Bjezinski: “ABŞ Rusiyaya qarşı daha sərt tədbir görməlidir”
Ölçü:


ABŞ müdafiə nazirinin Avropa və NATO üzrə keçmiş köməkçisinin müavini Yan Bjezinski Rusiyaya qarşı siyasəti sərtləşdirməyə çağırıb. Y.Bjezinski ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri olmuş mərhum Zbiqnev Bjezinskinin oğludur.

Koordinat.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində Rusiya-Taliban əlaqələri mövzusunda təşkil olunan dinləmələrdə çıxış edən Y.Bjezinski bildirib ki, son 15 ildə Qərbin, o cümlədən ABŞ-ın Rusiyaya cavabı iqtisadi sanksiyalar, Avropaya hərbi qüvvə göndərmək və diplomatik təcrid kimi məhdud tədbirlərdən ibarət olub: “Bütün bunlar Putinin öz kursunu dəyişməsinə səbəb olmayıb, hətta onu cəsarətləndirib”.

Oğul Bjezinski hesab edir ki, ABŞ Rusiyaya yarımçıq yanaşmasından imtina edərək onun qarşısını almaq üçün sərt tədbirlər görməlidir. O, aşağıdakı addımları təkif edib:

Birincisi, NATO onun şərq sərhədlərində Rusiya tərəfindən hərbi qüvvə cəmləşdirilməsini nəzərə alaraq yüksək intensivlikli münaqişədə iştiraka hazırlığını gücləndirməlidir. Vaşinqtonun Avropadakı müttəfiqləri öz hərbi potensialını gücləndirməli, ABŞ isə Şərqi Avropa ölkələrində daimi əsasda daha böyük qoşun dislokasiya etməlidir;

İkincisi, ABŞ Gürcüstan və Ukraynanın NATO-ya qəbulu üçün daha aktiv çalışmalıdır;

Üçüncüsü, ABŞ Rusiya tərəfindən yalan informasiyaların yayılması cəhdlərinin qarşını daha qətiyyətlə almalıdır;

Dördüncüsü, ABŞ Rusiyaya qarşı sanksiyaları – həm konkret şəxslərə, həm də iqtisadiyyatın ayrı-ayrı sektorlarına qarşı – ağırlaşdırmalıdır.

“Vladimir Putin praqmatik siyasətçidir və yeni sanksiyaların basqısı ilə öz davranışını dəyişəcək. Əks halda, o, daha riskli qərarlar qəbul etməyə davam edəcək”, – deyə Bjezinski vurğulayıb.

Nümayəndələr Palatası Xarici Əlaqələr Komitəsinin sədr müavini, respublikaçı Maykl Makkol isə çıxışında bildirb ki, Vaşinqton Əfqanıstanda ABŞ əsgərlərinin öldürülməsinə görə Rusiya tərəfindən “Taliban”a mükafat vəd olunması barədə məlumatlara ciddi yanaşmalıdır: “Moskvanın “Taliban”ı silahla təchiz etməsi və onlara başqa üsullarla kömək etməsi yeni xəbər deyil. Rusiyanın ABŞ əsgərlərinin öldürülməsinə görə mükafat ödəməsi isə yolverilməz eskalasiya olardı. Əgər bu məlumatlar təsdiqini taparsa, administrasiya tez və sərt tədbirlər görməlidir”.

ABŞ-ın Əfqanıstandakı qüvvələrinin sabiq komandanı, general-leytenant Con Nikolson isə deyib ki, qeyd olunan informasiyalar təsdiqlənərsə, ABŞ bir neçə addım atmalıdır. Öncə bu fakt (ABŞ əsgərlərinin öldürülməsinə görə Rusiya tərəfindən mükafat vəd olunması) ABŞ-ın ali rəhbərliyi səviyyəsində etiraf olunmalıdır. İkincisi, ABŞ Əfqanıstandan öz qüvvələrini çıxarmağı ləngitməlidir – o vaxta qədər ki, “Taliban” əldə olunmuş sülh razılaşmasına əməl etsin.

Xatırladaq ki, iyun ayının sonlarında “The New York Times” qəzeti Ruisya hərbi kəşfiyyatının “Taliban” silahlılarına Əfqanıstandakı koalisiya əsgərlərinin, o cümlədən ABŞ hərbçilərinin öldülməsinə görə pul təklif edib. Lakin prezident Tramp bu məlumatın yalan olduğunu bildirib. 2019-cu ildə Əfqanıstanda 20 amerikalı öldürülüb.
10.07.2020 14:32:00
Oxuma sayı: 38