"Azərsu" sədri deputatların suallarını cavablandırdı
Ölçü:


“Bu gün Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvləri ilə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynovun görüşü oldu. Görüşə həmin komitənin üzvü olmayan deputatlar Tahir Rzayev, Sabir Rüstəmxalı, Rauf Əliyev də qatılmışdı. Qorxmaz müəllim su təchizatının yaxşılaşdırılmasına dair Bakı şəhəri və bütövlükdə Abşeron yarımadasında, eləcə də regionlarda görülmüş işlərlə bağlı məlumat verdi. Son vaxtlar Kür çayında suyun azalmasının əhalinin içməli su təchizatına təsiri, iyunun əvvəllərində Bakının bəzi yerlərində su çatışmazlığının səbəblərini izah etdi”.

Koordinat.az xəbər verir ki, bunu Modern.az-a “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllı bu gün parlamentdə keçirilən dinləmələr barədə danışarkən deyib. O, Qorxmaz Hüseynova deputatlar tərəfindən bəzi suallar ünvanlandığını və“Azərsu” sədrinin bütün sualları cavablandırdığını da bildirib:
“Hətta deputatlar seçildikləri rayonlarla bağlı yazılı müraciətlər də təqdim etdilər. Bizim mütəxəssislər tərəfindən həmin müraciətlər araşdırılır və müvafiq tədbirlər görülərək, cavablandırılacaq. 3 saata yaxın keçən görüşdə içməli su və tullantı su sektoru ilə bağlı detallı olaraq deputatlara məlumatlar verildi. Bu sahədə gələcəkdə görüləcək işlər, eləcə də sudan qənaət və səmərəli istifadə edilməsi ilə bağlı məsələ ətrafında geniş müzakirələr aparıldı”.


“Azərsu” rəsmisinin sözlərinə görə, deputat Sabir Rüstəmxanlı Neftçaladakı içməli su problemini dilə gətirərək, icra olunan yeni layihə barədə sual ünvanladı: “Qorxmaz müəllim Sabir Rüstəmxanlıya cavabında layihənin icrasına başlanıldığını, Salyan rayonu yaxınlığında anbar tikildiyini və 44 km uzunluğunda magistral su kəmərinin tikintisinin davam etdiyini diqqətə çatdırdı. Eyni zamanda, noyabr ayında kəmərin tikintisinin başa çatdırılacağını söylədi. Millət vəkillərindən Rauf Əliyev Xəzər rayonundakı, Fatma Yıldırım Bərdə şəhərindəki, Nəsib Məhəməliyev Balakəndəki, İltizam Yusifov Şirvandakı, Naqif Həmzəyev Gəncədəki işlərlə bağlı fikirlərini bölüşdülər və həlli vacib işlərin görülməsinin təklif etdilər”.
01.07.2020 16:58:00
Oxuma sayı: 44