Azərbaycan Sərsəng su anbarına nəzarəti ələ keçirə bilərmi?
Ölçü:


"Kür çayında suyun azalması ölkəmiz üçün milli təhlükəsizlik məsələsidir və bu problemin həlli istiqamətində yeni konsepsiya ortaya qoyulmalıdır. Təkcə Kür çayı yox, Araz çayı da ekoloji problemlə üz-üzədir. Kürün quruması aran rayonları və Mingəçevir su anbarı üçün çox ciddi problemlərə gətirib çıxaracaq. Su problemi strateji məsələdir və Azərbaycanın əsas su ehtiyatları işğal olunmuş ərazilərdə yerləşir". 

Koordinat.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O, qeyd edib ki, Kür çayı öz mənbəyini Türkiyədən götürür: "Türkiyənin Kür çayı üzərində iki su anbarı tikməsi, məhz Kürdə suyun təhlükəli həddə azalmasına səbəb olan ən başlıca amillərdən biridir. Çayın mənbəyində iki su anbarının tikilməsi, Türkiyənin daxili işi olsa da, bu digər ölkələrə problemlər yaradır. Azərbaycan qardaş ölkə ilə bu istiqamətdə danışıqlar aparmalı və Türkiyə rəhbərliyi bundan irəligələn məsələni yoluna qoymalıdır. Bundan əlavə, Kür çayında əlavə qollar ayrılaraq digər ərazilərin suvarılmasına çəkilib. Su ehtiyatlarının tam mənimsənilməsi digər ölkələr üçün ekoloji fəlakətdir və bu, Türkiyə hakimiyyətinin diqqətinə çatdırılmalı və onların rəsmi şəxslərinə Kürün hazırkı vəziyyətini göstərilməlidir. Yay aylarıda Türkiyə tərəfi su anbarının birini işlətməməklə bağlı öhdəlik götürməlidir". 

Ekspert vurğulayıb ki Azərbaycanın ən böyük su anbarlarından biri Ermənistanın işğalında olan Sərsəng su anbarıdır: "Su anbarına nəzarəti əldə etməklə, Azərbaycanın su ilə bağlı problemi azala bilər. Bu istiqamətdə Azərbaycan hərəkətə keçməlidir. Hətta hərbi əməliyyatlar keçirməli və su anbarını nəzarətə götürməlidir. Beynəlxalq təşkilatlar və digər ölkələrib bundan xəbəri olunca, Azərbaycan ordusu buna nail ola bilər. Sərsəng su anbarı Azərbaycan üçün strateji məsələ olmalıdır. Prezident İlham Əliyev Sərsəng su anbarı ilə bağlı dəfələrlə məsələ qaldırıb. Hətta AŞPA -nın su anbarı üzərində Azərbaycanın suveren hüquqlarını tanıyan qətnaməsi də var".
02.07.2020 17:27:00
Oxuma sayı: 120