Mahmudovlar ailəsinin 111 milyon dollarlıq biznes və əmlak imperiyası: pulları Azərbaycana qaytarmaq mümkün olacaqmı?
Ölçü:

Azərbaycanın keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin təqribən 111 milyon dollarlıq biznes və daşınmaz əmlaka malik olduğu üzı çıxıb.

Koordinat.az xəbər verir ki, bu barədə "Guardian.com" saytı məlumat yayıb.
 Məqalədə deyilir ki, Azərbaycanın keçmiş Milli Təhlükəsizlik nazirinin uşaqları Britaniyada dəbdəbəli daşınmaz əmlak əldə ediblər. Aparılan təhqiqat nəticəsində məlum olub ki, bura Londonda 21 milyon dollara alınmış ev də daxildir.

Azərbaycan Prezidenti İlham Əliyev Milli Təhlükəsizlik naziri Eldar Mahmudovu 2015-ci ildə işdən azad edib. Bununla bağlı hər hansı səbəb göstərilməyib.

Guardian.com-da gedən yazıda qeyd edilir ki, 2019-cu ilin noyabr ayında hakerlər tərəfindən Kayman Milli Bankından çıxarılmış və daha sonra internetdə dərc olunmuş müştəri faylları göstərir ki, Mahmudovun ailəsi təqribən 111 milyon dollarlıq biznes və daşınmaz əmlak imperiyası qurub. Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Hesabatı Layihəsi, “Finance Uncovered” jurnalist araşdırmaları layihəsi və Transparency International təşkilatının birgə araşdırması nəticəsində məlum olub ki, bu əmlakın demək olar hamısı Mahmudovun oğlu 36 yaşlı Anar və qızı 31 yaşlı Nərgiz Mahmudova ilə əlaqəli şirkətlər vasitəsilə əldə edilib. Bacı-qardaşın əldə etdiyi daşınmaz əmlaka Britaniyanın sahil şəhəri olan Puul və Bornemut şəhərlərində yerləşən ofis mərkəzləri də daxildir. Araşdırmanın nəticələrinə görə, bu əmlakın dəyəri 16,7 milyon dollar ətrafındadır. Təhqiqat nəticəsində Londonun bahalı Naytsbric rayonunda təqribən 21,4 milyon dollara satın alınmış dördmərtəbəli binanın da Anar Mahmudova məxsus olduğu aşkarlanıb.

2018-ci ildə Anar Mahmudovun Londonda yaşayan qaynanası Zamirə Hacıyevanın 10 il ərzində bahalı “Harrods” dükanında 21 milyon dollardan artıq pul xərclədiyi məlum olmuşdu. Məhkəmə Hacıyevanın pullarının mənbəyini göstərməli olduğu haqda hökm çıxarmış, Hacıyeva isə bu hökmə etiraz etmişdi. 2020-ci ilin fevralında onun bu etirazı rədd edilib. O, Britaniyada mənbəyi göstərilməyən sərvət haqda çıxarılmış ilk hökmün (UWO) hədəfinə çevrilib.



Eyni zamanda, beynəlxalq və yerli araşdırmaçı jurnalistlər Azərbaycanın yüksək vəzifəli məmurlarının dünyanın müxtəlif ölkələrində, o cümlədən ABŞ və Türkiyə, Çexiya, həmçinin Rusiyada çoxmilyonluq mülklərə və əmlaka malik olması barədə araşırma yazıları ilə çıxış edib. Azərbaycanın müxalifət partiyaları araşdırma yazılarında dərc olunan faktların araşdırlması ilə bağlı Baş Prokurorluğa müraciətlər göndərsə də hələ bu sahədə araşdırmaların aparılıb-aparılmaması ilə bağlı ictimaiyyətə məlumat verilməyib.

Prezident İlham Əliyev yeni təyin etdiyi baş prokuor Kamran Əliyevlə mayın 1-də video formatında keçirdiyi görüşü zamanı deyib ki, vacib vəzifələrdən biri korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədir: “Hesab edirəm ki, prokurorluq orqanları bu istiqamətdə daha fəal iş aparmalıdırlar. Bu xoşagəlməz hallara qarşı Azərbaycanda çox ciddi mübarizə aparılır. Mən bu məsələ ilə bağlı dəfələrlə öz fikirlərimi bildirmişdim. Bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin. Amma əfsuslar ki, mənim sözlərim bəziləri üçün dərs olmadı və bunun nəticəsində indi Dövlət Təhlükəsizliyi Xidməti bir neçə əməliyyat keçirərək rüşvətxorları, yüksək vəzifə sahiblərini ifşa etdi və onlar artıq cinayət məsuliyyətinə cəlb edilmişlər. Ağstafa, Biləsuvar, Yevlax, Neftçala rayonlarının icra başçıları həbs edilmişdir, ictimaiyyətə bu məsələ ilə bağlı ətraflı məlumat verilmişdir və bundan sonra da ətraflı məlumat veriləcəkdir.”

Vəkil Fuad Ağayev Milli Məclisin müzakirəyə çıxardığı sənədi müsbət qarşılayır.

“Azərbaycanın ümumilikdə belə hüquq normalarına ehtiyacı var. Cinayət Prossesual Məcəlləsinə düzəliş zəruridir. Ancaq bu qanunvericilik hansı səviyyədə həyata keçirilir? Bu hüquq normaları nə dərəcədə keyfiyyətli olacaq? Nə dərcədə aydın ifadə ediləcək? O cümlədən, Azərbaycanın qonşuları, digər dövlətlər üçün nə dərəcədə aydın ifadə edilib? Bunu hələ deyə bilmərəm” - deyə, hüquqşünas Milli Məclisdə müzakirəyə çıxarılan sənədlə hələ tanış olmadığını və yalnız medianın məlumatlarına istinad etdiyini bildirib.

Hüquqşünas onu da vurğulayıb ki, Azərbaycanda son 20-25 ildə çoxsaylı qanunvericlik aktları qəbul edilib: "Amma onların mütləq əksəriyyətinin keyfiyyəti o qədər də yüksək deyil.”


Azərbaycandan qanunsuz yollarla çıxarılmış pulların, o cümlədən ölkədə qanunsuz yollarla qazanılmış çirkli pulların hesabına xaricdə alınmış əmlaklara gəlincə, Ağayev deyib ki, məsələn, Böyük Britaniya və Şimali İrlandiya Krallığında alınmış əmlakın satışından əldə ediləcək vəsaitin geri qaytarılması üçün təkcə Azərbaycan tərəfinin qəbul etdiyi qanunlar kifayət deyil: “Burada ilk növbədə dövlətlərarası münasibətlərdən, dövlətlərarası hüquqi yardım məsələlərindən söhbət gedir. Bu sahədə Xarici İşlər Nazirliyi ciddi iş aparmalıdır. Həmçinin hüquq mühafizə orqanları, o cümlədən Baş Prokurorluq tərəfindən müvafiq işlər aparılmalıdır. Amma, bu işlərin kifayət qədər keyfiyyətli aparılacağına mənim inamım yoxdur” .

Viza Hüquq Firmasının rəhbəri Aslan İsmayılov qanunvericiliyə yeni əlavəni təqdir edir: “Əlbəttə təqdir edirəm. Ancaq onun reallaşması çox çətin olacaq. Ən azından bunun icra olunması üçün dövlətlərarası hüquqi yardım haqqında müqavilə olmalıdır. Çox təəssüf ki, məhz inkişaf etmiş ölkələrlə belə müqavilələr yox dərəcəsindədir.”

Hüquqşünas ölkədən qanunsuz yollarla vəsaitləri çıxaran məmurlara qarşı cinayət işlərinin qaldırlacağına inana bilmir: “Ancaq, jurnalistlərin apardığı araşdırmalarla bağlı hüquqi müstəvidə araşdırmaların aparılmasını vacib sayıram.”

A.İsmayılov ölkədən qanunsuz yollarla nə qədər vəsaitin çxarılmasını təxmin edə bilmir:
“Ölkədən nə qədər vəsait çıxarıldığını deyə bilmərəm. İnanmıram ki, bu rəqəmi kimsə dəqiq bilsin. İmkanı olan, pulu olan hər bir məmurun xaricdə əmlakı, biznesi olmasına şübhə etmirəm.”

Hüquqşünas ölkədən qanunsnuz yollarla pul çıxarmaqda adları keçən məmurlar barəsində indiyədək cinayət işinin qaldırılmamasına da münasibət bildirib.

“Bunu istəyin olmaması ilə əlaqələndirirəm. Bu mübarizənin effektli olması üçün birinci növbədə gəlir bəyannaməsi işlək olmalıdır, yəni qəbul olunmuş qərar icra olunmalıdır,” Ismayılov qeyd edib.
07.06.2020 18:09:00
Oxuma sayı: 226