Rusiyalı döyüşçülərin Belarusda terror hazırladığı təsdiqləndi - cinayət işi açıldı
Ölçü:


Belarusda yaxalanan Rusiya vətəndaşlarına terror hazırlığı ittihamı ilə cinayət işi açılıb. Bu barədə Belarus Təhlükəsizlik Şurasının katibi Andrey Ravkov açıqlama verib.

Koordinat.az xəbər verir ki, Ravkov Cinayət Məcəlləsinin 290-cı maddəsi ilə (terror aktının hazırlanması) cinayət işinə başladıqlarını, 33 nəfərin saxlanıldığını, qalan 170 nəfərin axtarışlarına davam etdiklərini söyləyib. O, qeyd edib ki, yaxalanan“Vaqner” üzvlərindən 14-ü Donbasda döyüşüb: “Bu adamların sorğuları əsasında artıq məlumdur ki, onlardan 14-ü Donbasda olub. Bu səbəbdən Ukrayna səfirini də iş üzrə dəvət edəcəyik”.

Andrey Ravkov bu gün səhər Mərkəzi Seçki Komissiyasında prezidentliyə namizədlərlə təcili görüş keçirib. O bildirib ki, namizədlərin görüşləri və mitinqlərində təhlükəsizlik tədbirləri gücləndiriləcək. Aksiyaların keçirildiyi yerlər metal çərçivələrlə əhatəyə alınacaq. A.Ravkov xəbərdarlıq edib ki, zərurət olarsa, internet söndürüləcək. Onun sözlərinə görə, təxribat və snayper fəaliyyəti üzrə təlim almış 170 döyüşçü hələ ölkədədir və risk davam edir.

Baş verənlərlə əlaqədar Rusiya səfiri Dmitri Mezentsev Belarus XİN-ə çağırılıb. Prezident Aleksandr Lukaşenko Rusiyadan izahat gözlədiklərini deyib. “Mən rusiyalıların reaksiyalarına baxıram. Onlar artıq özlərinə bəraət qazandırmaq üçün az qala deməyə çalışırlar ki, bu adamları guya biz özümüz bura gətirmişik. Aydındır, öz çirkin niyyətlərinə hansısa şəkildə bəraət tapmalıdırlar. Əgər saxlanılanlar Rusiya vətəndaşıdırsa, dərhal Rusiya Federasiyasının müvafiq strukturlarına müraciət etmək lazımdır ki, onlar nə baş verdiyini izah etsinlər”, – deyə Lukaşenko Təhlükəsizlik Şurasının fövqəladə toplantısında çıxış edərkən bildirib.

Ukrayna XİN faktla bağlı rəsmi açıqlama yayaraq Belarusda yaxalanan və Donbasda döyüşmüş şəxslərin ekstradisiyası barədə məsələ qaldıra biləcəklərini açıqlayıb: “Mümkün ekstradisiya və ya digər hüquqi addımlar barədə məsələ müvafiq hüquq-mühafizə və xüsusi orqanlar tərəfindən həll ediləcək. Ukrayna hadisələri diqqətlə izləyir”.

Xatırladaq ki, iyulun 29-da Rusiyanın “Vaqner” özəl hərb şirkətinin 33 döyüşçüsü Belarus Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” xüsusi təyinatlı dəstəsi və OMON-un keçirdiyi xüsusi əməliyyat nəticəsində Minsk şəhəri yaxınlığında həbs olunub. Məlumata görə, rusiyalılar iyulun 24-dən 25-nə keçən gecə Minskə gələrək otellərdən birinə yerləşiblər, lakin ayın 27-də paytaxt yaxınlığındakı sanatoriyaya gediblər. Rəsmi xəbər agentliyi BELTA əməliyyatın fotolarını və yaxalanan 33 nəfərin siyahısını da yayıb.

30.07.2020 13:19:00
Oxuma sayı: 256