Tanınmış ictimaiyyət nümayəndəsindən yeni təhsil nazirinə tövsiyə
Ölçü:

Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla bu ilin yanvarından Təhsil İnstitutunun direktoru vəzifəsində çalışan Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin olunub.

Koordinat.az xəbər verir ki, 38 yaşlı Emin Əmrullayevin təhsil naziri təyin olunması  sosial şəbəkədə geniş müzakirə mövzusuna çevrilib. Görünən odur ki, belə bir şəxsin təhsil naziri təyin olunması təhsilin inkişafı baxımından cəmiyyətin ona inamı yüksəkdir.
Əslən Quba rayonundan olan yeni nazirin xaricdə təhsil alması, Vaşinqton Universitetində magistratura üzrə menecerlik ixtisasına yiyələnməsi, bütün fəaliyyətinin təhsil sisteminə bağlı olması onun yeni vəzifədə təhsilimizə uğur gətirə biləcəyinə böyük ümidlər yaradıb.

Tanınmış ictimai xadim, Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı isə cəmiyyətin bu gözləntilərinə rəğmən, özünün "Facebook" səhifəsində yeni təhsil nazirinə öz tövsiyələrini ünvanlayıb:
"Təhsilin özəyi birinci müəllimdir. Onların işə münasibətini, bilik və bacarıqlarını, işə yanğısını artırmadan heç nə olmayacaq.
Fasiləsiz təkmilləşdirmə, fasiləsiz təlimləndirmə. Online.
Hər testdən sonra maaşı qalxır müəllimin. 1000 manat və daha artıq. 300-400 manatlıq müəllimin təhsili də elə bu gündə olar.

Müəllimləri direktorların qarşısında dövşan kimi durmaq halından qurtarın. Seçki saxtakarlıqlarında alət etməkdən də. Mənliyi, qüruru aşağılanan şəxs normal vətəndaş yetişdirə bilməyəcək. Mənəviyyatsız şəxslərin verdiyi biliklə şeytan yetişdirmək olar.

Dərsliklər
Bunları korrupsiya mənbəyi olmaqdan azad edin, nəhayət. Tenderləri, seçimləri şəffaflaşdırın. Qərarlarınızı şərh edin. Təhsili aşağı keyfiyyətli, saxta propoqanda məzmunlu çayırdan, alaq otlarından azad edin. Yaxşı dərs vəsaitləri və yaxşı metodologiyalar gətirin.

COVİİD-19 tez gedən deyil. Təhsil sisteminin maksimum tez vaxtda online yükünü artırın. Müəllimləri, uşaqları və dərslik və vəsaitləri tam olaraq online sistemə keçirin. Yoxsul ailələrin uşaqlarına kompüter almalarını, İnternetlə təmin olunmalarını təmin edin. Yardım və promotionlar edin.

Məktəblərin saxlanması, təmiri, tikintisi, avadanlıqlarla təmini sahəsində tenderlərin şəffaflığını tam təmin edin.
Ucqar yerlərdə pis gündə olan məktəbləri yeniləriylə əvəz edin.

Nəhayət, təhsilin idarə olunmasını, direktorların, təhsil idarə rəhbərlərinin seçilib təyin olunması sistemini şəffaflaşdırın. Onların müəllimlərin ağası, uşaqların təpəgözü, İBaşıların (icra başçıları - red.)əlaltısı və korrupsiya qaynağı rolunu oynamasına rəvac verən sistemi dağıdın.

Uğur arzulayıram sizə!

27.07.2020 20:36:19
Oxuma sayı: 86