ÜST Azərbaycana maska, respirator və xalat göndərib
Ölçü:


Ötən həftənin sonunda Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Bürosu tərəfindən Azərbaycan, Belarus və Ukraynaya tibb işçiləri üçün 4,7 mln. məbləğində fərdi qoruyucu komplekt göndərilib. 

Koordinat.az xəbər verir ki, layihəyə vəsaiti Avropa İttifaqı pandemiyaya qarşı mübarizədə bu ölkələrə COVİD-19 yardımı çərçivəsində ayırıb. BMT-nin saytındakı məlumatda deyilir ki, ümumi çəkisi 92 ton olan yük təyyarələrlə gətirilib. Ümumilikdə, Azərbaycan, Belarus və Ukrayna 2,8 mln. tibbi maska, 1,3 mln. respirator, 100 min üz üçün qoruyucu ekran, 60 min xüsusi eynək və 340 min xalat alıblar.

Bütün məhsullar beynəlxalq keyfiyyət standartlarına uyğundur. Bu vasitələr COVİD-19-a yoluxanlar ilə işləyən həkimlərin təhlükəsizliyini təmin etməyə kömək edəcək.

Alınan yardım-900 min dəst bir ay ərzində Ukraynada   50 xəstəxanasının tələbatını ödəyəcək. Xəstəlik göstəricisinin daha yüksək olduğu Belarusa 3,6 mln., Azərbaycana isə 160 min fərdi qoruma dəsti təqdim edilib.

Bu, ÜST və Aİ-nin birgə layihəsi çərçivəsində gətirilən humanitar yüklərin ilk partiyasıdır. Yaxın zamanlarda Ermənistan, Gürcüstan və Moldova Respublikası da belə yardım alacaqlar. Ümumilikdə, iki ay ərzində regionun bu altı ölkəsinə pandemiyaya qarşı mübarizədə lazım olan 10 mln.-dan çox qoruyucu dəst, koronavirus infeksiyasının müəyyən edilməsindən ötrü laboratoriya testi üçün cihazlar və digər əşyalar göndəriləcək.
29.06.2020 17:24:00
Oxuma sayı: 67