Tanınmış jurnalist işsiz oğlunun birdəfəlik 190 manatı ala bilməməsinin əzablarından yazdı
Ölçü:


İlham MƏMMƏDLİ, 
“Bütöv Azərbaycan” qəzetinin redaktoru

“Covid-19” pandemiyası dünyada çox köhnə mizan-tərəzini pozdu və bu mənfi tendensiya bu gün də davam etməkdədir. Azərbaycan bir dövlət olaraq xəstəliyin ilkin dövründə öncədən hesablanmış addımlar atmaqla bir müddət vəziyyəti nəzarətdə saxlaya bildi. Hökumət əhalinin müəyyən ehtiyaclarını qarşılamaq üçün müəyyən sosial-iqtisadi tədbirlər də həyata keçirdi. Sərt karantin rejimində əhalinin işsiz təbəqəsinin maddi çətinliklərini minimum kompensasiya etmək üçün adambaşına 190 manat aylıq sosial yardım paketi qəbul etdi. Əhaliyə elan olundu ki, bu məbləği əldə eləmək üçün Dövlət Sosial Müdafiə Fondunun portalında qeydiyyatdan keçmək lazımdır. Maliyyə yardımında qiyabi təhsil alan və işsiz olan tələbələrin də bu yardımı alacaqları elan edildi. Lakin baş verən proseslər göstərdi ki, adı çəkilən Fondun qeydiyyatından keçmək cəhənnəm əzabından betər bir iş, həm də jurnal imiş. Kino isə səni qabaqda gözləyirmiş.

Oğlum Şəhriyar Məmmədli Bakı Dövlət Universitetinin İqtisadiyyat fakültəsində oxuyur. Universitetin əyani şöbəsinə qəbul olan oğlum sonradan təhsilini qiyabi şöbədə davam etdirir. O da hamı kimi dövlətin verdiyi imtiyazdan yararlanmaq istədi. Kamali-səliqə ilə Fondun məlum portalında qeydiyyatdan keçdi. Vaxt isə acı bağırsaq kimi uzandı və nəhayət, günlərin bir günü ona imtina cavabı gəldi. Uzun-uzadı yazışmalardan, telefon danışıqlarından da bir mətləb hasil olmadı. Fonddan bildirdilər ki, sən əyani oxuduğundan bu hüquqdan faydalana bilməzsən. Onun qiyabi təhsil alması ilə bağlı BDU-dan təqdim etdiyi rəsmi arayışı da yaxın qoymadılar. Universitetin rəsmi saytında göstərilən qiyabi təhsillə bağlı göstəricilər də Fond rəsmilərinin eyninə olmadı. Mən prosesləri əvvəlcə kənardan izləyirdim. Sonralar durum məni də qıcıqlandırdı və uzun illər mətbuatda çalışmış peşəkar bir jurnalist olaraq düşündüm ki, vəziyyətlə özüm maraqlanım. Həm də fikirləşdim ki, görəsən dövlətin bu qədər aydın mətnlə açıqladığı qaydaları pozmağa kimin cürət edə bilər ki? Sonda gördüklərimdən özümün də yanıldığımı anladım.

Etiraf edək ki, son illər əhalinin ən çox narazı qaldığı dövlət qurumları siyahısında adı keçən qurumlardan biri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Sosial Müdafiə Fondudur. Elə bu karantin rejimi prosesində də hər iki qurumun yarıtmaz fəaliyyətləri ilə bağlı saysız faktlar ortaya çıxdı. Neçə illər qabaq ölmüş insanların adlarının siyahıya salınması, həyat yoldaşı dünyasını dəyişmiş qadına ərinin işləməsi barədə mesaj gəlməsi, birinə aid olan mesajın başqasına göndərilməsi, subay qızın ərinin işləməsiylə bağlı xəbər və sair və ilaxır. Sosial şəbəkələrdə bununla bağlı o qədər gülməli (əslində ağlamalı) faktlar ortaya çıxdı ki, insanların matı-qutu qurudu. Bu işə cavabdeh olanlar iddia edə bilərlər ki, bunların bəziləri texniki qüsurlar, hansısa məmurun səhlənkarlığı səbəbindən baş verib. Bəs, ortada olan dəlil-sübutlara, faktlara göz yummaq necə?

Mən oğlumla bağlı baş vermiş anlaşılmazlığı araşdırmaq üçün Fondun Yasamal rayonunda yerləşən qərargahına üz tutdum. Burda gördüyüm ilkin mənzərə heç də ürək açan olmadı. İnsanlar buraya günlərlə, həftələrlə ayaq döydüklərindən şikayətlənirdilər. Onlara olan biganəlikdən, saymazlıqdan fəryad edirdilər. Qəbul otağında olan məmurları özümlə bağlı vəziyyətlə güc-bəla ilə başa salandan sonra mənə bildirdilər ki, Fondun direktorunun adına ərizə yazmalıyam. Ərizəni yazıb oğlumun qiyabi təhsil alması ilə bağlı arayışı da ona əlavə edib qonşu binadakı qutuya atdım. Burada çalışan işçilərdən birinin “əgər əvvəlki iki ay yardım verilməyibsə, demək verilməyəcək” cavabı məni çox qıcıqlandırdı. Mən əlimdəki arayışı ona göstərəndə isə ironiya ilə gülüb məndən aralandı. Onun bu hərəkətini özümdən də çox dövlətimizə, onun qanunlarına qarşı bir həqarət kimi qəbul etdim. Sən demə bu hələ şükürlüsüymüş. Vəziyyəti aydınlaşdırmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat katibi Fazil Talıblıya zəng vurdum. Allah üçünə zəngimə ehtiramla cavab verdi. Lakin vəziyyəti ona izah edəndə bildirdi ki, biz informasiyaları Dövlət İmtahan Mərkəzinin saytından götürürük. Ona izah etdim ki, oğlum Universitetə üç il bundan qabaq daxil olub, artıq ikinci ildir ki, qiyabi təhsil alır və işsizdir. Sözü bu oldu ki, siz gedib dəyişikliyi DİM-in elektron bazasında edin. Mən əlavə etdim ki, əlimdə Bakı Dövlət Universitetinin rəsmi arayışı var və bu da rəsmi dövlət qurumudur. DİM-in elektron bazasında dəyişiklik etmək isə bu qədərmi asandır və həm də bu karantin dövründə? Bu cavabım görünür onun heç xoşuna gəlmədi və səsinin tonunu qaldırdı ki, siz məni şantaj edirsiniz? Bu dəfə lap mat qaldım. Ha fikirləşdimsə, onu şantaj edəcək hansı sözü dediyimi xatırlaya bilmədim.

Dünyada artıq yeni dönəm başlayıb. Dövlətlər süni intellektdən, onun sabah həyatımıza göstərəcəyi köklü dəyişikliklərdən danışır və bu istiqamətdə ciddi addımlar atılır. Ölkəmizdə də neçə ildir ki elektron hökumət yaradılması ilə bağlı xeyli işlər görülür. Təəssüf ki, son hadisələr göstərdi ki, bəzi dövlət qurumları hələ də keçmiş illərdə ilişib qalıblar və onların öz qaydaları var. Onlar vətəndaş-dövlət arasındakı körpünü möhkəmləndirmək əvəzinə, sanki hər vasitə ilə mövcud olanları dağıtmaqla məşğuldur. Əgər vətəndaş öz haqqını rəsmi sənədlərlə sübut edə bilmirsə, məmursa haqqı görmək istəmirsə, bunun məsuliyyətini kim daşımalıdır? 
01.07.2020 17:06:00
Oxuma sayı: 48