Daha 101 dövlət əmlakı özəlləşdirilməyə çıxarıldı
Ölçü:


Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən sentyabrın 26-da keçirilməsi nəzərdə tutulan yeni hərrac elan olunub.

Komitədən Koordinat.az-a verilən məlumata görə, bu hərraca ümumilikdə 101 dövlət əmlakı çıxarılıb. Bunlardan 25-i səhmdar cəmiyyəti, 15-i kiçik dövlət müəssisə və obyekti, 50-si istifadəsiz qeyri-yaşayış sahəsi və 11-i nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxarılan əmlaklar haqqında ətraflı məlumatı linkdən əldə etmək mümkündür. Hərrac barədə informasiyalar komitənin rəsmi internet səhifəsi, Özəlləşdirmə portalı (privatization.az) və "facebook" səhifəsində yerləşdirilib. Mütəmadi yenilənən bu internet resursları vasitəsilə həm hərraca çıxarılan, həm də baş tutmuş hərraclarda satılmış əmlaklar haqqında məlumat almaq mümkündür.

Hərracda əmlak sahibi olmaq istəyən vətəndaşın cəmi 2 sadə proseduru yerinə yetirməsi kifayətdir. Birinci komitənin elektron xidmətlər portalı vasitəsi ilə sifariş verilir, ikinci mərhələdə isə əmlakın satış qiymətinin 10%-i məbləğində behi ödənilməklə hərracda iştirakçı statusu qazanılır. Qeyd edilməlidir ki, sifarişlər hərracın keçirilməsinə 3 bank günü qalanadək verilməlidir.

Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektinin əksəriyyəti torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Bakı, Qazax, Şirvan, Ağstafa rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Qazaxda yerləşən "Elviz" kiçik dövlət müəssisəsi, Ağstafada olan Qazax Kənd Tikinti Birliyi kimi iri dövlət əmlakları var.

Hərraca torpaq sahəsi ilə birgə çıxarılan kiçik dövlət müəssisələri sırasında ən yüksək ilkin satış qiyməti Qazaxda yerləşən kiçik dövlət müəssisəsidir. 110 min manata təklif olunan müəssisənin torpaq sahəsi 6255 kv.m.-dir. Bundan başqa Mingəçevirdə yerləşən 138 saylı mağaza 55 min manata, Ağstafada olan Qazax Kənd Tikinti Birliyi 30 min manata hərraca çıxarılıb.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Bakının Sabunçu rayonunda yerləşən 67 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində yaxşı qazanc deməkdir. Əmlakın torpaq sahəsi 300 kv.m-ə yaxın, ümumi faydalı sahəsi isə 234 kv.mdir.

Bundan başqa Yevlaxda yerləşən 7 saylı yeməkxana da sahibi üçün iaşə sahəsində gəlirli hesab olunur. Hərracda özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 47-si paytaxtda, qalanları isə Gəncə, Sumqayıt və Mingəçevir şəhərlərində yerləşir. Ən yüksək ilkin satış qiyməti paytaxtın Nəsimi rayonunda yerləşən qeyri-yaşayış sahəsinə təklif olunub. Belə ki, bu əmlak 45 min manat start qiyməti ilə hərraca çıxarılıb. Özəlləşdirilməyə açıq elan edilən belə əmlakların sahəsi 13 kv.m ilə 123 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Daha az investisiya tələb edən əmlaklar da hərraca çıxarılıb. Bunlardan paytaxtın Xətai rayonunda yerləşən, sahəsi 15 kv.m olan qeyri-yaşayış sahəsini nümunə kimi göstərmək mümkündür. Həmin əmlakın ilkin start qiyməti 2700 manat təşkil edir. Həmçinin Gəncə şəhərində yerləşən sahəsi 50 kv.m, ilkin start qiyməti 3 min manat təşkil edən qeyri-yaşayış sahəsini də bu kateqoriyaya aid etmək olar.

Hərracda özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Qax Taxıl”, “Ağdaş Quşçuluq”, “Salyan Aqrotexservis”, “Yevlax Yük Avtonəqliyyat”, “Salyan broyler” “İsmayıllı Təmir Tikinti” kimi səhmdar cəmiyyətlər var. Hərraca çıxarılan 11 nəqliyyat vasitəsinin qiyməti isə 500 manatla 9 min 500 manat arasında dəyişir. Özəlləşdirilən nəqliyyat vasitələrinin markaları da müxtəlifdir.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Əmlak Məsələləri Dövlət Komitəsi yerli və xarici investorları, sahibkarları, iş adamlarını və mülkiyyət sahibi olmaq istəyən hər bir kəsi özəlləşmədə fəal iştirak etməyə dəvət edir.
28.08.2017 11:43:00
Oxuma sayı: 181