Əli Hüseynli: "Ölkəmizin ərazi bütövlüyünü güc yolu ilə bərpa edə bilərik"
Ölçü:

"Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında beynəlxalq vasitəçi rolunu oynayan ATƏT-in Minsk qrupunun fəaliyyəti bu günə qədər heç bir müsbət nəticə verməyib. Hələ ulu öndər Heydər Əliyev həmsədrlərlə görüşərkən hər dəfə onların passiv mövqeyini tənqid edərək, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində münaqişənin həllini tezləşdirə bilən təkliflərin hazırlanmasını tələb edirdi. Bu qurumun son illərdəki fəaliyyəti isə heç bir yeniliklə müşayiət olunmur və tamamilə formal xarakter daşıyır".

Koordinat.az xəbər verir ki, bunu Modern.az-a müsahibəsində Milli Məclis sədrinin birinci müavini Əli Hüseynli bildirib. O, qeyd edib ki, Minsk qrupu məsələyə qeyri-prinsipiallıq və laqeydlik nümayiş etdirməklə işğalçı ilə işğala məruz qalmış ölkə arasında fərq qoymur, hər iki tərəfin arqumentlərini eyni dərəcədə dəyərləndirərək əslində münaqişənin sonsuzluğadək uzanmasına şərait yaradır: "Bu, sadəcə fəaliyyət görüntüsüdür. Dağlıq Qarabağda keçirilən saxta seçkilərə adekvat reaksiya verməyən ATƏT və onun Minsk qrupu eyni zamanda Qarabağda qanunsuz məskunlaşmaya və tikintilərə, hər şeyin erməniləşdirilməsinə, tarixin saxtalaşdırılmasına də göz yumur. Ona görə də hər dəfə bir bəhanə ilə orada baş verən hadisələri və prosesləri izləmək üçün faktaraşdırıcı missiyasını əraziyə göndərməkdən imtina edir".

Spikerin müavini deyib ki, həmsədrlər həmişəki ənənələrinə sadiq qalaraq, hər dəfə guya yeni bir təklif səsləndirməklə əslində anlaşılmazlıq və çaşqınlıq yaradan mücərrəd ifadələrdən istifadə edirlər: "Bu, məsələnin mahiyyətini gizlətmək, həm də məsuliyyəti öz üzərlərindən atmaq üçün onların tətbiq etdiyi fənddir. Yəni, tərəflər üçüncü tərəfin (vasitəçilərin) müdaxiləsi olmadan öz aralarında razılaşsınlar və bundan sonra Minsk qrupu bu razılaşmanı öz bəyanatı ilə təsdiq etsin. Gördüyünüz kimi, mahiyyətdə müsbətə doğru dəyişən bir şey yoxdur".

Əli Hüseynli hesab edir ki, əgər ATƏT-in Minsk qrupu danışıqların konstruktiv məcraya yönəldilməsi istiqamətində səmərəli addımlar atarsa və səmimi olaraq münaqişənin həllini arzuladıqlarını konkret fəaliyyəti ilə nümayiş etdirərsə, o halda vəziyyətdə dönüş yaranar. Əks halda, danışıqların heç bir mənası olmayacaq: "Bu halda biz ölkəmizin ərazi bütövlüyünü, yəni tarixi ədalətin güc yolu ilə bərpa etmək hüququmuzdan istifadə edə bilərik. Bunun üçün Azərbaycanın imkanları və beynəlxalq dəstəyi, Ali BAŞ Komandanın siyasi iradəsi yetərincədir və 2016-cı ilin aprel döyüşləri zəfəri daima yaddaşlardadır".
09.07.2020 12:33:00
Oxuma sayı: 50