Hüquqşünas: “Polis mənzil toxunulmazlığı hüququnu pozub, insan ləyaqətini alçaldıb”
Ölçü:


Ötən həftə sonu – iyunun 6-7-də Bakı, Gəncə, Sumqayıt, Lənkəran şəhərlərində və Abşeron rayonunda karantin rejiminin sərtləşdirilməsi qərarı müxtəlif olaylara yol açdı. Əsas narahatlıq doğuran hadisə isə paytaxtın Yeni Yasamal ərazisində yaşandı. İyunun 7-də həmin ərazidəki sakinlərdən biri qadağaya əməl etməyərək həyətə çıxdığına görə polislər tərəfindən zorla maşına mindirilib aparılarkən binaların sakinləri buna etiraz etdilər. Bəzi eyvanlardan aşağıya zibil atıldı.

Koordinat.az
xatırladır ki, buna cavab olaraq, iyunun 8-də səhər saat 07 radələrində həmin məhəlləyə Çevik Polis Alayı yeridildi. Polislər zorla mənzillərə daxil olaraq, bir gün öncə eyvanlardan zibil atdığı iddia olunan şəxsləri yataqdan qaldırıb, bəzilərini hətta çılpaq şəkildə tutub, apardı. Sosial mediada yayılan videolardan polisin istər sakinlərlə, istərsə də saxlanılan şəxslərlə sərt davranışı müşahidə olunur.

Bu hadisə sosial mediada qızğın müzakirələrə yol açıb. Polisin davranışını qınayanlar da var, bir gün əvvəlki zibilatma hərəkətinə cavab hesab edib, haqq qazandıranlar da.
Hüquqşünas Yalçın İmanov “Press Klub”a bildirdi ki, polislərin davranışı bir gün əvvəl baş verənlərə qətiyyən adekvat deyildi. Onun sözlərinə görə, eyvandan zibil atmaq cinayət əməli deyil, inzibati xətadır. İnzibati Xətalar Məcəlləsinə uyğun şəkildə həmin şəxslərə xəbərdarlıq etmək və ya başqa inzibati tənbeh qərarı vermək olardı. Amma o şəxslərlə qatı cinayətkar kimi davrandılar.

Y.İmanov qeyd etdi ki, Yeni Yasamalda polis vətəndaşların mənzil toxunulmazlığı hüququnu pozub, insanların ləyaqətini alçaldıb: “Polislə bağlı həm yerli, həm də beynəlxalq normalarda yazılıb ki, hüquq-mühafizə orqanları tərəfindən fiziki gücün tətbiqinə yalnız zəruri hallarda, legitim məqsədlə, proporsional həddə icazə verilir. Şəxsin müqavimət göstərmək ehtimalı, qaçmaq ehtimalı varsa, polis tərəfindən güc tətbiqinə hardasa, haqq qazandırmaq olar. Amma konkret Yasamaldakı hadisədə qaçmaqdan, müqavimətdən söhbət gedə bilməz. Belə olan halda, polisin davranışı qanuni çərçivəni aşır. “Polis haqqında” qanunun 5-ci maddəsində yazılıb ki, polisin hər hansı şəxslə insan ləyaqətini alçaldan şəkildə davranışı yolverilməzdir, belə hərəkətə görə məsuliyyət daşıyır. Adamı çılpaq vəziyyətdə aparmaqla bu qanunu açıq-aşkar pozdular. Bu əməl həm də İnsan Hüquqları və Əsas Azadlıqların Müdafiəsinə dair Avropa Konvensiyasının 3-cü maddəsinin pozuntusudur. Azərbaycanın da qoşulduğu Konvensiyanın bu maddəsi indanlara qarşı pis rəftarı, insan ləyaqətini alçaldan davranışı qadağan edir”.

Hüquqşünas vurğuladı ki, polisin evlərə zorla daxil olmağa ixtiyarı yoxdur. Çünki mənzilə məcburi daxil olmaq üçün məhkəmə qərarı lazımdır. Yoxdursa, bunun üçün də qanunda dörd hal nəzərdə tutulub. Məsələn, mənzildə insan meyitinin olmasına dair əsaslı şübhələr, şəxsiyyət, dövlət əleyhinə cinayətin hazırlanmasına dair səhih məlumat varsa və s.

Vəkil Cavad Cavadov da durumu şərh edərkən bildirdi ki, şəxs istintaq, təhqiqat orqanının çağırışına könüllü gəlməkdən imtina edəndə məcburi qaydada gətirilir. Cinayət Prossesual və İnzibati Xətalar Məcəlləsi də bunu deyir: “Polisin bu qaydalara əməl etmədən, insanların mənzil toxunulmazlığını pozaraq evlərə daxil olub, onları zorla aparması tam qanunsuzdur”.

Vəkil Aqil Layıc da qeyd etdi ki, vətəndaşların polisə zibil atması inzibati xətadır və fərdi məsuliyyətə səbəb olur. Amma indiki halda, polisin davranışı dövlət gücündən sui-istifadəsinin nümunəsi idi: “Polis qisasçılıq, ya da qeyri-ənənəvi cəza orqanı deyil. Məlum hadisədə polisə haqq qazandırmaq, elə ilk öncə bu peşəyə xəyanətdir. Hər kəsin cəzası qanuna uyğun və ləyaqətli davranışla verilməlidir. Bu işdə iştirak edən polislər cəzalandırılmalıdır”.

Deputat İqbal Məmmədov isə bildirib ki, Azərbaycan polisi koronavirusla mübarizə dönəmində yüksək peşəkarlıq nümayiş etdirdi, dövlətinə və millətinə növbəti dəfə sədaqəti ilə dünyada ən yaxşı polis nümunəsi göstərdi: “Azərbaycan polisi üzərinə düşən missiyanı şərəflə icra etməkdədir. Biz həftə sonu karantin rejiminin sərtləşdirilməsi günləri bunun bir daha şahidi olduq”.

09.06.2020 13:45:00
Oxuma sayı: 420