Yüksək rütbəli hərbçilərin şəhid olmasında xəyanət amili - Hərbi ekspert bunu "qeyri-ciddi fikirlər" adlandırır
Ölçü:


İyulun 14-də Azərbaycan Ordusu ilk dəfə cəbhədəki döyüşlərdə generalını itirdi. Son sutkada Tovuz rayonu istiqamətində gedən döyüşlərdə general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, iki mayor – Namiq Əhmədov və Anar Novruzov, iki gizir – Yaşar Babayev və İlqar Zeynallı, bir də müddətdən artıq hərbi xidmət edən əsgər Elçin Mustafayev şəhid olub. Döyüşlərin yeni başlandığı bir vaxtda və eyni gündə birdən-birə bu qədər yüksək rütbəli zabitin həlak olmasının səbəbləri ilə bağlı sosial mediada müxtəlif versiyalar səslənir.

Koordinat.az xəbər verir ki, Azərbaycan zabitlərinin toplaşdığı yerin koordinatlarının xəyanət nəticəsində düşmənə ötürülməsindən tutmuş, ermənilərin Rusiyanın texniki dəstəyilə bunu həyata keçirməsinə qədər müxtəlif iddialar var. Hərbi məsələlər üzrə ekspert Üzeyir Cəfərov “Press Klub”a bu məsələni şərh edərkən xəyanət versiyasını istisna etdi. Onun fikrincə, yüksək rütbəli Azərbaycan hərbçilərinin yeri barədə məlumatın düşmənə ötürülməsi barədə iddialar qeyri-ciddi fikirlərdir:“Yeri təsbit eləmək üçün müxtəlif üsullar var. Döyüş uşaq oyuncağı deyil. Döyüşə getməzdən əvvəl müxtəlif təlimatlar olur – xüsusi təyinatlıların bir təlimatı, piyadaların başqa təlimatı, artilleriyaçıların tamam başqa təlimatı… Hamısı da döyüş tapşırığıdır. “Polad Həşimov oradadır, oranı vurun” fikri çox qeyri-ciddi səslənir. General Polad Həşimov hadisələri ön nöqtədən idarə edən rəhbər şəxslərdən biri olub. Təsadüfən artilleriya atılan ərazidə ola bilərdi. Peşəkarlar bilir ki, artilleriya atəşi böyük ərazini əhatə edir. Qəlpələr mərminin düşdüyü yerdən hektarlarla ərazidə yayılır. General hansısa məntəqədə yox, ön xəttə döyüşlə bağlı məsələlərlə məşğul olan zaman şəhid olub.
 
Başqa bir versiya da budur ki, düşmən havaya pilotsuz aparat qaldırır, müşahidə edir, yerləri müəyyənləşdirir. Necə ki, bizim tərəf müşahidə aparıb, düşmənin dayaq məntəqəsinə, texnikasına atəş açırsa, düşmən də o cür hərəkət edir. Biz düşməni oyuncaq saymırıq ki. Onun da müəyyən texnika və texnologiyası var”.

Hərbi ekspert xəyanət versiyasını istisna etsə də, baş verənlərə başqa bir ciddi amilin səbəb olduğunu vurğulayır. Hərbi sirr olduğuna görə açıqlamasa da, bu amildən çox yerdə və çoxlarının xəbərdar olduğunu deyir: “Orada başqa bir ciddi amil olub. O ciddi amili dəfələrlə qeyd eləmişik. O, xəyanət amilindən xeyli uzaq, texnologiyalarla bağlı məsələdir. Bunu Bakıda da, Rusiyada da, Amerikada da, Türkiyədə də bilirlər. Sadəcə, o qaydalara kim düzgün əməl edirsə, özünü çox məsələlərdən sığortalayır. O qaydalara kimliyindən asılı olmayaraq, əməl edilməyəndə, həyatının üstündən xətt çəkmiş olursan. Peşəkarlar başa düşərlər söhbət nədən gedir. Polad Həşimova avtomobildə atəş açılsaydı, xəyanət versiyasını irəli sürmək olardı. Döyüş şəraitində hansı satqınlıqdan söhbət gedə bilər?”

Azərbaycan və Ermənistan ordularını müqayisə edən Ü.Cəfərov düşmənin imkanlarının xeyli zəif olduğunu söylədi: “Ermənistan bir neçə ay əvvəl İsrailə burun sallamışdı ki, niyə ən son texnikanı Azərbaycana satır. Bu gün də etiraf edirlər ki, Azərbaycan Ordusunun texnikası, hava hücumundan müdafiə qurğuları və digər texnoloji imkanları Ermənistandan qat-qat güclüdür. Ermənistanda primitiv texnikadır. Biz aldıqlarımız çox bahadır, Ermənistan onlardan almayıb. Belarusun yol polisinin yollarda, yaxud başqa ölkələrdə kənd təsərrüfatında istifadə etdiyi, meşələrin üstündə müşahidə apardığı texnikadan onlar cəbhədə istifadə edirlər. Mən demirəm ki, onlarda tamam ölü vəziyyətdir. Amma Azərbaycanla onların əldə etdikləri arasında kəskin fərq var. Sanki biri Almaniyanın vaxtilə istesal etdiyi “Mercedes 190” markalı avtomobildir, o biri isə müasir dövrdə istehsal olunmuş “Mercedes S Klass”dır”.
15.07.2020 13:35:00
Oxuma sayı: 153