Ermənistan hazırkı təxribatına son qoymayacaqsa...
Ölçü:

Respublikaçı Alternativ Partiyasının rəhbəri İlqar Məmmədov Tovuz rayonu istiqamətində başlayan döyüşlərlə bağlı mövqeyini bildirib.

Koordinat.az xəbər verir ki, REAL sədri İlqar Məmmədovun fikrincə, Ermənistan Tovuz istiqamətində təxribatına son qoymasa, cavabını həm də Qarabağda almalıdır:
“Üç gündür müharibə gedir, amma Qarabağda bir güllə atılmayıb. İşğal olunmuş ərazilərdə qurulan rejim Ermənistan-Azərbaycan münaqişəsində guya neytral mövqedə durub. Ordumuzun bir neçə gün bu cür davranışını anlamaq olar – lokal kimi təqdim olunan təxribatın qarşısını almağa çalışır. Amma Ermənistan hazırkı təxribatına son qoymayacaqsa, atəşi bundan sonra da davam etdirəcəksə, cavabını həm də Qarabağda almalıdır. Cavabımıza ərazi məhdudiyyəti qoymaqla, Qarabağdakı rejimə “üçüncü tərəf” statusunu qazandırmağa haqqımız yoxdur”.

İlqar Məmmədov onu da xatırladıb ki, bu ilin mart və aprel aylarında tarixdə ilk dəfə Azərbaycan qazı Türkiyə bazarında Rusiya qazını sıxışdırmağa başladı:  “Tək Azərbaycan deyil, bir çox başqa istehsalçı ölkələr Türkiyə qaz idxalında paylarını artırıblar və hamısı da əsasən Rusiyanın payı hesabına. Üç il əvvəl Rusiya Türkiyənin idxalının yarısını verirdisə, indi bu, cəmi 14 faizdir. Bu payın 1/5-ni tək ABŞ yedi. Bu biri tərəfdən də Azərbaycan… Rusiya ilə imzaladığı qaz müqavilələrini Türkiyə qiymət baxımından artıq səmərəsiz sayır və münasibətlər son aylarda xeyli çətinləşib. “Mavi Axın” kəməri bir neçə aydır “təmir” adı ilə dayanıb, işləmir. ABŞ, Azərbaycan və digər satıcılar qazı daha ucuz verirlərsə, Ankara qazı Rusiyadan baha qiymətə almaq istəmir və narazılıq məhkəməyə qədər gedib çıxmaq üzrədir. Azərbaycandan Türkiyəyə gedən qaz kəmərinin strateji baxımdan etibarsızlığını atəşkəsin ciddi şəkildə pozulmasından başqa nə təmin edə bilərdi? Bu da pozuntu… Diqqət edirsinizsə, atəşkəs Qarabağda deyil, kəmərə çox daha yaxın ərazidə pozuldu. Atəş şiddətlənsə, vurulacaq zəif yerimiz? Kəmər. Naxçıvana tərəf açılan əlavə atəş də mövzunun Qarabağ deyil, Türkyə-Rusiya münasibətləri olduğuna işarədir”.
15.07.2020 15:19:00
Oxuma sayı: 38