Elman Rüstəmovdan bağlanmış banklara ittiham: “Əhalini aldadırlar”
Ölçü:


Bir neçə gün əvvəl fəaliyyəti dayandırılmış banklarda əmənatələri bloklanmış vətəndaşlar Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçirmişdi.

Koordinat.az xəbər verir ki, Mərkəzi Bankın sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında baş verənlərə aydınlıq gətirib. Əvvəlcə “AtaBank”dan başlayan Elman Rütəmovun sözlərinə görə, bu bankda baş verənlər nəzarət hüquqları Mərkəzdə Bankda olmayan dövrə təsadüf edir.

Daha sonra “NBCBank”dan danışan Elman Rüstəmov deyib ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank birləşəndən sonra ilk növbədə sözügedən bankın kapitalı diqqət cəlb edib. “Gördük ki, bank zəifdir, hesabatları verdiyi kapitalların səviyyəsinə görə həqiqətə uyğun deyil. Yoxlama zamanı da məlum oldu ki, təsis tədbirinə baxmayaraq, bank əmanətləri qəbul etməkdə davam edir. Görünür ki, bankın maliyyə vəziyyətinə görə likvidlik problemi olub, lakin bunu tam şəkildə hesabatlardan gizlədib”, - deyə Mərkəzi Bankın sədri bildirib.

Elman Rüstəmov əlavə edib ki, bundan sonra əmanətlərin qəbulunu qadağan etsələr də, növbəti yoxlama zamanı prosesin davam etdiyinin şahidi olublar. “Bankın lisenziyası geri çağırılanda bu faktor da mühüm rol oynadı. Bu o deməkdir ki, bank requlyatorun, yəni dövlətin tələblərinə cavab vermir, bundan imtina edir və çox riskli əməliyyatlar aparır, bütövlükdə əhalini, maliyyə xidməti göstərdiyi insanları aldadır. Bu, olduqca ciddi pozuntudur. Təbii ki, lisenziya geri alınarkən bu, nəzərə alındı”, - deyə o vurğulayıb.

“AGBank”a gəlincə, Elman Rüstəmov burada vəziyyətin daha da mürəkkəb olduğunu bildirib. Onun sözlərinə görə, “AGBank”da qorunan əmanətlərin səviyyəsi limitdən əhəmiyyətli dərəcədə aşağıdır: “Amma bütövlükdə müəyyən qorunan əmanətlər formasında digər əmanət formasını elə qəbul edirlər, əhali ilə bağladıqları müqaviləyə elə şərtlər qoyurlar ki, faktiki olaraq bu, qorunan əmanət statusu alır. Ancaq bütün hesabat verməni pozaraq, bütövlükdə bunu qorunmayan əmanət kimi nəzərə alırlar və qorunan əmanətin ümumi limiti aşağı görünür. Burada söhbət minlərlə, on minlərlə müqavilədən gedir. Təbii ki, bu proses ancaq konkret yoxlama zamanı ortaya çıxır. Bankların bağlanma prosesində bütövlükdə ADİF tərəfindən hər bir müqavilə inventarlaşdırılır – bu, qorunan əmanətdir, qorunan əmanət deyil. Bu proses zamanı da bildiyimiz problem ortaya çıxdı”.

Mərkəzi Bank sədri qeyd edib ki, baş verənlərlə əlaqədar hökumətə müraciət olunub. Hökumət isə Konstitusiya Məhkəməsinə müraciət edib: “Məhkəmə oldu və Mərkəzi Banka da, ADİF-ə də müraciət edildi. Biz təbii ki, müraciətə əhalinin mənafeyini qoruyan ətraflı rəylə cavab verdik. Hesab edirəm ki, əhalinin burda heç bir günahı yozdur. Bank menecerləri, bank sahibləri əhalini aldatmışdı, günahkar da onlardır. Ona görə də biz Konstitusiya Məhkəməsi qarşısında ekspert kimi də, bu istiqamətdə nəzarət göstərən orqanlar kimi də bildirdik ki, biz düşünürük ki, əhalinin hüquqları bərpa olunmalıdır. Konstitusiya Məhkəməsi ilə daim kontaktdayıq. Hazırda daxili prosedurlar gedir. Prosedur 1 həftə -10 gün çəkə bilər. Biz çox pozitiv və nikbin qərara ümid edirik. Sadəcə, əhaliyə müraciət etmək istəyirəm ki, təmkinli olmaq lazımdır. Təbii ki, onlar narahatdırlar, biz onların narahatlığını başa düşürük. Artıq prosesin sonundayıq. Məhkəmə artıq olub. Biz əminik ki, bu yaxınlarda pozitiv qərarla tanış olacağıq və bundan sonra çox qısa müddətdə bu insanların da – təxminən 1300 nəfərdən çox insanın öz əmanətlərinə çıxış imkanını təmin edəcəyimizə inanıram”.  

“ATABank”, “NBCBank” və “AGBank” bu ilin mayında bağlanıb. Banklar fəaliyyətini dayandırandan sonra vətəndaşların oradakı əmanətləri bloklanıb.

30.07.2020 17:32:00
Oxuma sayı: 82