Son günlər baş verənlərin xronoloji ardıcıllığı - hərbi blogerin qeydi
Ölçü:

Hərbi bloger Tofiq Şahmuradov işğalçı Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatlar fonunda son günlər baş verən hadisələrin qısa xronikasını hazırlayıb.

Koordinat.az xəbər verir ki, tanınmış blogerin "Facebook" səhifəsində yaydığı xronikada general Polad Həşimovun şəhid olması ilə bağlı məlumat xüsusilə diqqəti çəlb edib. Belə ki, hərbi bloger generalın hələ bir gün əvvəl şəhid olması barədə şayiə yayıldığına, ertəsi gün səhər saatlarında isə onun hərəkətdə olan hərbi "sanitarka" maşınının dəqiqliklə vurulmasına və şəhid olmasına diqqət çəkib.

Müəllif hadisələrin qısa xronoloji ardıcıllığını belə sıralayıb:
1. Ermənistanın qəfil Azərbaycana yeni ərazi iddiaları (Ağcakəndlə bağlı)
 Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı biabırçı cavabı, mövqesizliyi
2. Ermənilərin ərazi iddiaları ilə bağlı səsləndirdikləri iddialardan sonra Goranboy-Ağcakənd istiqamətinə arxadan xeyli qüvvə yığmaları
3. Ermənilərin bu istiqamətdə qüvvə yığmasından sonra sosial şəbəkələrdə, "Whatsapp"da, insanlar arasında müxtəlif şayiələrin yayılması (guya, Ağdamda, Ağcakəndə, Tapqaraqoyunluda, Murovda postlarımızı tutublar, 10-dan çox əsgərin başın kəsiblər və s). Cəmiyyətdə ciddi narahatlıq,panikanın yaradılması
4. Ermənilərin qəfil Tovuz istiqamətində postumuza basqını, hərbçilərimizin şəhid olması, döyüşlərin başlanması
5. Tovuzda döyüşlərin ilk günündə axşam general Polad Həşimovun şəhid olması şayiəsinin buraxılması
6. Səhər saatlarında Polad Həşimovun hərəkət etdiyi "sanitarka" maşınının dəqiqliklə vurulması, şəhid edilməsi
7. Azərbaycan ordusunun israrla Qarabağa döyüşə girilməsinin vacibliyi ilə bağlı cəmiyyətdə birmənalı fikrin formalaşdırılması (hansı ki, orada bizi katastrovik vəziyyət gözləyirdi, düşmən tam hazır vəziyyətdə gözləyirdi, bu məsələnin detallarını vaxtı gələndə deyəcəyəm)
8. Ali Baş Komandan İlham Əliyevin ”Biz lazım olan addımları atırıq və atacağıq. Mən hələlik bundan artıq nəsə demək istəmirəm. Azərbaycanda hadisələri qabaqlamağı hec kimə məsləhət görmürəm, buna ehtiyac yoxdu. Bu, zərərli ola bilər” bəyanatı
9. Tovuzda döyüşlər gedərkən Xarici İşlər Nazirliyinin mövqesizliyi, fəaliyyətsizliyi
10. Ali Baş Komandanın "Bəzi diplomatlar arasında dövlətə xəyanət edənlər var" deməsi, Elmar Məmmədyarovun işdən azad edilməsi ("İçimizdəki xainlərdən birinin başının vurulması" deyərdim buna)
11. Bu gün SOCAR-ın vitse-prezidenti Elşad Nəsirovun açıqlaması
12. Azərbaycanın bir necə aylıq fasilədən sonra bu gündən Bakı-Novorosiyski kəməri ilə qaz-neft nəqlini bərpa etməsi.

Bloger qısa xronologiyanın altından belə bir qeyd də yazıb: "Bu hadisələri təhlil edərkən hər şey aydın olur. Hazırda dövlətimiz ağır və çətin dönəmdən keçir, çox ciddi təhdidlərlə üzbə-üzə qaldığımız göz önündədi. Bu yolda yeganə nicat yolu dövlətimizin arxasında möhkəm durmaq, Ali Baş Komandanın ətrafında sıx birləşməkdi. Ölkədə xaosun yaradılmasına imkan vermək olmaz! Görünən odur ki hələ qarşıdakı 3 ay sancılı kecəcək".
17.07.2020 22:40:00
Oxuma sayı: 260