Mahmudovların 200 milyon manatlıq varidatları əllərindən çıxa bilər
Ölçü:

İngiltərə istintaqçıları sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun ailəsinin bu ölkənin ərazisində təxminən 100 milyon avro - 200 milyon manata yaxın biznes qurduğunu ortaya çıxarması barədə xəbər vermişdik.  

İstintaq Azərbaycanın keçmiş təhlükəsizlik rəhbərinin övladları tərəfindən “Harrods” yaxınlığında 17 milyon funt sterlinqlik bir ev, o cümlədən bir sıra lüks mülklər alındığını müəyyən edib. Bu haqda nüfuzlu “The Guardian” nəşri yazıb. Eldar Mahmudovun ailə üzvlərinə aid olan, Britaniya offşor adalarında gizlədilmiş nəhəng biznes və daşınmaz əmlak imperiyası nüfuzlu Qərb KİV-lərində müzakirə mövzusudur.

Jurnalistlər Mahmudovun sərvətlərinin izinə 2019-cu ildə Britaniya Men adaları qrupundakı Kayman adalarının “Cayman National Bank” adlı bankının müştərilərinin məlumat bazasına edilmiş haker hücumu nəticəsində düşüblər.  Araşdırma qrupu həmin bankın müştəriləri arasında keçmiş Azərbaycan nazirinin izlərini aşkar ediblər. Məlum olub ki, çoxsaylı daşınmaz əmlak və aktivləri Eldar Mahmudovun oğlu Anar Mahmudovun və qızı Nərgiz Mahmudovanın adına qeydiyyatdan keçib. Araşdırma qrupu Mahmudov ailəsinə həmin aktivlərin mənbəyi barədə sorğu verəndə ailənin hüquqşünası bildirib ki, Mahmudovlar bu biznesi 19-cu əsrdə yaşamış milyoner “babaları” Aslan Aşurovdan qalan sərvət hesabına, o cümlədən “ailənin gəlirlərindən qənaət edilmiş pullar” hesabına qurub. Lakin jurnalistlər Mahmudovlar ailəsinin Aşurovla qohumluq bağlarına dair heç bir məlumata rast gəlməyiblər. O cümlədən Eldar Mahmudovun 1990-cı illərdə hüquq-mühafizə orqanlarında vəzifə tutana qədər imkanlı şəxs olduğuna dair heç bir fakt aşkar edilməyib. Keçmiş nazirin atasının rəsmi bioqrafiyasında göstərilir ki, o, kəndli ailəsində anadan olub, E.Mahmudovun  1990-cı illərə aid olan bank bəyannamələrində isə pulları özünün qazandığını göstərib.

Hacı Aslan Aşurova gəlincə, onun barəsində tarixçi-publisist Ədalət Tahirzadənin “Aşurovlar nəslinin sənədli tarixi” adlı kitabında bəhs edilir. Orada göstərilir ki, Hacı Aslan Aşurov tacir olub, sonradan Bakıda neft yataqları alıb. Ticarətdə qazandığı uğurlara görə “1-ci dərəcə Gildiya Tacir” imtiyazına layiq görülüb. Həmin imtiyaz o dövrdə Aşurova bir sıra imtiyazlar qazandırırdı. Aşurovun Bakı şəhərində imarətləri, “Aşurov qardaşları” adlı ticarətxanası, neft yataqları, dükanları, dəyirmanları, mülkləri, Rusiyanın Saratov şəhərində torpaq sahələri və dəyirmanları olub. Habelə onun neft, şəkər və düyü daşıyan gəmilərin sahibi olduğu bildirilir. Aşurovlar nəslinin digər nümayəndəsi Ağa Aşurov isə Azərbaycan Xalq Cümhiryyətinin qurucularından biridir, ixtisasca mühəndis  olub, cümhuriyyət hökumətində iqtisadiyyat naziri postunu tutub. Göründüyü kimi, Aşurovlar nəsli kifayət qədər nüfuzlu nəsildir və Eldar Mahmudovun ailəsi varidatlarının mənbəyini bu nəsillə əlaqələndirmək cəhdinə baş vurublar.

Amma məsələnin bu tərəfi də var ki, Eldar Mahmudovun sovet dövrü akademiki olan atası Əhməd Mahmudov Bakıda, milyonçu Aşurovun ailəsində yox, 1923-cü ildə Naxçıvanın Şərur rayonunun Şahtaxtı kəndində sadə kəndli ailəsində anadan olub.

Bəs İngiltərə istintaqçıları Mahmudovun ailəsinin üzə çıxan sərvətlərinin mənbəyi haqda “leqenda”sına inanacaqmı?

Tanınmış hüquqşünas, Azərbaycanın bank sektorunda rəhbər vəzifələrdə çalışmış Əkrəm Həsənov deyir ki, Eldar Mahmudov çevik tərpənib pulların mənbəyi ilə bağlı cavab hazırlayıb: “Bundan başqa, Eldar Mahmudovun külfəti pulu 1 ölkəyə deyil, bir neçə ölkəyə yatırıb. Məşhur şotland yazıçısı Artur Konan Doylun məşhur qəhrəmanı Şerlok Holms əsərlərin birində deyir ki, məndən yaxşı cani çıxardı. Yəni adam caniləri tutmaqla məşğuldur və daha ağıllı şəkildə qətl törədə biləcəyini dilə gətirir.  Eldar Mahmudovun gözləri qarşısında qudası Zamirə Hacıyeva həmin İngiltərədə araşdırmalara cəlb olundu. Ona da əmlaklarının mənbəyi ilə bağlı suallar verildi, məhkəməyə çəkildi. Zamirə Hacıyevanın məhkəməyə ağlabatan izah verməməsi orada qeydə alının varidatlarının əllərindən çıxarılması deməkdir. Hazırda digər ölkələr İngiltərə praktikasına müraciət etməyiblər. Amma əksər Avropa dövlətlərinin korrupsiya yolu ilə əldə olunan varidatlara əl qoyacağı gün də uzaqda deyil. Artıq bu yöndə hüquqi addımların atılmasına hazırlıqlar da gedir. Eldar Mahmudovun övladlarının İngiltərədə aşkarlanan varidatlarının mənbəyinin babadan qalma miras olmasını sübuta yetirmək şansları hesab edirəm ki, yox dərəcəsindədir”.

Əkrəm Həsənov deyir ki, İngiltərə məhkəmə sistemi kiminsə uydurmalarına inanacaq qədər zəif deyil: “Babamdan qalıb demək olar. Amma gərək sübut edəsən ki, nə qalmışdı, nə satılmışdı. Həmin pullar harada, hansı bankda saxlanılıb? Bu, sıradan bir sorğular deyil və bunu sübut etmək çox çətin olacaq. Əgər düşündüyümüz qədər ağıllı tərpəniblərsə, əsas əmlakı İngiltərədə deyil, başqa bir Avropa ölkəsində biznesə yatırıb məşğul olublarsa, bu halda deyə bilərlər ki, varidatın mənbəyi həmin biznesdir”.

Əkrəm Həsənov deyir ki, Avropada biznesin gətirdiyi gəlir, ödənilən vergilər aşkardır: “Eldar Mahmudovun övlarları varidatın mənbəyi kimi əcdadları Aslan Aşurovun var-dövlətinin onlara miras qaldığını deyirlər. Avropa dövlətlərindəki biznesdən söhbət açmırlar. Açsalar, bu halda da həmin bizneslərinin gəlirliliyi varidatlarına adekvat olmalıdır. Tutaq ki, İngiltərədə 1 milyardlıq əmlakları var, digər ölkədəki biznesləri də 1 milyardı qazandıracaq səviyyədə olmalıdır. Bu gün ortada belə fakt yoxdur. Əvəzində üzə çıxan varidat babadan qalma elan olunur. Bu cür izahat İngiltərə məhkəməsində keçərli deyil. Azərbaycanda belə deyə bilərdilər. Çünki Azərbaycanda dövlət məmurlarının gəlir və xərc bəyannaməsi yoxdur. Əgər olsaydı, belə izahat mümkün olmazdı”.

Əkrəm Həsənov ehtimal edir ki, Eldar Mahmudovun ailəsi qudası Zamirə Hacıyeva “İzaholunmaz Sərvət Sərəncamı”na cəlb olunandan sonra hərəkətə keçib: “Eldar Mahmudov əvvəldən bilsəydi ki, İngiltərədə belə bir qanun çıxaracaqlar, elə qudasının əmlakını xilas edərdi, İngiltərədən çıxarılması xəbərdarlığını bildirərdi. Yəni Eldar Mahmudovun qudası orada istintaqa cəlb olunandan sonra özü üçün çıxış yolları axtarması daha çox inandırıcıdır. Mahmudovun ailəsi babadan qalma miras faktını təsdiqləyə bilərsə, bu halda vəziyyətdən çıxa bilər. Əks halda, İngiltərədə varidatı əldən çıxacaq”.

Əkrəm Həsənov deyir ki, Eldar Mahmudovun varidatını xilas etməsinin başqa yolu da var: “Azərbaycan dövlətinə müraciət edib müqavilə bağlaya bilər ki, həmin varidatın mənbəyi olan pullar Azərbaycanda biznesdən qazanılıb. Bu halda Eldar Mahmudovun ailəsi həmin varidatın yarısını, 40 faizini Azərbaycan dövlətinə verməlidir. Eldar Mahmudovun qalmaqalla işdən çıxarılması, ətrafının həbsi ona belə bir şans vermir”.

Əkrəm Həsənov hesab edir ki, Eldar Mahmudov İngiltərədəki varidatını itirəcək: “Cahangir Hacıyevin İngiltərəyə qaçırdığı pullar hesabına alınan varidat əldən çıxdığı kimi onun qudasının da əmlakı əldən çıxacaq. İngiltərə təcrübəsi və pandemiyanın yaratdığı iqtisadi böhran digər Avropa ölkələrini də bu yöndə tezliklə hərəkətə keçirəcək. Kimin əlindən əmlakını, varidatını almaq mümkündürsə, alacaqlar. Eldar Mahmudovun indilik İngiltərədəki əmlakı əlindən çıxacaq. Sonrakı mərhələdə isə onun digər Avropa ölkələrinə çıxardığı əmlaklar, pullar da əllərindən alınacaq. Bu gedişat təkcə Eldar Mahmudova aid deyil, digər korrupsiyaya bulaşmış məmurları da eyni aqibət gözləyir”.      

Əkrəm Həsənov deyir ki, Azərbaycan hökuməti də Eldar Mahmudovun İngiltərədə və digər ölkələrdə üzə çıxan varidatı ilə bağlı hərəkətə keçməlidir: “Çağırıb Eldar Mahmudovu soruşmalıdırlar ki, yaxşı, bu pullar babandan qalıb. Harada saxlayıb baban həmin pulu, qızılı? Sovet dövründə canına toxunulmayan, varidatı əlindən alınan milyonçuların sırasında ilk yerdə Hacı Zeynalabdin Tağıyev gəlir. Bizlər Hacı Zeynalabdin Tağıyevin qızının hansı şəraitdə yaşadığına şahidlik etmiş insanlarıq. Çünki Hacı Zeynalabdin Tağıyevin son qəpiyini də əlindən alıblar. Yəni Eldar Mahmudovun babasının sovet hökumətindən böyük sərvət gizlətməsi, üstəlik, babasının qardaşının Azərbaycan Xalq Cumhuriyyətinin nazirlərindən biri olması onu deməyə əsas verir ki, bu, sadəcə, mümkün deyildi. Sovet vaxtı onun babası da, babasının qardaşı da güllələnməyə göndərilənlər sırasında olmalı, ən yaxşı halda Sibir çöllərində can verməli idilər. Onların əmlakları, varidatları isə sövet hökumətinin sərəncamına keçməli idi. Eldar Mahmudovun övladlarının varidatın mənbəyi kimi göstərdikləri dəlil - babadan qalmış miras məsələsi inandırıcı deyil”.

Xatırladaq ki, jurnalist araşdırmalarına görə, “Cayman National Bank”ın daxili sənədlərindən məlum  olur ki, 2016-cı ildə bankın mütəxəssisi Mahmudovlara məxsus “Britannia Group Ltd” adlı şirkətin tranzaksiyalarının qanuniliyini sual altına alıb. Tezliklə bank bu sənədləri və informasiyanı Men adalarının maliyyə araşdırmaları şöbəsinə təqdim edib. Amma araşdırma aparılıbmı, bu məlum deyil. Ələ keçirilmiş bank sənədləri Mahmudovlar ailəsinin sərvətləri Azərbaycandan Avropaya necə ötürdüyünü aşkara çıxarır. Jurnalistlər terabaytlarla həcmdə informasiyanı təhlil ediblər, Mahmudovlar ailəsinin Böyük Britaniya, İspaniya, Lüksemburq, Litva və Kiprdəki biznes imperiyasını, daşınmaz əmlaklarını müəyyənləşdirə biliblər. Məlum olub ki, bu sərvətlərin ümumi dəyəri 110 milyon dollardan çoxdur. Bank sənədlərindən məlum olur ki, Mahmudovlar ailəsinin bütün obyektləri və şirkətləri Eldar Mahmudovun 36 yaşlı oğlu Anarın və 31 yaşlı qızı Nərgizin adına rəsmiləşdirilib. Sənədlərə əsasən bu qardaş-bacı 20 yaşlarında artıq investor və daşınmaz əmlak maqnatları idi. Anar Mahmudov 2006-cı ildə İsveçrədə biznes-məktəbi bitirib, həmin il isə sənədlərə əsasən bibisi ona Azərbaycandakı “Cryistal Group” şirkətlər qrupunu hədiyyə edib. Hansı ki, Anar Mahmudov sərvətinin mənbəyinin məhz bu şirkət olduğunu bildirir. Və həmin şirkəti guya babaları Aslan Aşurovdan qalmış sərvət hesabına qurmuşdular.

Qeyd edək ki, Baş Prokurorluq beynəlxalq araşdırmaçı jurnalistlər qrupunun bu sensasion araşdırması ilə tanışdır və məsələyə şərh verəcəyi gözlənilir. /Musavat.com

02.06.2020 12:31:00
Oxuma sayı: 41