Ekspert: "Neftdən gəlirimiz əvvəlki kimi yüksək olmayacaq"
Ölçü:


""Əsrin müqaviləsi"nin ("Azəri-Çıraq-Günəşli" (AÇG)) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsü sazişinin (PSA) 2050-ci ilə qədər uzadılmasını nəzərdə tutan sazişi Milli Məclis təsdiq edəcək.  Azərbaycan Respublikasdı Dövlət Neft Şirkəti (SOCAR) ilə xarici neft şirkətləri arasında müqavilə sahəsinin təhvil-təslim aktı imzalandıqdan sonra birinci müqavilə qüvvədən düşmüş olacaq.

Koordinat.az
xəbər verir ki, bunu Neft Araşdırmaları Fondunun prezidenti İlham Şaban deyib. O bildirib ki, ikinci müqavilə 2049-cu ilin sonunadək hüquqi qüvvədə olacaq. Onun sözlərinə görə, 1994-cü ilin sentyabrından - ilk müqavilə imzalanandan 2017-ci il sentyabrın 1-dək 436 milyon ton neft hasil edilib. Bundan sonra isə proqnozlara görə, 500 milyon tondan artıq neftin hasil ediləcəyi gözlənilir: "Yəni indiyə qədər çıxarılan neftdən daha çox neftin çıxarılması gündəmdədir. Bu, ona dəlalət edir ki, bir vaxtlar səsləndirilən "Azərbaycanda neft erası bitdi” fikirləri yanlışdır".

Bununla belə, İlham Şaban hesab edir ki, Azərbaycanın artıq əvvəlki gəlirləri də olmayacaq. Onun fikrincə, 2008-2014-cü illərdə əldə etdiyimiz səviyyədə - 17-20 milyard dollar arasında olan gəlirlər gözlənilmir: "Həqiqətən də Azərbaycanın neft hasilatı tədricən azalır və bu templə də gedəcək. Müqayisə edək, 20 ilə 436 milyon ton neft çıxarılıb, 32 ilə isə yarım milyard ton neft hasilatı olacaq. Bu əvvəlki dinamikaya baxanda azdır. Nəticə olaraq, qiymətə böldükdə ortalama 5-6 milyard dollar civarında gəlir əldə ediləcək”.

Qeyd edək ki, "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsünün düzəliş edilmiş və yenidən tərtib olunmuş sazişi (PSA) bu gün imzalanıb. Sazişə əsasən razılaşmanın 2050-ci ilə qədər uzadılması nəzərdə tutulub.

14.09.2017 14:42:57
Oxuma sayı: 119