YAP-çı deputat: "Mehriban Əliyeva prezident olmağa ən layiqli namizəddir"
Ölçü:


“Mehriban xanım Əliyeva öz xeyirxah əməlləri və nüfuzu ilə Azərbaycanda və dünyada tanınır. Azərbaycan xalqı onu xeyirxah bir xanım kimi çox istəyir”.

Koordinat.az xəbər verir ki, bunu “Ölkə.Az”-a açıqlamasında Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə təbrik edərkən Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Eldar İbrahimov bildirib. Eldar İbrahimov qeyd edib ki, Mehriban Əliyeva ölkə başçısından sonra Azərbaycan Prezidenti olmağa ən layiqli namizəddir: “Gördüyü böyük uğurlu işləri nəzərə alsaq, Mehriban xanım Azərbaycan Prezidenti olmağa layiqli insandır. Onun prezidentliyə namizəd olması da Yeni Azərbaycan Partiyasının sədrinin və İdarə Heyətinin qərarından asılıdır. Təbii ki, Yeni Azərbaycan Partiyası rəhbərliyi məsləhət bilsə, Mehriban xanım Əliyeva Azərbaycan prezidentliyinə namizəd ola bilər. Yenə deyirəm ki, Mehriban xanım öz zəngin təcrübəsi və bacarığı sayəsində Prezidentliyin öhdəsindən də yüksək səviyyədə gələ bilər. Lakin bunun üçün Yeni Azərbaycan Partiyası rəhbərliyinin müvafiq qərarı olmalıdır. Onsuz da mən Mehriban xanım Əliyevanı Azərbaycanın gələcək Prezidenti görürəm”. 
27.08.2017 11:03:40
Oxuma sayı: 430