Dilqəm Əsgərovun oğlu ATƏT tribunasından dünyaya səsləndi
Ölçü:


“Dini liderlərin görüşlərinin müəyyən əhəmiyyəti var. Dialoq mədəniyyətini qoruyub saxlamaq baxımından bu faydalıdır. Ancaq Ermənistanın Azərbaycan torpaqlarını işğalı ilə bağlı məsələnin həllinə təsir göstərəcək mahiyyətdə bir görüş deyil”.
 
Koordinat.az xəbər verir ki, bu fikirləri Deputat Fazil Mustafa Azərbaycan və Ermənistan dini liderlərinin Moskva görüşünü “Yeni Müsavat”a şərh edərkən deyib. Onun sözlərinə görə, daha real vasitələrə diqqət yönəltməliyik: “Hərbi təzyiq olmadan ermənilərin hansısa addımdan geri durması gözlənilən deyil”.

Politoloq Arzu Nağıyev isə bildirdi ki, dini liderlərin görüşündən ciddi bir nəticə gözləmək də düzgün olmazdı: “Təbii ki, burada əsas məqsəd yenə də Rusiyanın məhz regionda aparıcı rol oynamasını nümayiş etdirmək istəyi idi. Məlumdur ki, Ermənistan bir kilsə dövlətidir. Yəni dini liderin və onun təmsil etdiyi qurumun bütün dünyada Ermənistan hakimiyyətinə təsiri çox güclüdür. Təəssüf hissi ilə qeyd edilməlidir ki, məhz Qaregin də Sərkisyanın verdiyi bəyanatları təkrarladı. Yəni özgə vaxt mənəvi dəyərlərin daşıyıcısı kimi özlərini təqdim etməyə çalışan kilsə sanki bir hərbi komandir kimi bəyanatla çıxış edib döyüş taktikasından danışdı. Belə olduğu halda hər hansı irəliləyişdən danışmaq düzgün olmazdı”.
 
Politoloq qeyd etdi ki, Şeyxin bəyanatı Azərbaycanın ərazi bütövlüyünün qorunması və beynəlxalq hüquq normalarına, humanizmə söykənən bir çıxış kimi yadda qaldı: “Onun Bakıdakı erməni kilsəsi ilə bağlı dəvəti mühüm bir mesaj idi. Yəni dünya ictimaiyyəti də bilməlidir ki, əsas məsələ təcavüzkar siyasətinə mələk donu geydirən ermənilərin istər dinə, istərsə də digər dəyərlərə hörmətsizliyindədir. Girovlarla bağlı addımlar da təəssüf ki, bir çağırış kimi qaldı. Zənnimcə, belə bir humanist addım atılsaydı, sülh danışıqlarına ancaq müsbət təsir edərdi”.
 
Qeyd edək ki, dini liderlərin görüşündə kəlbəcərli girovların azadlığı ilə bağlı razılaşmanın əldə oluna biləcəyi ehtimalı var idi. Lakin Şeyx həzrətləri bu barədə çağırış etsə də, Qaregin özünü eşitməzliyə vurdu. Bəyanatda isə ümumi şəkildə mülki şəxslərin dəyişdirilməsindən bəhs olunur...
 
Bu arada Kəlbəcər girovu Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov ATƏT-in Varşavada keçiriləcək sammitində iştirak edir. K. Əsgərov bildirib ki, sammitdə çıxışı zamanı Azərbaycan ərazilərinin ermənilər tərəfindən işğalı və həmyerlilərimizin Kəlbəcərdə girov götürülməsi ilə bağlı məsələ qaldıracaq.
 
Qeyd edək ki, 11-22 sentyabr tarixində Varşavada ATƏT-in növbəti sammiti keçiriləcək. Sammitdə 57 ölkənin diplomatları, həmçinin insan haqları təşkilatları və media mənsubları iştirak edəcək. K.Əsgərov da Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun (ADİHİ) rəhbəri Əhməd Şahidovun dəstəyi ilə sammitdə iştirak edir.
 
Görünür, bu fakt erməniləri narahat edib. Belə ki, erməni mediası D.Əsgərovun oğlunun atasından yarım ildir xəbər tuta biməməsini təkzib etməyə çalışıb. Ailəyə guya may, iyun və avqust aylarında məktub çatdırıldığı iddia olunub. Amma K.Əsgərov “Beynəlxalq Qızıl Xaç”ın təmsilçilərini də təkzib edərək atasının taleyindən narahat olduğunu bildirib.
 
Xatırladaq ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüblər, onlarla birlikdə olan Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb.
 
Ermənistanın işğalı altında olan Azərbaycan ərazisi Dağlıq Qarabağda D. Əsgərov və Ş. Quliyevlə bağlı qanunsuz məhkəmə prosesi aparılıb. “Məhkəmə”nin qərarı ilə D. Əsgərov ömürlük, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilib. Dini liderlərin görüşü isə girovların taleyində hər hansı dəyişikliyə səbəb olmadı
13.09.2017 13:58:00
Oxuma sayı: 123