Xocalının deputatı Vahid Əhmədova qarşı: "Bu çıxış məhz şəxsi mənafedən xəbər verirdi"
Ölçü:

Milli Məclisin dünənki iclasında deputat Vahid Əhmədovun ermənilərin Şuşa şəhərində təşkil etdiyi "andiçmə" mərasiminə  seyrici yanaşmasına görə Müdafiə naziri Zakir Həsənovun və Baş qərargah rəisi Nəcmədiin Sadıkovu tənqdim etməsi, Azərbaycan dilində danışa bilməmələrinə görə onlara irad bildirməsi ölkə ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanıb. Baxmayaraq ki, Milli Məclis rəhbərliyi və bəzi deputatlar Vahid Əhmədovu söylədiyi fikirlərə görə qınayıb.

Koordinat.az xəbər verir ki, Vahid Əhmədovun "Şuşa olayları"  və Müdafiə Nazirliyinin rəhbərliyi ilə bağlı iradları Qarabağ bölgəsindən olan bəzi deputatların da xoşuna gəlməyib. Xocalıdan olan deputat Elman Məmmədov isə Modern.az-a açıqlamasında həmkarı Vahid Əhmədovun fikirləri ilə nəinki razılaşmadığını bildirib, hətta onu bu mövqeyinə görə qınayıb: “Mən elə Milli Məclisdə fasilə zamanı Vahid Əhmədova bildirdim ki, hörmətli Vahid müəllim siz deyəsən mətbuatı izləmirsiniz. Bilirsiniz ki, 1988-ci illərdə bu kimi məsələlər ermənilər tərəfindən ortaya atılan gündən, müəyyən zümrələr var ki, hələ də bu fikirdədirlər. Qarabağ məsələsi təkcə orada yaşayan əhalinin deyil, bütün Azərbaycanın məsələsidir. Mənə elə gəlir ki, belə bir məhdud çərçivədə düşünmək heç kimə hörmət gətirməz. Vahid Əhmədovun çıxışının sonunda hamıya aydın oldun ki, burada söhbət Qarabağlı deputatlar məsələsi deyildi. Hər kəs bilir ki, əvvəlki Müdafiə naziri Səfər Əbiyevlə Vahid Əhmədov isti münasibətdə olublar. Bu çıxış məhz şəxsi mənafedən xəbər verirdi. Mənə elə gəlir ki, Vahid müəllimin bu çıxışı, Zakir Həsənovu tənqid etməsi bir növ heyif çıxmaq kimi bir təəssürat yaratdı. Axı Vahid Əhmədov Şuşanın, Laçının işğalı dövründə Azərbaycan Respublikasının Nazirlər Kabinetində çox mühüm vəzifədə işləyirdi, Baş Nazirin müavini idi. Bir özü-özünə də hesabat versin ki, axı onun üzərində də çox böyük məsuliyyət var idi".

Elman Məmmədov Səfər Əbiyevin dövründəki Müdafiə Nazirliyi ilə, bugünkü vəziyyətin müqayisə olunmadığını söyləyib: “Bu gün Azərbaycan ordusunda olan inkişaf birbaşa olaraq cənab prezidentimizin apardığı uğurlu siyasətin nəticəsi kimi dəyərləndirilir. Eyni zamanda, bu inkişaf Zakir Həsənovun xidmətlərindən də xəbər verir. Müdafiə Nazirliyinin bugünkü vəziyyətinə kölgə salmaq düzgün bir mövqe deyil”.

Xatırladaq ki, Vahid Əhmədov dünənki çıxışında nə qarabağlı deputatların passivliyindən şikayətlənib, nə də Müdafi Nazirliyinin rəhbərliyindən danışarkən sabiq nazir Səfər Əbiyevin adını çəkməyib. O, haqlı olaraq, yüksək dövlət məmurlarının Azərbaycan dilini bilməməsini böyük bir bəla adlandırıb: “Dünən Zakir Həsənovun brifinqinə qulaq asdım. Ona Şuşadakı inauqurasiya ilə bağlı sual verdilər. Zakir Həsənov da, Qərargah rəisi Nəcməddin Sadıkov da azərbaycanca danışa bilmirlər. İzah edə bilmədilər. Bilirsən, sən Müdafiə nazirisən. Belə bir mərasim olan zaman sən dövlət rəhbərliyi qarşısında məsələ qaldırmalıydın. Amma biz susduq. Xocalı aeroportunda Sarkisyan açılışda iştirak etmək istəyirdi. O zaman Müdafiə nazirinə müraciət etdilər ki, görüşə problem yaranmasın, ancaq açılış baş tutmadı. İndi də Şuşayla bağlı müəyyən addımlar atmağa ehtiyac var idi. Biz, elə bil, kimdənsə qorxmalıyıq. Mən demirəm ki, silah atəşi açaq, amma heç olmasa, müəyyən addımlar atmalıydıq"
01.06.2020 14:58:00
Oxuma sayı: 234