Göyçədən Kəlbəcərə çəkilən yol - Ermənistanın böyük planı
Ölçü:


Ötən ilin sonunda Ermənistandan Azərbaycanın işğal olunmuş torpaqlarına çəkilən yeni yolların görüntüləri yayılmışdı. Erməni mətbuatında yayılmış video Kəlbəcərə çəkilən yolun uzunluğunun xəritədə göstərilməsi ilə başlayırdı. Kəlbəcərə yolu qısaltmaq üçün dağların bəzi hissələri partladılırdı.

Həmin görüntüləri ürək ağrısı ilə izləmişdik və "çətin ki, işğalçı rejim bu yollardan uzun müddət istifadə edə bilsin, tezliklə erməni separatçıları da özgə torpaqlarında oturduqlarını dərk edərək bu torpaqları boşaldacaqlar"- deyə düşünmüşdük. Təəssüflər olsun ki, düşmənlə bağlı düşündüklərimizdə bu dəfə də yanıldıq. Çünki erməni nəinki işğal etdiyi torpaqlarımızı boşaldır, əksinə Ermənistandan Qarabağa yol çəkilişlərini davam etdirir. Elə bu ayın əvvəlində Ermənistan-Ağdərə (Dağlıq Qarabağ) avtomobil yolu salındı. Üstəlik Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal olunmuş ərazisi olan Dağlıq Qarabağdakı separatçı rejimin başçısı Bako Saakyanla bərabər həmin yolun açılışında iştirak etdi. Sarkisyan həmin açılışın ardınca Xankəndində separatçı rejimin 26 illiyi ilə əlaqədar tədbirlərə qatıldı. Bəllidir ki, işğalçı rejim ələ keçirdiyi rayonlarımıza yeni yollar salmaqla kifayətlənmir. Yeni salınan yollar Ermənistanın Dağlıq Qarabağla bağlı planının sadəcə bir hissəsidir.

Azərbaycan-Erməni Araşdırmaları Mərkəzinin rəhbəri, Türkiyənin Ərciyəs Universiteti Ermənişünaslıq bölümü başqanı Qafar Çaxmaqlı  Ermənistanın Dağlıq Qarabağ torpaqlarında illərdir həyata keçirdiyi plan haqqında Moderator.az-a danışıb. O deyib ki, Ermənistan- Azərbaycan Dağlıq  Qarabağ münaqişəsi başlanan dövrdən bu günə qədər işğal olunmuş ərazilərə ermənilərin qanunsuz yerləşdirilməsi davam edir: "Ermənilər 1994-cü ilin mayında  atəşkəsin əldə olunması və hərbi əməliyyatların dayandırılmasından sonra işğal etdikləri Azərbaycan ərazilərində - Dağlıq Qarabağda və ona bitişik ətraf rayonlarda demoqrafik strukturu süni şəkildə dəyişdirmək siyasətini həyata keçirməsini dövlət səviyyəsində aparmaqda davam ediblər. Bu məskunlaşdırma beynəlxalq qanunlara ziddir və işğal altındakı ərazilərdə ermənilərin qanunsuz məskunlaşdırılması verilən qərarlarla həyata keçirilib, onlar erməni mətbuatında yer alıb və proses indi də davam etməkdədir.

Müxtəlif mənbələrdən, o cümlədən Ermənistan mənbələrindən və ATƏT missiyasının hesabatlarından təsdiqlənən məlumatlara görə, ötən əsrin 90-cı illərinin ortalarından başlayaraq bu günə qədər Dağlıq Qarabağa və işğal altındakı digər ərazilərə 25-27 min erməni köçürülüb. Bu köçürülmə siyasəti Ermənistan hökuməti, xaricdəki erməni diasporu tərəfindən dəstəklənib və maliyyələşdirilib. Nəzərə alsaq ki, sonrakı illərdə Suriyadan, son zamanlar İraqdan və digər yerlərdən məcburi köçkün olanlar da buraya yerləşdirilib, bu say 5-10 min arasında artıb. Azərbaycanın işğal olunmuş ərazilərində bu gün qanunsuz yaşayan 35 min əhali var. İşğal altındakı ərazilərdə məskunlaşdırmanın həyata keçirilməsi Ermənistanın da 1993-cü ildə qoşulduğu 12 avqust 1949-cu il tarixli Mülki Əhalinin Müharibə Zamanı Müdafiəsinə aid Dördüncü Cenevrə Konvensiyası və ona əlavə Protokollara ziddir".  

Professor ermənilərin adına hazırlanmış xüsusi plandan da danışıb: "Xankəndidəki ermənilərin adına “Dağlıq Qarabağ Respublikası” dedikləri separatçı qurum işğal olunmuş hər bir Azərbaycan rayonunda erməni əhalinin məskunlaşması ilə bağlı xüsusi plan hazırlayıb və bununla bağlı qərar, sərəncam verib. Ermənilərin bu ərazilərdə qanunsuz məskunlaşma planları həyata keçirilməkdədir.  Ayrı-ayrı vaxtlarda ermənilər bu ərazilərdə qanunsuz məskunlaşma ilə əlaqədar qərarlar da veriblər. “Artsaxın azad olunmuş ərazilərinə əhali yerləşdirmə ilə bağlı “Artsax Respublikası hökumətinin” qərarını və yaxud “DQR ərazisində yenidən yerləşmiş ailələrə ayrılmış güzəştlər haqqında” “DQR Hökumətinin” 2003-cü il 15 aprel tarixli qərarlarını göstərmək olar. Bu tarixlərdən əvvəl də belə qanunsuz qərarlar qəbul edilib. Kəlbəcər və Laçına xeyli əhali köçürülüb. Ermənilər  Ağdamda ekspedisiya yaradıb “Tiqranakert” adlı “qədim erməni məskəni” “aşkar edirlər”. Ermənilərin Kovşaqan adlandırdıqları  Zəngilanda xeyli erməni məskunlaşdırılır. Cəbrayılın, Füzulinin kəndlərini inzibati dəyişikliklə Dağlıq Qarabağın ərazisinə birləşdirirlər. Və bununla da əmindirlər ki, buranı da Ermənistana ilhaq edəcəklər. Hətta Zəngilanda ermənilərdən ibarət şəhər salmaq barədə erməni mətbuatında yazılar da gedir. Bu ərazilərə səfərlər, tətillərin burada keçirilməsi, ekskursiyalar..."

Q.Çaxmaqlı deyib ki, Ermənistanın rəhbərləri bu ərazilərə gəlib-gedir və burada olan əhaliyə o mesajı verirlər ki, onlar bu torpaqları Azərbaycana verməyəcəklər: "Ermənistan mənbələrində, erməni rəsmilərinin açıqlamalarında da işğal altındakı ərazilərdə qanunsuz məskunlaşdırmanı təsdiqləyən faktlara müntəzəm rast gəlinir. Məsələn, 2012-ci ilin aprelində Ermənistanın “Panarmenian” agentliyi qondarma Dağlıq Qarabağ “hökumətinin” üzvü Narine Astçatryana istinadən xəbər yayıb ki, son beş ildə Azərbaycanın işğal altında olan ərazilərinə 600-dən çox erməni ailəsi köçürülüb. Həmin ailələrin əksəriyyətinin qoşunların təmas xətti yaxınlığında məskunlaşdırıldığı bildirilib. Təkcə 2010-cu ildə Azərbaycanın işğal altındakı Laçın rayonu ərazisində 199 erməni ailəsi (616 nəfər) məskunlaşdırılıb. 2011-ci ilin ilk aylarında isə Laçında daha 50 ailə yerləşdirilib. 2011-ci ilin sonuna qədər isə ümumilikdə Laçın rayonu ərazisində 300 ailənin məskunlaşdırılması planlaşdırılırdı. İndi bu say ikiqat artıb. Dağlıq Qarabağdakı qanunsuz rejimin rəsmiləri deyiblər ki, bu əraziyə köçürülənlərə və daimi məskunlaşmağa razılıq verənlərə güzəştli kreditlər ayrılır, onlar tikinti materialları, həmçinin köçmə və əmlakın daşınması üçün nəqliyyat vasitələri ilə təchiz olunur. Livanda fəaliyyət göstərən «Artsax» fondu tərəfindən Laçında məskunlaşdırılmış erməni ailələrindən hər birinə kənd təsərrüfatı yaratmaq üçün 2700 ABŞ dolları məbləğində güzəştli kredit verilib. İş o yerə çatıb ki, Laçın və Kəlbəcər rayonlarına erməni ailələrinin köçürülməsi layihəsinin reallaşması üçün lotereya oynanılıb. Bu barədə separatçı Dağlıq Qarabağ rejimin "baş naziri” Ara Harutyunyan bildirmişdi. A.Harutyunyan proyektin 30 milyon drama (təxminən 12 milyon dollar) reallaşacağını söyləmişdi. "Pulu yığmaq üçün bizim tərəfimizdən lotereya oynanılır. Biz erməni ailələrinin məskunlaşma prosesini sürətləndirməliyik. Hazırda Kaşatağ rayonunda (Laçında) 10 min ailə yaşayır”. Bu rəqəm indi daha da artıb.

Azərbaycanın işğal altında olan bölgələrində qanunsuz olaraq erməni ailələri yenə də məskunlaşdırılır. Suriyada vətəndaş müharibəsi başlayandan sonra isə bu ölkədə yaşayan ermənilərin Dağlıq Qarabağ və ona bitişik rayonlarda məskunlaşdırılması intensiv hal alıb. Son məlumatlara görə, 3 ildə 3 mindən çox Suriyadan gələn erməni Qarabağda yerləşdirilib. Bu həm erməni lobbisi, həm də "Tufenkyan” və "Kaşataq” xeyriyyə fondlarının maliyyə dəstəyi ilə reallaşır. Ermənilər Laçın və Kəlbəcər rayonlarının ərazicə Ermənistanla bütövləşdirilməsinə çalışırlar. Bəllidir ki, “Ermənilərin Laçın və Kəlbəcərlə bağlı xüsusi planları var. Və onlar bu bölgələri sülh danışıqları ilə də Azərbaycana vermək fikirləri yoxdur. Laçın və Kəlbəcər Dağlıq Qarabağ və Ermənistanla ərazi cəhətdən bütövləşdirir. Belə bir fikir olmasaydı, "ac Ermənistan" Vardenisdən Kəlbəcərə milyonlar töküb yol çəkməzdi".
07.09.2017 16:52:00
Oxuma sayı: 13069