Məşhur YAP-çı: "Azərbaycan səhiyyəsi dəllalların əlindədir”
Ölçü:


Hakim Yeni Azərbaycan Partiyasının qurucu üzvü, təşkilatın Siyasi Şurasının üzvü,  keçmiş icra başçısı Musa Musayev Səhiyyə Nazirliyini tənqid atəşinə tutub. 

Koordinat.az-ın məlumatına görə, o, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) bəzi səlahiyyətlərinin Səhiyyə Nazirliyinə verilməsinə münasibət bildirərkən koronavirus pandemiyası dövründə Səhiyyə naziri Oqtay Şirəliyevin “yox”a çıxdığına eyham edib: “Səhiyyə Nazirliyinin 100 illik tarixi var. Səhiyyə naziri 15 ildir ki, bu kürsüdə oturub. Müqayisə edəndə görürük ki, TƏBİB-in səlahiyyətli şəxsləri tez-tez mətbuatda və televiziya kanallarında, sosial şəbəkələrdə çıxış edib hesabat verirlər. 
Təəssüf hissi ilə qeyd edirəm ki, Səhiyyə nazirinin həyat təcrübəsi, həkimlik stajı, 15 illik nazir karyerası onu deməyə əsas verir ki, o və naziriyin səlahiyyətli şəxsləri mövcud vəziyətlə bağlı vaxtaşırı çıxış etməlidir. Amma “onları gördüm” deyən yoxdur”.

Keçmiş icra başçısı əlavə edib ki, vətəndaşların ən çox narazılıq etdiyi sahələrdən biri səhiyyədir: “Bütün səhiyyə ocaqlarında, o cümlədən özəl klinikalarda müalicə və müayinə baha, keyfiyyət isə aşağıdır. Dövlətin bu sahəyə yüksək məbləğdə vəsaitlər ayırmasına, yeni səhiyyə ocaqlarının tikilməsinə, ən müasir avadanlıqların alınmasına baxmayaraq xidmət aşağı səviyyədədir. Sanki Azərbaycan səhiyyəsi dəllaların əlindədir. Qonşu ölkələrdən tanınmamış, savadsız həkimləri respublikamıza gətirib onları televiziya kanallarında reklam edib müştəri yığırlar. Dövlətimizin səhiyyəyə, tibb işçilərinə qayğı və diqqətini nəzərə alaraq hesab edirəm ki, bu sahədə ciddi islahatlara və dönüşə ehtiyac var”.
 
25.06.2020 12:13:00
Oxuma sayı: 171