Azər Həsrət: "Əli Həsənovdan nə xeyir gördüm ki?!"
Ölçü:

"Mən İlham Əliyevi 12-13 il dəstəkləmişəm və bu gün də dəstəkləyirəm, mövqeyimi dəyişməmişəm".

Koordinat.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist  Azər Həsrət "Yenisabah"a müsahibəsində deyib. O, daha çox prezidentin keçmiş köməkçisi Əli Həsənovun adamı kimi tanınması haqqında suala belə cavab verib: "Dərd orasındadır ki, isinmədik istisinə, kor olduq tüstüsünə... Yəni Əli Həsənovun adamı olub nə etmişəm ki? Jurnalistlərə iki binadan evlər paylanılıb, amma mənə verilməyib. Mən avtomobil qəzası keçirmişdim, maşınım ələ gəlməz olmuşdu. Hadisə 2017-ci ilin yanvar ayında baş vermişdi. Mən Əli Həsənovun şöbəsindən xahiş elədim ki, mümkündürsə mənə iki aylıq borc kimi avtomobil verin. Benzini, yağı təbii ki, mənlik olacaq. Burada məqsədim televiziyalara çağırılanda gecikməmək idi. Dövlətin siyasətinin təbliğindən geri qalmamaq niyyətində idim. Mənə 2 aylıq bir avtomobil belə vermədilər, nə xeyir gördüm ki? Hətta o vaxt İctimai Televiziyaya çağırırdılar, indi çağırmırlar".

Azər Həsrət ən kiçik arzusunu belə yerinə yetirməyən Əli Həsənovun və onun şöbəsinin hazırladığı tezisləri niyə təbliğ etdiyini də söyləyib: "Xahiş edirəm, insanları yanıltmayasınız. Heç kim o cür düşünməsin. Mənim yazıb-pozduğum hər şey öz fikirlərim idi. Bu gün də elədir. Dövlətin tutduğu siyasət nədirsə, ona uyğun yazıram, danışıram. Mənə konkret təlimat gəlməyib ki, Əli Həsənov deyir bunu yaz. Dörd il - 2013-cü ilin aprelindən 2017-ci ilin aprelinədək Xəzər TV-də “Tərs bucaq” verilişi aparmışam. Bu müddət ərzində 150-dək veriliş efirə gedib. O verilişlərin 90 faizindən çoxunun mövzusunu özüm müəyyənləşdirmişəm. Əli Həsənovla əsla məsləhətləşmə olmayıb. Yalnız ölkədə siyasi proseslər cərəyan edəndə redaktorum deyib ki, bu dəfə filan mövzunu işləmək istəyirik. Onu da məndən soruşublar, mövzunu işləməyə razı olub-olmadığımı öyrəniblər. Bəzi müxalifətçilər olub ki, televiziyada onlarla bağlı kampaniya aparıblar, bu barədə mənə də təklif olunub ki, bəs həmin müxalifətçini tənqid edərdinizmi? Mən buna razı olmamışam...

Hətta mənə deyirlər ki, Əli Həsənovu sənin qədər müdafiə edən yoxdur. Əslində, mən onu müdafiə də etmirəm, sadəcə bizim bir salamımız olub. Bizim insanların əksəriyyəti vəzifədən gedəni baltalamağı xoşlayır, mənim xarakterim isə tamamilə fərqlidir. Mən indi bir-bir sayacam. Əli Həsənovdan əvvəl Ramiz Mehdiyev, Ramil Usubov haqqında da yazmışdım. Ramil Usubovla bir dəfə belə üz-üzə gəlməmişəm. Ramiz Mehdiyevlə isə ümumiyyətlə, əlaqəm olmayıb. Yəqin o da məni tanıyıb, amma salamımız belə olmayıb. Amma o işdən çıxandan sonra haqqında xoş sözlər yazmışdım. Misir Mərdanov haqqında da xoş sözlər yazmışam. Yeri gəlmişkən Misir Mərdanov vəzifədən gedəndən sonra təhsil sistemi xarabaya dönüb. Çox adamlar Misir müəllimi tənqid edir. Bu gün təhsilin başında duranlar Misir müəllimin heç vaxt tayı ola bilməyəcəklər.
01.06.2020 16:31:00
Oxuma sayı: 50