Koronavirusun dərmanı:  50 manatlıq favipravir qara bazarda 5000 manata satılır
Ölçü:

"Koronavirus pandemiyası Azərbaycanda daha çox işbazların işinə yarıyır. Onlar virusun geniş yayılmasından istifadə edərək, bəzi dərmanların qara bazarını yaradır, ölüdən də, diridən də pul qazanaraq, xalqın bu ağır günündən də faydalanırlar".

Koordinat.az xəbər verir ki, bunu iqtisadçı alim Qubad İbadoğlu həkimlərin məktubları əsasında hazırladığı şərhində qeyd edib.

"Həkimlər yazır ki, hazırda Azərbaycanda koronavirusun müalicəsi adı ilə istifadə edilən antiviral dərmanlar (Arbidol, Kalitra, Erqferon və Tamiflu ) bu xəstəliyin və virusun spesifik müalicəsi üçün nəzərdə tutulmayıb. Parasetamol, vitamin, steroid və digər dərmanların olmaması isə gülüncdür. Əslində müalicə üçün üçün Qida və Dərman administrasiyasının (FDA) rəy verdiyi dərmanlar remdesvir və favipravirdir. Remdesvirin dünyadakı 3 aylıq anbarını ABŞ alıb, favipravir isə ölkəmizdə olduqca azdır. 30 tabletkalı bir qutunun qiyməti 50 manat olan bu dərman qara bazarda 5000 manata satılır" - deyə, Qubad İbadoğlu bildirib.

İqtisadçı alim həkimlərdən aldığı məlumata əsaslanaraq yazır ki, hazırda müalicənin effekti insanların immunitetləri ilə həkimlərin ağırlaşmaları önləməsindən asılıdır. Süni tənəfüs aparatına qoşulanlar arasında ölüm halları 90 faizdən yüksəkdir. Verilən informasiyaya görə, dövlətin sifariş etdiyi tibbi ləvazimat və aparatların çoxu ölkəyə gətirilməyib və bundan sonra gəlməsi də imkansızdır. Həkimlər təklif edirlər ki, artıq Tütkiyədə də istehsal başlanan favipravir alınıb ölkəyə gətirilsəydi, ölüm dəfələrlə az olardı.

Ön cəhbədə gözəgörünməz virusla "vuruşan" digər həkimin məlumatına görə, koronavirusla döyüşən tibb personalına beşqat maaş məsələsi illuziyadır. Belə ki, səhiyyə işçiləri 14 gün çalışıb, ailə üzvlərini yoluxdurmamaq üçün sonrakı 14 gün də (bu müddəti 7 günə endiriblər) oteldə karantində qalır. Bütün bu problemlərin müqabilində otel karantinindəki yemək keyfiyyətindən danışmaq isə yersizdir. Həkim bildirir ki, dövlət müddətli əlavəni həkimlərə işlədiyi 14 günə görə verir, yəni onlara maaşlarının 5 deyil, 2,5 qatı ödənilir. Çox təzadlıdır, nədən Ümümdünya Səhiyyə Təşkilatına (ÜST) üst-üstə 10 milyon dollar ianə verən Azərbaycan hakimiyyəti öz həkimlərinə münasibətdə xəsislik edir?

Qubad İbadoğlu bildirib ki, maliyyə imkanları Azərbaycandan dəfələrlə yüksək olan Rusiya ÜST-ə cəmi 1 milyon dollar yardım edib. Onun sözlərinə görə, ilkin mərhələdə tibb personalı borcunu ləyaqətlə yerinə yetirmək üçün əzmlə işləsələr də, bundan sonra səhiyyə işçilərini təkrar çalışdırmaq mümkün olmayacaq: "Artıq onların çoxu ərizə yazıb işdən ayrılırlar. Çünki indiyədək 10-dan çox həkim vəfat edib, 1500-ə qədər səhiyyə işçisi virusa yoluxub. Ən pisi odur ki, onlar bu xəstəliyi virus yükü çoxluğuna görə başqalarından ağır keçirirlər. Onlardan biri pandemiya başlayandan xəstəxanadan çıxmayan, virusa yoluxandan sonra durumu ağırlaşan ATU-nun Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevdir".
09.07.2020 09:56:00
Oxuma sayı: 193