Ekspert: "Ermənistan Rusiya sülhməramlılarının bölgəyə yeridilməsini istəyir"
Ölçü:


Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində gərginlik davam edir. İyulun 12-də günorta saatlarından başlayaraq atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycanın sərhədyanı kəndlərini atəş altında saxlayır.

Koordinat.az xəbər verir ki, işğalçı ölkənin atəşkəsi məhz dövlət sərhədində pozmasının pərdəarxası məqamları ictimaiyyətdə geniş müzakirə olunur. Bildirilir ki, Ermənistan sərhəddən hücum etməklə Rusiya sülhməramlılarının bölgəyə gətirilməsinə nail olmaq niyyətindədir. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, Milli Məclisin Dövlət quruculuğu və hüquq siyasəti komitəsi sədrinin müavini Qüdrət Həsənquliyev "Press Klub"a bildirib ki, Ermənistan Azərbaycanla sərhəddə bu təxribatı törətməklə həm Kollektiv Təhlükəsizlik Müqvaviləsi Təşkilatını bu münaqişəyə cəlb etmək, həm də diqqəti daxildəki qarşıdurmadan yayındırmaq istəyir:
“Paşinyan xalq arasında dayaqlarını sürətlə itirdiyindən, bu təxribatı sanksiyalaşdıra bilər. Amma təxribatın ordu daxilində Qarabağ klanına bağlı narazı qüvvələr tərəfindən təşkil olunduğunu da istisna etmək olmaz. Bu təxribat böyük miqyaslı döyüşlərə başlamazdan əvvəl ordumuzun döyüş qabiliyyətini yoxlamaq üçün kəşfiyyat xarakterli əməliyyat da ola bilər. Amma kimin tərəfindən və hansı məqsədlə törədilməsindən asılı olmayaraq, Azərbaycan ordusu bu təxribata yaxın günlərdə daha ağır zərbə ilə cavab verməlidir. Ümid edirəm, Azərbaycan hökuməti torpaqlarımızı işğaldan azad etmək üçün ciddi qərarlar qəbul etməyin vaxtının çatdığının fərqindədir”.

Deputat hesab edir ki, Dağlıq Qarabağ probleminin həlli üçün biz ilk növbədə  Rusiya ilə bağlı qapılar arasında ciddi müzakirələr aparmalıyıq: “Əgər biz Azərbaycanda Rusiyanın maraqlarını təmin etməklə, torpaqlarımızın azad olunmasına, münaqişənin həllinə onları razı sala bilsək, bu, bizim böyük bir diplomatik uğurumuz olacaq. Buna baxmayaraq, hər bir halda Ermənistanı döyüş meydanında məğlub etməliyik ki, erməni xalqı onu təmsil edən dövlət və hökumət başçısına bu problemin həllinə dair sülh sazişi imzalamağa imkan versin”.

Qarabağ müharibəsi veteranı, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq polkovnik-leytnantı İlham İsmayıl isə deyir ki, Azərbaycan Rusiya ilə nə strateji tərəfdaş, nə də hərbi mütəffiqdir: “Sadəcə olaraq, Rusiya ilə əməkdaşlığımız var. Rusiya XİN sözcüsü dünən məzəli şəkildə belə bir reaksiya vermişdi ki, yaxşı olardı, Bakıda “Jara” olsun. Onlar Cənubi Qafqazda strateji mütəffiq kimi Ermənistanın tərəfindədir. Moskva üçün fərqi yoxdur burada kim-kimi qıracaq, neçə şəhid verəcəyik. Rusiyanın mövqeyi birmənalı şəkildə öz strateji mütəffiqinin yanındadır. Hələ bilmək olmaz ki, bu təxribatın arxasında Rusiya dayanıb, yoxsa yox. Daha çox dayanma ehtimalı var. Çünki diqqəti Qarabağdan yayındırmaq üçün son bir ildə bütün məsələləri ancaq Ermənistan-Azərbaycan sərhədinə yönəldirlər ki, perspektivdə Rusiya əsgərləri sülhməramlı adıyla gəlsin, o sərhəddə yerləşdirilsin. Yəni məsələ buna hesablanır. Türkiyə isə aydın məsələdir ki, bizlə hərbi mütəffiq olmasa da, bizim dostumuzdur, qardaş ölkədir. Hər zaman yanımızda olduğunu ifadə edir. Amma bu məsələləri daha da dərinləşdirmək lazımdır. Bizim hərbi mütəffiqliyimizi göstərən sənəd imzalanmalıdır ki, o zaman Rusiya da, Ermənistan da görsün ki, vəziyyət necədir”.

Ekspertin fikrincə, diqqəti Qarabağ cəbhəsindən yayındırmaqaraq sərhəd istiqamətinə yönəldirlər: “Sərhəddə nə qədər təxribat etsələr, erməni təbliğatı, informasiya siyasəti üçün o qədər önəm daşıyır. Ona görə deyirlər ki, Azərbaycan guya təcavüzkarlıq edir, dinc erməni əhalisinə atəş açır və s. Halbuki təxribatı özləri törədiblər”.

İlham İsmayıl hadisənin necə baş verdiyini də nəql etdi. Onun sözlərinə görə, bizim orada boş postumuz olub, ermənilər hücum edib, oranı götürüblər, sonra Azərbaycan ordusunun bölmələri həmin postu geri alıb: “Bizim kazarmanı artilleriya atəşi ilə vurublar. Əsgərlərimiz də həmin kazarmada şəhid olublar. Hiss olunur ki, cəbhənin müəyyən istiqamətində boşluqlar var. Həmin boşluqlara Azərbaycan ordusu tərəfindən diqqət yetirilməlidir. Bir qarış ərazi də nəzərdən qaçmamalıdır ki, düşmən üçün gələcəkdə yeni təxribatlara imkan yaranmasın. Bu məsələlərə son qoymaq üçün diqqəti Qarabağ cəbhəsinə yönəldib, torpaqlarımızın azad olunması üçün birdəfəlik qərar vermək lazımdır”.

Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu bildirdi ki, düşmən dövlət sərhədini pozub, Azərbaycan ərazisinə hücum edib: “Azərbaycan ordusu da öz gücündən istifadə edərək, düşmənin layiqli cavabını verib, onlar xeyli itki verərək, geri çəkiliblər. Bütün dünya ölkələri Ermənistanın Azərbaycan sərhədlərini pozmasına və torpaqlarına hücum etməsinə dair məlumatlıdır. Türkiyənin bu məsələyə dərhal münasibət bildirməsi və bizim yanımızda olduğunu dəfələrlə bildirməsi gözləniləndir. Arzu edirəm ki, bu bəyanatlar gələcəkdə ehtiyac olarsa, yalnız sözdə deyil, əməldə də öz təsdiqini tapsın. Rusiyaya gəldikdə isə, Moskva çox gözəl bilir ki, nə baş verir. Bildiyimiz kimi, Ermənistan artıq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət edib. Burada da “xoruzun quyruğu” görünür. Yəni Ermənistanın Azərbaycanın dövlət sərhədini pozmaqda məqsədi üzv olduğu həmin təşkilatı Azərbaycana qarşı yönəltməkdir”.

R.Kərimoğlu qeyd etdi ki, bu gün Azərbaycanın ordusu həqiqətən çox güclü, əzmli və inamlıdır: “Ordumuz bugün işğal altında olan torpaqlarımızı azad etmək gücündədir. Arzu edirəm ki, ermənilərin son hücumundan, həyasızlığından, aqressiyasından istifadə edərək Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev orduya döyüş tapşırığı versin. İşğal altındakı bütün torpaqlarmızın azad olunması üçün ordumuz hərəkətə keçsin. Bundan yaxşı fürsət və zəmin ola bilməz”.
14.07.2020 14:38:00
Oxuma sayı: 30