Əli Kərimli: "Hakimiyyətlə mübahisələri təxirə salmışıq, dövlətin və ordunun yanındayıq"
Ölçü:


Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli iyulun 12-dən Ermənistanla dövlət sərhədinin Tovuz rayonu istiqamətində başlayan döyüşlərlə bağlı mövqeyini açıqlayıb. O, son günlər cəbhədə baş verənlər barədə fikirlərini sosial mediada paylaşıb.

Koordinat.az xəbər verir ki, AXCP sədri Əli Kərimli partiya olaraq, indiki halda Azərbaycan hakimiyyəti ilə fikir ayrılıqlarını, mübahisələri təxirə salıb, dövlətin və ordunun yanında olduqlarını bəyan edib: “Ermənistanın və arxasındakı dairələrin azğınlığı bütün hədləri aşıb. Ordumuzun düşmənə layiqli cavab verəcəyinə, torpaqlarımızı ləyaqətlə qoruyacağına əminəm. Ordumuza dəstəyimiz tamdır. Dualarımız əsgər və zabitlərimizlədir. Azərbaycan hökumətinin gözü arxada qalmasın. Düşməni yerində oturtmaq üçün dövlətin bütün resursları səfərbər edilməlidir. Hökumətlə olan fikir ayrılıqlarımızı, mübahisələrimizi daha yaxşı zamanlara saxlayırıq. Bütün gücümüzlə dövlətimizin və ordumuzun yanındayıq”.

Əli Kərimlinin fikrincə, Ermənistanın baş naziri Nikol Paşinyan böyük savaş planlamayıb, Rusiyanın himayəsi ilə qısamüddətli uğur qazanaraq öz cəmiyyətində laxlayan mövqeyini bərpa etməyə çalışır: “İlk baxışdan proseslər regionda Rusiyanın hər iki dövlət üzərində nəzarətini gücləndirmək cəhdini göstərir. Rusiya çalışır ki, münaqişədə hər iki tərəf Moskvaya üz tutsun. Bəs, Qərbə inteqrasiya xətti tutduğunu bəyan etmiş Paşinyanın və Ermənistanın marağı nədir? Paşinyan istəyir ki, böyük savaşdan yayınıb, Rusiyanın himayəsi ilə qısa müddətdə Azərbaycana zərbə vursun və Ermənistan cəmiyyətində laxlamış mövqeyini bərpa etsin. Paşinyanın hərbçi keçmişi yoxdur. Amma rəqibləri Sarkisyan və Köçəryan hərbi qələbələri ilə öyünür. Onlar da 2016-cı ildə aprel məğlubiyyəti yaşayıblar. Yəni Paşinyan siyasi əleyhdarlarına qarşı aktivinə hərbi qələbə yazdırmaq istəyir. Rusiyadan, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından qarantiya alaraq bu avantüraya gedib”.

Ə.Kərimli əlavə edib ki, Azərbaycan əməliyyatları məğlub tərəf kimi tərk edə bilməz. Ona görə də istənilən ssenariyə hərbi, psixoloji və iqtisadi baxımdan hazır olmalıdır.

15.07.2020 14:39:00
Oxuma sayı: 63