Zəngilan rayon 33 saylı məktəbdə qalmaqal - valideynlər uşaqlarını məktəbə buraxmadı - FOTOLAR
Ölçü:

Bu gün səhər Abşeron rayonunun Masazır qəsəbəsindəki Zəngilan 33 saylı məktəbin 3-cü sinif şagirdləri dərsə girməkdən imtina edib. Buna səbəb Təhsil Nazirliyinin məktəbə göndərdiyi ibtidai sinif müəllimi ilə bağlı yaranan narazılıqlardır.

Koordinat.az xəbər verir ki, valideynlər heç bir səbəb göstərilmədən 3-b sinfinin 10 ildir bu məktəbdə çalışan İlahə Məmmədova adlı müəllimdən alınıb Təhsil Nazirliyinin yeni göndərdiyi müəllmə verilməsi ilə razılaşmaq istəmirlər. Onlar bildirirlər ki, 10 ildən çoxdur bu məktəbdə çalışan İlahə Məmmədovanın gənc və təcrübəsiz müəllimlə əvəzlənməsi uşaqların psixoloji durumuna və təhsilinə mənfi təsir edir. Qeyd olunur ki, şagirdlər özləri də məktəbə qədəm qoyduqları ilk gündən dərs aldıqları müəllimin başqası ilə əvəz olunmasını istəmirlər.

Son bir neçə gündə məktəbdə müşahidə olunan narazılıqlar bu gün bir qədər də gərginləşib. Belə ki, bu gün səhər uşaqlarını məktəbə aparan valideynlərə 3-b sinfinə öz müəllimlərinin deyil, yeni göndərilən müəllim dərs deyəcəyi söylənilib. Valideynlər isə buna etiraz edərək uşaqları məktəbə buraxmayıblar. İş o yerə çatıb ki, məktəb direktoru da bu narazılığın qarşısını ala bilməyib. Valideynlər tələb ediblər ki, hazırkı müəllim İlahə Məmmədova sinif otağına daxil olmayınca uşaqları içəri buraxmayacaqlar.

Maraqlıdır ki, Təhsil Nazirliyinin göndərdiyi gənc müəllimə sinfə daxil olaraq 3-b sinif şagirdlərinə onun dərs keçəcəyini israrla söyləyib: "Mənə tapşırıblar ki, sinifdən bayıra çıxma. Mən 3-b sinfində oxuyan şagirdləri gözləyirəm, bundan sonra bu sinfə mən dərs deyəcəyəm".

Zəngilan rayon 33 saylı tam orta məktəbin direktoru Ərşad Piriyev də Təhsil Nazirliyinin göndərdiyi gənc müəllimin dediklərini təsdiqləyib. Onun sözlərinə görə, məktəbdə ibtidai sinif müəllimliyinə vakant yerin olmamasına baxmayaraq Təhsil Nazirliyi bu məktəbə əlavə olaraq 2 nəfər ibtidai sinif müəllimi göndərib: "Bu iş mənlik deyil, Təhsil Nazirliyi təzə müəllim göndərib, yerləşdirməliyəm".

Bundan sonra valideynlər uşaqları da özləri ilə götürərək Zəngilan Rayon İcra Hakimiyyətinə doğru yürüş ediblər. Burada valideynləri icra hakimiyyətinin nümayəndəsi qarşılayıb. Narazılıqların səbəbini aydınlaşdırmaq məqəsdilə valideynlərdən bir neçəsi icəri dəvət edilib. İcra hakimiyyətində valideynlərin şikayəti dinlənilib və bildirilib ki, 10 ildən artıq müddətdə ibtidai sinif müəllimi işləyən İlahə Məmmədovanın sinfinin əlindən alınmasının səbəbi müəyyənləşdirilməli və bu barədə valideynlərə izahat verilməlidir. Bu məqsədlə icra hakimiyyətinin nümayəndəsi valideynlərin yanında Zəngilan Rayon Təhsil Şöbəsinin müdiri Zakir İbrahimova zəng edərək məsələnin ciddi şəkildə araşdırılmasını, narazılıqları aradan qaldırmağı tapşırıb. Zakir İbrahimov isə 33 saylı orta məktəbdəki vəziyyətdən xəbərdar olduğunu, təhsil müəssisəsinin direktoru ilə təcili danışaraq məsələnin yoluna qoyulacağını bildirib.

"Zakir İbrahimov bizə söz verdi və əminliklə dedi ki, bizim uşaqlara dərsi hazırkı müəllim İlahə Məmmədova özü deyəcək. Təhsil Nazirliyinin göndərdiyi müəllim isə məsələ aydınlaşdırılandək sinfə buraxılmayacaq. Ona görə də valideynlərdən xahiş edildi ki, gələn həftənin 1-ci gününədək narazılıq olunmasın, uşaqları məktəbə buraxaq ki, bu müddət ərzində aidiyyəti qurumlar məsələni müzakirə edib yekun qərar versinlər. Amma biz Rayon Təhsil Şöbəsinin bu təklifi ilə razılaşmadıq. Çünki onların əvvəldən hər şeydən xəbərləri var idi və bilirdilər ki, vakant yer olmadığı halda Təhsil Nazirliyinin məktəbə əlavə müəllim göndərməsi narazılıq yaradacaq. İndi isə bu yalanların üstü açılıb və Təhsil Nazirliyinin göndərdiyi müəllimin əslində hansı ştatda işləməli olduğunu, yaxud geri qaytarılacağını gizlətmək mümkün olmayacaq" - deyə valideynlər bildiriblər.



28.09.2017 14:30:34
Oxuma sayı: 869