Amerikalı musiqiçilər Üzeyir bəyin əsərlərini səsləndirəcək
Ölçü:

Bu ilin sentyabr ayında dahi Üzeyir Hacıbəylinin ən populyar musiqi nümunələri Amerikalı musiqiçilərin ifasında təqdim ediləcək. Bu, “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai Birliyinin həyata keçiridyi “Dünyanı heyrətləndirən musiqi” layihəsi çərçivəsində mümkün olacaq.

Bu barədə Koordinat.az-a ictimai birliyin sədri Şəhla Nağıyeva məlumat verib.
Onun sözlərinə görə, artıq Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirilən yeni layihənin icrasına başlanılıb. Layihə dahi Üzeyir Hacıbəylinin anadan olmasının 135 illiyinə həsr edilir. 

Layihə çərçivəsində ABŞ-dakı Vaşinqton Beynəlxalq Piano İncəsənəti Şurası və Amerika-Azərbaycan Musiqi Fondunun təşkilati dəstəyi ilə bəstəkarın əsərlərinin amerikalı və azərbaycanlı  musiqiçilərin ifasında onlayn səsləndirilməsi və sonra bu konsertin video-çarxının hazırlanması nəzərdə tutulur.

Layihənin uğurla həyata keçirilməsi məqsədilə Azərbaycan Milli Konservatoriyasının mütəxəssislərinin, eləcə də digər tanınmış musiqiçilərin köməyindən istifadə olunur.
Ş.Nağıyeva əmin olduğunu bildirib ki, bu layihə koronavirus pandemiyası şəraitində evdə qalan musiqi həvəskarlarının, eləcə də geniş ictimaiyyətin marağına səbəb olacaq. Çünki böyük Üzeyir bəyin əsərlərini bu dəfə nəinki Azərbayacan musiqiçiləri, həm də Amerika musiqiçiləri ifa edəcək.

16.07.2020 13:23:00
Oxuma sayı: 8644