Həbs olunan ər-arvadın himayəçisi - Gömrük generalının adı casus qalmaqalında
Ölçü:

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX)  casusluq formasında dövlətə xəyanət etmələrinə əsaslı şübhələrlə həbs etdiyi ər-arvad - Abbasquliyev Həbib Əbil oğlu və Abbasquliyeva Lamiyə Elxan qızı barəsində yeni məlumatlar üzə çıxıb. Belə ki, ər-arvadın həbsindən dərhal sonra Abbasquliyeva Lamiyə Elxan qızının Dövlət Gömrük Komitəsinin rəhbərliyində təmsil olunan bir şəxsin yaxın qohumu olması haqda məlumat yayıldı.

Koordinat.az xəbər verir ki, yayılan məlumatlarda Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini, general-mayor Hüseynov İsmayıl Xəlil oğlu casusların qohumudur. Onun adı bir neçə qalmaqalda hallandırılıb. Əslən Naxçıvandan olan İsmayıl Hüseynov ilk ali təhsilini Naxçıvan Dövlət Universitetində alıb və buranı 1996-cı ildə bitirsə də, gömrük orqanlarında 1995-ci ildən xidmət edir. Ötən 24 il ərzində İsmayıl Hüseynov Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin Culfa Gömrük İdarəsində Maliyyə-tarif şöbəsinin inspektoru vəzifəsindən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsinə qədər yüksələ bilib.

Sfera.az-ın yaydığı məlumata görə, casusluqda ittiham edilən Lamiyə Abbasquliyevanın qardaşı Emin Hacıyev də Dövlət Gömrük Komitəsinin əməkdaşıdır. Maraqlıdır ki, onun burada işə düzəlməsində yaxın qohumu Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov həlledici rol oynayıb.

DGK-nin sədrinin birinci müavini İsmayıl Hüseynovun bibisi oğlu olan Emin Hacıyevin hazırda axtarışa verildiyi bildirilir. Məlumata görə, İsmayıl Hüseynov bibisi oğlunu Bakı Baş Gömrük İdarəsində işə düzəldibmiş. Emin Hacıyev burada işlədiyi 25 gün ərzində 1 300 000 manat yeyintiyə yol verib. Bir çox sahibkarlarla da aralarında pul mübahisəsi olduğu bildirilir.
04.08.2020 12:09:00
Oxuma sayı: 300