Qüdrət Həsənquliyev: "Azərbaycanın Rusiya ilə zorən dostluğu Qərbin mütərəqqi və ədalətli kəsiminin bizə inamını sarsıdır"
Ölçü:


"Növbəti dəfə həmsədr ölkələrin münaqişənin saxlanılmasında və işğalın davam etməsində maraqlı olması öz təsdiqini tapdı. Onlar Paşinyan hakimiyyətə gələndən sonra cəbhədə əldə olunmuş nisbi sakitlikdən məmnun olduqlarını ifadə ediblər. Çünki işğalçı erməni əsgərləri ölmür və Ermənistan qorxusuz-hürküsüz işğal etdiyi torpaqları məskunlaşdırır".

Koordinat.az xəbər verir ki, bunu Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyev Moderator.az-a açıqlamasında bildirib. O. qeyd edib ki, həmsədrlərin bəyanatlarında bir cümlə ilə belə işğal olunmuş ərazilərin məskunlaşdırılması və işğalın davam etməsi pislənilməyib: "Əslində başqa mövqenin sərgilənməsini gözləmək də sadəlövhlük olardı. ABŞ və Fransada ölkənin siyasətini müəyyənləşdirən siyasətçilərə güclü təsir imkanlarına malik erməni diasporası var, hər iki dövlət xristian ölkəsidir. Rusiya isə Ermənistanın hərbi-siyasi müttəfiqidir".

Qüdrət Həsənquliyev iqtidarı Rusiya ilə danışmağa və nəticələri barədə xalqı məlumatlandırmağa çağırıb: "Ya Rusiya münaqişənin həllinə razılıq verməli və biz səmimi hərbi- siyasi müttəfiqə çevrilməliyik, ya da Rusiya münaqişəni qoruyub saxlamaq siyasətini davam etdirərsə onunla münasibətlərə yenidən baxmalı, Azərbaycan Avroatlantik məkana inteqrasiya yolunu tutmalıdır. Yoxsa 130 il də Ermənistanla danışıqlar aparsaq, heç nə dəyişməyəcək".

Deputat deyib ki, Azərbaycanın Rusiya ilə indiki zorən dostluğu Qərbin mütərəqqi və ədalətli kəsiminin də bizə inamını sarsıdır: "Ona görə Azərbaycan Qarabağ məsələsində daha cəsarətli və çevik xarici siyasət yürütməlidir. Biz bir il ərzində genişmiqyaslı islahatlar aparmalı, Rusiya münaqişənin həllinə razı olmasa o zaman böyük risk etsək də torpaqlarımız uğrunda ölüm-dirim savaşına başlamalıyıq. Pakistandan və Türkiyədən hərbi yardım istəməliyik. Nə qədər ki, Ərdoğan hakimiyyətdədir, bunu etməliyik. O, Azərbaycanı sevən, müstəqil və qürurlu adamdır. Sabah Dəmirəl kimi birisi Türkiyədə hakimiyyətə gəlsə, ən yaxın müttəfiqimiz Türkiyəni də itirəcəyik. Ermənistanı işğala son qoymayacağı təqdirdə müharibənin qaçılmazlığına inandırmaq üçün böyük savaşa qədər, riyakar Minsk qrupu həmsədrlərinin açıqlamalarına əhəmiyyət vermədən, torpaqlarımızdakı işğalçı ordunun əsgərlərini hər gün öldürməyə çalışmalıyıq. Bizim sözdə yox, əməldə torpaqlarımızı işğaldan azad etməyə nə qədər qətiyyətli olduğumuza düşmən və onun havadarları əmin olmalıdırlar. Ermənistan tam əmin olmalıdır ki, onu kimin müdafiə etməsindən asılı olmayaraq müharibə başlasa o viran qalacaq".
01.07.2020 10:48:00
Oxuma sayı: 59