Bəxtin fəlsəfəsi
Ölçü:

Yaxud Filosov Əmrəli İsmayılovun 80 illik ömür yolunun bəzi naxışları


... Biz sıravi adamlar çox vaxt bəxtdən, taledən gileylənirik. Bəzən haqlı, bəzən haqsız...

... Biz adi adamlar daim hansısa uğursuzluğumuzu da bəxtin, taleyin adına yazırıq. Bəzən təsəlli üçün, bəzən acizlik kimi...

Bəs filosoflar necə?

Bu suala cavab vermək çətindir. Amma tanınmış filosof Əmrəli İsmayılovla söhbət əsnasında tez-tez "filan məsələdə bəxtim gətirdi", "filankəslə təsadüfən görüşməsəydim" kimi ifadələr işlətməsi  belə təsəvvür yaratdı ki, o da hamı kimi bəxtə, taleyə inanır. Onun söhbətlərindən belə anlamaq olur ki,    onların - Hacı Kazımlı tayfasının yurd sarıdan bəxti gətirməyib, az qala  iki əsr   diyar-diyar dolaşıblar. Əslən Türkiyənin İqdır vilayətindən olan həmin  nəslin nümayəndələri əvvəlcə Gürcüstana, bir müddət sonra Sisyana, oradan  da Krasnoselsk rayonuna üz tutublar. 1918-ci ildə soydaşlarımıza qarşı aparılan soyqırım zamanı bu tayfanın üzvləri Gədəbəyin  Şınıx bölgəsinə pənah  gətiriblər. Ulu babalarından fərqli olaraq bu bölgədə doğulan Əmrəlinin bəxti gətirməyə başlayıb...

Əmrəli müəllimin bəxti onda gətirib ki, ilk dəfə dünyaya Gədəbəy rayonunun  axar-baxarlı, ana təbiətin rəssam fırçasını  səxavətlə  işlətdiyi  Slavyanka kəndində salam verib. Onun ulu babaları bura gəlib çıxana qədər uzun bir yol keçib və istər ata, istərsə də ana tərəfdən bu nəsildəki  11 əmioğludan heç birinin uşaqlarının bəxtinə "əmi" söyləmək düşməyib.

Onun bəxti bir də onda gətirib ki, əhalisi əsasən ruslardan ibarət Slavyanka qəsəbəsində fəaliyyət  göstərən və çox güclü müəllim və pedaqoqlardan  ibarət   rus  məktəbində  oxuyub,  təhsil əlaçısı olub.

Əmrəli müəllimin bəxti bir də taleyinə həmişə yaxşı adamların çıxması sarıdan gətirib. Ali məktəbə qəbul olunmaq üçün Bakıya gələndə  orta məktəb illərindən tanıdığı pasport-masa şöbəsinin rəisi ilə rastlaşıb. Başqalarına bir-iki aylıq pasport veriləndə o, üç illik pasport alıb. Qəbul imtahanlarını uğurla verərək üç fəndən 5, birindən isə 3 alaraq Bakı Dövlət Univerisitetinin Tarix fakültəsinə qəbul olunub. İkinci kursda sinif nümayəndəsi, üçüncü kursda fakültə komsomol təşkilatının katibi seçilib, təhsil illərində   kommunist partiyası sıralarına keçib. Sovet vaxtı bunun nə demək olduğunu xatırlatmağa lüzum yoxdur...

  1962-ci ildə universiteti bitirib. Yenə də rastına yaxşı adamlar çıxıb. Bir gün bulvarda gəzişərkən universitetdə ona dərs deyən Abuzər Cahangirovla rastlaşıb. Kim bilir, isti avqust günündə həmin xoş təsadüf olmasaydı, tale onu hansı səmtə aparıb cıxaracaqdı?...

  Hal-əhval tutandan sonra Abuzər müəllim  onu Sənaye Universitetində fəlsəfədən mühazirə oxumağa  dəvət edib. 1962-ci il avqustun 15-də təhsil ocağının   rektoru əmr verərək onu işə qəbul edib,  sentyabrın 7-də ilk dəfə  tələbələr qarşısında mühazirə oxuyub.

Əmrəli  İsmayılovun  fəlsəfədə ilk addımları o vaxtdan başlayıb. İlk dəfə auditoriyada müəllim kimi  o baş-bu başa gedib. Fəlsəfənin ən müxtəlif məsələləri  barədə  dolğun və əhatəli mühazirələr söyləyən gənc müəllimin gözəl nitqi tələbələri  nəfəs çəkmədən qulaq kəsilməyə  vadar edib. Gənc müəllimin Sənaye İnstitutundan başlanan mühazirəçi addımları  sonra  Tibb İnstitutunun, Slavyan Universitetinin, İdarəçilik Akademiyasının auditoriyalarına  uzanıb. Hansısa  şairin  yazdığı  kimi:

O qədər sinifdə var-gəl edib ki,
Bəlkə də yol gedib Magellan qədər...

 Həmin mühazirə salonları və  auditoriyalarda o baş-bu başa gedib-gələn gənc filosofun addımlarını bir-birinə calamaq mümkün olsa, bəlkə də yer kürəsini  dolaşmaq olardı...

1963-cü ildə onu SSRİ Elmlər Akademiyasının aspiranturasına göndərirlər. Müsabiqədə  Azərbaycandan göndərilən  namizədlər içərisində Əmrəli İsmayılova üstünlük verilir. Onun bəxti bir də onda gətirir ki, üç il Moskvada akademik Fyodor Konstantinov, fəlsəfə elmləri doktorları Eduard İliyenkov, Vladislav Kelle, Vladimir Suxodeyev kimi məşhur  filosoflardan dərs alır, müxtəlif auditoriya və məclislərdə onlarla ünsiyyət qurur. Həmin müddətdə namizədlik dissertasiyası müdafiə edərək Moskva Dövlət Universitetində fəlsəfədən dərs deyir. Bundan sonra Bakıya qayıdan gənc alim  Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda işləyib, laborantlıqdan  sosial fəlsəfə və sosial psixologiya şöbəsinin müdiri vəzifəsinədək yüksəlir. Həmin institutda  17 il şöbə müdiri  işləyib, 10 nəfər elmlər namizədi hazırlayib, 7 kitab, 4 monoqrafiya yazıb, 13 monoqrafiyanın  həmmüəllifi olub, 36 beynəlxalq konfransda   iştirak edib.

Sonrakı illərdə  o, Akademiyanın Rəyasət Heyətində baş mütəxəssis işləyib.  Fəlsəfə elmləri namizədi Əmrəli İsmayilovun hazırkı fəaliyyəti isə Azərbaycan Pedaqoji Universitetindəki  Heydər  Əliyev mərkəzi ilə bağlıdır.

Ancaq Əmrəli müəllimin bəxti həmişə gətirməyib, hətta ondan üz çevirdiyi vaxtlar da olub.  Gənclik illərində həmişə üzünə gülən bəxtinin sonralar gətirmədiyi vaxtlar da olub. Ötən əsrin 80-ci illərində  şəhərdə kitab mağazasına girərkən içərisində doktorluq dissertasiyası olan çantasını yerə qoyub, geri qayıdanda... çantasının oğurlandığını görüb. Bu hadisə ona o qədər pis təsir edib ki, nə do torluq dissertasiyasının axtarışında olub, nə də onu yenidən  yazmaq istəyində.

Əmrəli müəllimin bəxtinin gətirməməyi bir də 80 illik yubileyi ərəfəsində çapa hazırladığı kitabla əlaqədar olub. Bu dəfə kitabın oxunub hazır vəziyyətə gətirilmiş mətni kompüterin yaddaşından silinib. Amma müasir texnologiyalar  bu dəfə  "itmiş kitabı"  bərpa etməyə imkan verib...

Əmrəli müəllim fəlsəfə tarixində mövcud olan bütün məşhur filosofların yaradıcılığını mükəmməl şəkildə öyrənib. Xüsusilə Marks, Hegel, Kant, Bəhmənyar və digər filosofların irəli sürdüyü nəzəriyyə və tezislərə elmi yaradıcılığında tez-tez müraciət edir. Klassik filosofların əsərlərinə  məhz belə  dərindən bələd olduğuna görə onun bütün məsələlər barədə özünəməxsus və  böyük təcrübəyə söykənən mövqeyi var. Əmrəli müəllim elmlər namizədi olsa da, yüksək elmi dərəcəli filosoflar, professor və elmlər doktorları alimin səviyyəsini yüksək qiymətləndirir, ona çox böyük hörmət və ehtiramla yanaşırlar. Təcrübəli alimə  ən müxtəlif məsələlər barədə müraciət edir,  fikir və münasibətini öyrənirlər.

Milli  şüur, milli özünüdərk və milli ruh barədə Əmrəli müəllimin ürəkdən gələn söhbətlərinə qulaq asanda adama elə gəlir ki, o biri filosoflarda da  olan milli hisslərin hamısını yığıb ona  veriblər.  Son illər onun apardığı tədqiqatların da çoxu  fəlsəfənin milli problemlərinə həsr olunub. Ömrünün ixtiyar çağlarını yaşayan  bəyaz saçlı, iti baxışlı alim bu sahədə gənclik eşqi ilə çalışmaqdan yorulmur.

Həyatda hər kəsin öz bəxti, taleyi, qisməti var,- deyirlər. Yəqin Əmrəli müəllimə də bu şeylərdən pay düşüb. Bəlkə də ona görə qazandığı uğurların çoxunu bu kateqoriyalarla əlaqələndirir. Amma o təvazökarlıq edərək  çox şeyi bəxtinin gətirməyi ilə əlaqələndirsə də, əslində bu uğurların arxasında çox böyük zəhmətin, dərin mütaliənin və zəngin intellektual potensialın durduğunu onu tanıyanlar yaxşı bilir.

Onu tanıyanlar, elə tanımayanlar da yəqin onu da bilir ki, yunan mənşəli "filosof" sözü "müdrikliyi sevən" deməkdir. Hələ lap qədimlərdə, antik dövrdə sadəcə savadlı adamlara filosof deyiblər. Amma indi... təhsili olanlar çoxdur, lap çox... Müdrikliyi sevən az olsa da... Ona görə də indi yalnız fəlsəfə ilə peşəkarcasına məşğul olanlara filosof deyirlər. Elə bu səbəbdən də Əmrəli müəllim kimi bu sahədə saç-saqqal ağardanlara filosofların müəllimi demək yaraşır... 

Süleyman QARADAĞLI
26.01.2018 16:52:00
Oxuma sayı: 17368