Fəzail Ağamalı: "Vüqar Səfərli həbs edilməlidir"
Ölçü:


“Bir neçə ay bundan öncə KİVDF rəhbərliyinin yarıtmaz fəaliyyəti ilə bağlı jurnalistlərin mənə ünvanladığı suallar barədə ətraflı danışmışdım. Çünki dəyərli jurnalistlərin sayəsində istər şəxsi söhbətlərimizdə, istərsə də hansısa platformada bu məlumatlar mənə çatdırılırdı".

Koordinat.az
xəbər verir ki, bunu millət vəkili Fəzail Ağamalı Konkret.az-a açıqlamasında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sabiq rəhbərliyi haqqında danışarkən deyib. O, bildirib ki, bir neçə media orqanında bu məsələyə aydınlıq gətirərək ortada cinayət əməllərinin, qanun pozuntularının olduğunu söyləyib: "Bildirdim ki, KİVDF-də ciddi yeyintilərə yol verilib, mənzillərin paylanılması zamanı jurnalistikaya aidiyyəti olmayan şəxslərin adı siyahıya salınıb. KİVDF-yə ayrlmış vəsait ədalətlə bölünməyib, öz qəzetlərinə daha çox vəsait veriblər, ənənəsi olan qəzetlər o yardımlardan, tamamilə, məhrum edilib. O cümlədən, peşəkar jurnalistlər KİVDF rəhbərliyinin günahı ucbatından ölkə prezidentinin yaratdığı imkanlardan istifadə edə bilməyib. Tamamilə əminəm ki, dediklərim müvafiq qurumların diqqətindən yayınmayıb, çünki həmin müsahibələrdən sonra, yetərincə cinayətlərə yol verən Vüqar Səfərli işdən uzaqlaşdırıldı”.

F.Ağamalının sözlərinə görə, hazırkı proseslərin nəticəsi olaraq adı hallanan şəxslər həbs olunmalıdır: “Vüqar Səfərlinin bütün əməlləri başda-ayağa cinayət idi, o adam dövlətin ayırdığı bütün vəsaiti ağına-bozuna baxmadan, hara gəldi xərcləyib, jurnalistləri dövlətimizdən narazı salıb. Düşünürəm ki, Vüqar Səfərli və digərləri öz əməllərinə görə cinayət məsuliyyəti daşıyırlar və onlar haqqında artıq istintaq işi açılıb. Həmin istintaq işi ölkə Prezidentinin korrupsiya və rüşvətxorluğa qarşı elan etdiyi mübarizənin, müharibənin mahiyyətinə və məntiqinə tamamilə uyğundur. Cinayət varsa, cəza mütləq olmalıdır, başqa yol ola bilməz. Və inanıram ki, günahkarlar öz cəzasını alacaqlar. Jurnalistlərin haqqını və hüququnu təmin etmək məqsədilə ədalətli addımlar atılacaq və bundan sonra belə neqativ hallara yol verilməyəcək”.

02.06.2020 10:32:00
Oxuma sayı: 119