Məcburi köçkünlərin “Qobu park-3”ə köçürülməsinə başlandı - FOTO
Ölçü:

Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 28-də Bakının Qaradağ rayonunda açılış mərasimi olan “Qobu Park-3” yaşayış kompleksində məcburi köçkünlərin yerləşdirilməsinə başlanılır. Kompleksə, əsasən, paytaxtın Yasamal rayonu ərazisindəki yataqxanalarda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri köçürüləcəkdir.

Koordinat.az
xəbər verir ki, koronavirus infeksiyasının qlobal pandemiya kimi bütün dünyanı sarsıtdığı, hər yerdə iqtisadi böhrana səbəb olduğu bir vaxtda ölkəmizdə sosial layihələrin icrasının uğurla davam etdirilməsi Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin təcəssümüdür. Dövlətimizin başçısı məcburi köçkünlərin sosial problemlərinin həllini də daim diqqətdə saxlayır, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər həyata keçirir. Son illərdə məcburi köçkünlər üçün yeni yaşayış sahələrinin inşası daha da genişləndirilib. Bu il yeddi mindən çox məcburi köçkün ailəsinin yeni mənzilə köçürülməsi nəzərdə tutulur.

Birinci vitse-prezident xanım Mehriban Əliyeva məcburi köçkünlərin yaşayış şəraiti, təhsili, sağlamlığı, məşğulluğu ilə bağlı məsələlərə xüsusi həssaslıq göstərir, bu məsələlərin oprerativ həll edilməsi üçün tapşırıqlar verir, icrasını daim nəzarətdə saxlayır.

Ölkəmizdə sosial layihələrin icrasına, o cümlədən məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına özəl sektorun öz töhfəsini verməsi təqdirəlayiq haldır. Belə layihələrin investisiyalaşdırılması barədə Prezident İlham Əliyevin çağırışına cavab olaraq, bir sıra sahibkarlıq subyektləri öz vəsaitləri hesabına məcburi köçkünlər üçün yeni yaşayış kompleksləri inşa edirlər. “Qobu park-3” də həmin komplekslərdən biridir.

Kompleksdə yerləşdiriləcək məcburi köçkün ailələrinin bir qrupu üçün iyunun 2-də Yasamal Rayon Bələdiyyəsinin inzibati binasında püşkatma keçirilib. Azərbaycan Texniki Universitetinin 1 saylı yataqxanasında müvəqqəti məskunlaşmış 100-dən çox məcburi köçkün püşkatmada iştirak edib. Püşkatma Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi karantin rejimində tətbiq etdiyi qaydalara uyğun formada, sosial məsafənin qorunması şəraitində təşkil  edilib. Məcburi köçkünlərə binanın qarşısında qoyulumuş monitorda püşkatmanın gedişinin videogörüntüsünü izləmək imkanı yaradılıb.

Püşkatmanın keçirilməsi məcburi köçkünlərin yerləşdirilməsində obyektivliyi və şəffaflığı təmin etmək məqsədi daşıyır. Məcburi köçkün ailələrin nümayəndələri püşkatma vasitəsilə onlara verilən mənzillərin dəqiq ünvanını müəyyənləşdiriblər.

Tədbirdə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, yerli icra hakimiyyəti orqanlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Özəl sektor tərəfindən inşa olunan “Qobu Park-3” yaşayış kompleksində onmərtəbəli 13 yaşayış binası inşa olunub. “Qobu Park-3” yaşayış kompleksindəki mənzillərin ümumi sayı 1336-dır. Onların 156-sı bir, 580-i iki, 384-ü üç, 216-sı dördotaqlıdır. Bütün mənzillər mətbəx mebeli, soyuducu, fərdi kombi sistemi ilə təchiz edilib. Bu kompleksə, əsasən, Yasamal rayonundakı yataqxanalarda məskunlaşan məcburi köçkünlərin köçürülməsi nəzərdə tutulub. Qeyd edək ki, “Qobu Park-3” yaşayış kompleksi qaçqın və məcburi köçkünlər üçün salınmış 111-ci qəsəbədir. Kompleksin ərazisində istehsalat sahələri, ticarət obyektləri və digər zəruri infrastruktur yaradılıb. Ərazidə sakinlərin asudə vaxtının səmərəli təşkili məqsədilə istirahət parkı salınıb, uşaq əyləncə meydançaları quraşdırılıb, geniş yaşıllıq və işıqlandırma işləri görülüb. Burada həm də 3 idman meydançası və 360 yerlik açıq avtomobil dayanacağı sakinlərin ixtiyarına veriləcək.


02.06.2020 17:44:00
Oxuma sayı: 33