Məcburi köçkünlərin ağır güzəranı - FOTOLAR
Ölçü:



Hər an uçacaqmış kimi görünən qəzalı bina, binanın həyətində tikilmiş taxta komalar, bir-birilərinə dolaşan elektrik naqilləri, məhəlləyə aparan palçıqlı yollar…

Bu ürək ağrıdan mənzərə ilk baxışda məcburi köçkünlərin nə dərəcədə acınacaqlı durumda yaşadıqlarını anlamaq üçün yetərlidir.

Binəqədi rayonu, Ələsgər Qayıbov 20/90 ünvanında yaşayan məcburi köçkünlər illərdir ki, rahat şəraitə həsrətdirlər. Hər an yaşadıqları binanın başlarına uçacağı qorxusu ilə yaşayan sakinlərin kommunal xidmət təminatı baxımından da bəxti gətirməyib. Məhəllənin kanalizasiya sistemi bərbad vəziyyətdədir. Bunu yollara axan çirkab sularının yaratdığı üfunət iyindən də hiss etmək mümkündür. Qarşımıza çıxan zibilliyin yaratdığı antisanitar şəraitdə oynayan azyaşlı uşaqlar isə bu vəziyyətin fərqində deyil.

Əsasən Ağdam, Füzuli, Kəlbəcər, Cəbrayıl rayonlarından olan məcburi köçkünlər Qarabağ müharibəsi gedən ərəfədə bu məhəllədə köhnə zavod binasında məskunlaşıblar. Burada 100-dən çox ailə yaşayır. Müharibə dövründən bu küçədə məsklunlaşan məcburi köçkün ailələri yeni mənzil arzusu ilə yaşayırlar və köçürüləcəkləri günü gözləyirlər. Sakinlər deyir ki, uçuq evlərdə yaşamaq onları həyatdan bezdirib. Kommunal problemlərə gəlincə su, işıq, qaz xətləri olsa da, tez-tez nasazlıqlar yaranır.

Cəbrayıl rayonunundan məcburi köçkün Səfər Orucov deyir ki, qışdan sağ çıxacaqlarına ümidləri yoxdur: “ Hər il olduğu kimi bu il də bizim üçün çox çətin oldu. 1993-cü il Cəbrayıl rayonundan gəlib burada məskunlaşmışıq. Gördüyünüz kimi vəziyyətimiz pisdir. Kommunal problemlərimiz, yollarımız bərbad vəziyyətdədir. Ailədə 5 nəfərik, hamımız 1 otaqda yaşayırıq. Uşaqlar balaca olanda birtəhər yola verirdik. İndi isə hamısı böyüyüb evdə addım atmaq mümkün deyil. Ensiz və şəraitsiz otaq həm mətbəximizdir, həm də yataq otağımız. Məcbur qalıb binanın 1-ci mərtəbəsindən taxta və kartonla mətbəx düzəltdik ki, bir az yer genişlənsin...”

Kəlbəcər rayonundan məcburi köçkün olan Sitarə Quliyeva bu qəzalı binada hər an ölüm təhlükəsi ilə üz-üzə qaldıqlarını deyir: “ Zavodun binası uçuq-sökük vəziyyətdədir. Binanın həyətində yaşadığımız üçün binanın fasadından qopan daş parçaları daxmaların üstünə düşür. Dəfələrlə həyətdə oynayan uşaqlara təhlükə yaranıb, az qalıb ki, daş parçaları onlara xəsarət yetirsin. Nəvələrimi ev dustağı etmişəm, həyətə çıxarmağa qorxuram. Bu problemlərə baxmayaraq nəinki hər hansı təhlükəsizlik tədbirləri, heç 20 il ərzində bir dəfə də bizimlə maraqlanan olmayıb”.

Başqa bir sakin isə övladlarının buz kimi daxmada xəstələndiklərini dedi: “Binanın heç bir istilik sistemi toxdur. Biz sonradan köçdüyümüz üçün binanın həyətində daxma tikdim. Azyaşlı uşaqlarım var. Otaqlar buz kimi olur. Otağı isitmək üçün yalnız elektrik qızdırıcılarından istifadə edirəm. Buna baxmayaraq, evin hər tərəfi dəlik-deşik olduğundan otaq isinmir. Binada hamam da yoxdur. Uşaqlarım çox əziyyət çəkir. Buz kimi daxmada tirəyə-titrəyə yuyundururam. Bu yaşlarında xəstəlik tapıblar. Gecə səhərə qədər nəfəsləri ilə yataqlarını qızdırırlar. Bütün bunları Allah götürərmi? Axı onlar körpədir. Bir ana kimi əlimdən heç nə gəlmir...”.







musavat.com



10.01.2016 22:58:27
Oxuma sayı: 1605