Məktəbəhazırlıq qruplarına 14948 uşaq qeydiyyatdan keçib
Ölçü:


Bu gün saat 12:00-dək Bakı məktəblərinin hazırlıq qruplarına uşaqların qəbulu üçün elekton sistemdə 14948 ərizənin onlayn qeydiyyatı aparılıb.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) Koordinat.az-a verilən məlumata görə, qurumun tabeliyindəki ümumi təhsil müəssisələrində 2017/2018-ci dərs ili üçün məktəbəhazırlıq qruplarına avqustun 1-dən başlanmış elektron qeydiyyat prosesi sentyabrın 18-dək davam edəcək. Avqustun 15-dən həyata keçirilən məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə sentyabrın 20-dək  aparılacaq.

Məktəbəhazırlıq qruplarının əsas məqsədi uşaqların tədrisə hazırlıqlı başlaması, dərs prosesinə öncədən alışması, onlarda müəyyən bilik və bacarıqların formalaşdırılmasından ibarətdir. Məktəbəhazırlıq qruplarına uşaqların qəbulu mektebeqebul.edu.az elektron sistemi vasitəsilə həyata keçirilir.

Məktəbəhazırlıq qrupuna qəbul üçün uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti (şəxsiyyət vəsiqəsi olmadığı halda doğum haqqında şəhadətnamə; Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi; Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi; Xarici ölkədə verilmiş doğum haqqında şəhadətnamə (Azərbaycan dilinə tərcümə olunmuş variantda)), uşağın mübadilə vərəqi (sağlamlıq haqqında arayış-forma 26U), 2 ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və valideynin (digər qanuni nümayəndənin) “Şəxsi kabinet”indən çap olunmuş “Ərizə” məktəbə təqdim olunmalıdır.

Valideynin (digər qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə müvafiq sənədləri təqdim edərək övladının məktəbəhazırlıq qrupuna qəbul olunması barədə qəbz almasından sonra proses tam olaraq başa çatmış hesab edilir.

Məktəbəhazırlıq qruplarına qəbulla bağlı sual yarandıqda elektron ərizənin qeydiyyatı ilə əlaqədar hər bir rayon ərazisində fəaliyyət göstərən Alternativ Qeydiyyat Mərkəzlərinə, bütün digər hallarla bağlı Apelyasiya Komissiyalarına müraciət etmək olar.

Növbəti tədris ilində BŞTİ-nin tabeliyindəki 266 ümumi təhsil müəssisəsində məktəbəhazırlıq qrupları fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq.

Qeyd edək ki, 2017-2018-ci tədris ilində 5 yaşlıların 65 faizinin məktəbəhazırlıq qruplarına cəlb olunması nəzərdə tutulur.  
05.09.2017 13:10:47
Oxuma sayı: 98