dələduzluğa görə cinayətlərin sayı daha çoxdur. Dələduzluq halları üzrə qeydə alınmış və məhkəmə predmeti olmuş cinayətlər arasında isə bir qayda olaraq daşınmaz əmlakların alqı-satqısı, işə qəbul, borcalma ilə əlaqədar adadılma kimi cinayət əməlləri üstünlük təşkil edir.

Bəs, bu və ya digər dələduzluq halları necə baş verir? Bu əməllərin sahibləri niyə belə qədər asanlıqla insanların özlərinin aldadıcı hərəkətlərinin toruna sala bilir? Dələduzluq əməllərinin Azərbaycan kimi ölkələrdə daha geniş yayılmasına səbəb nədir?

Koordinat.az xəbər verir ki, AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, fəlsəfə üzrə elmlər doktoru Sakit Hüseynov bu mövzuya dair hazırladığı məqaləsə dələduzun sosial-psixoloji portretini "cızıb". Məqalədə müasir dövrün bəlası olan dələduzluğun meydana gəlməsinə təsir edən sosial amillərdən və şəraitdən də bəhs olunur.

Fəlsəfə doktoru "Özümüzü dələduzluqdan necə qoruyaq? sualına da aydınlıq gətirir. Bir neçə gün əvvəl həmin məqalənin birinci hissəsini oxucuların ixtiyarına vermişdik. İndi isə geniş oxucu kütləsinin böyük maraqla izlədiyi məqalənin ikinci hissəsini də təqdim edirik:

(Əvvəli bu linkdə: http://koordinat.az/meqale.php?id=26235)


VI Dələduzlara aldananların psixologiyası

Sosioloji müşahidələr göstərir ki, dələduzlar (“moşennik”lər) öz qurbanlarını seçərək əvvəlcə onlarla ünsiyyət yaradır, onlara sanki mehribanlıq göstərir, sonra isə onların psixologiyasını, xarakterini, maraq dairəsini dərindən öyrənərək onları özlərinə inandırır, sonra isə öz qurbanlarından müxtəlif məqsədlər üçün istifadə edirlər.

Dələduzlara (“moşennik”lərə) aldananların psixologiyasında əsas məsələ inam məsələsidir. Yəni zərərçəkənin psixologiyasında yaranan dəyişiklik dələduza çox asanlıqla inanmaqdır. Zərərçəkən dələduza inanan kimi onun təsirinə düşür və onun müxtəlif tapşırıqlarını yerinə yetirməyə başlayır. Bundan sonra dələduzlar şikarlarından öz məkrli məqsədləri üçün istifadə etməyə başlayırlar. Məsələn, dələduzlar qurbanlarının bəzilərindən informasiya mənbəyi kimi istifadə edir, bəzilərini məharətlə öz çirkin əməllərinə qoşur, bəzilərindən isə kimlərinsə üzünə durmaq və kimlərisə şantaj etmək üçün istifadə edirlər.

Son vaxtlar ən çox yayılmış dələduzluq növlərindən biri – aldatma yolu ilə başqasının əmlakını ələ keçirmə, bir mənzili bir neçə adama satmaq, kimlərdənsə böyük miqdarda borc alıb-qaytarmamaq, kimlərinsə adına banklardan kredit götürüb əvəzini ödəməmək və s. Yəni peşəkar dələduzlar öz qurbanlarından öz cinayət məqsədini həyata keçirmək üçün müəyyən vasitə kimi istifadə edirlər.

Bu məqalədə dələduzun sosial-psixoloji portretini təsvir edərkən vaxtilə (2013-2016-cı illərdə) AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunda aparıcı elmi işçi kimi çalışan, özünü hər yerdə yalandan “hüquq elmləri doktoru” kimi təqdim edən, əslində isə texnika elmləri namizədi olan Xaliq Mehman oğlu Əhmədzadə gözümüzün önünə gəlir. Adı bir çox qalmaqallarda hallanan Xaliq Əhmədzadə 2017-ci ilin yanvar ayının 16-da institutda işdən çıxarılıb, hazırda isə dələduzluqda təqsirləndirilərək barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 4 (dörd) aylıq həbs qətimkan tədbiri seçilib.

Biz inanırıq ki, hər kəs törətdiyi əmələ görə öz cəzasını alacaq. Eyni zamanda vaxtilə Xaliq Əhmədzadənin “pafoslu çıxışlarına” qulaq asıb onu dəstəkləyənlər, onun yalançı vədlərinə inanaraq vəzifə gözləyən sadəlövh insanlar görəsən, indi nə düşünürlər?  Biz əminik ki, həmin adamlar bu yazını oxuyandan sonra etdikləri səhvlərinə görə peşiman olaraq öz əməllərindən xəcalət çəkəcəklər. Lakin Xaliq Əhmədzadəyə inanan və onun qanunazidd əməllərinə dəstək verən İnstitutumuzun bəzi əməkdaşlarının adlarını mən bu məqalədə çəkmək istəmədim. Çünki... Onların adlarını çəkməməyim həmin adamların uzun illər kollektivimizdə birgə işləməyimizlə əlaqədardır. Əminəm ki, bu məqaləni oxuyanların əksəriyyəti bundan özləri üçün ibrət dərsi götürəcəklər. Digər tərəfdən hiyləgər, yalançı, namərd, əxlaqsız, eyni zamanda cəmiyyətimizə və dövlətçiliyimizə ziyan vuran peşəkar dələduzların əməllərinə dəstək verən insanlar bir daha onun kimilərin təsiri altına düşməyəcəklər. Yəqin ki, hər hansı bir kollektivdə belə hallar baş verərsə, bu cür dələdüzların əməllərinə dözməyərək onların dələduz davranışlarına qarşı mübarizə aparacaqlar. Çünki ən azından bu məsələ hər bir insanın vicdan məsələsidir.
03.10.2017 12:20:28
Oxuma sayı: 751