Azərbaycanlı “Radha”nın əbədi sevgisi
Ölçü:


Süleyman QARADAĞLI

O, nə politoloqdur, nə jurnalist, nə də hindşünas, amma Hindistanın Azərbaycandakı səfirliyinin keçirdiyi bütün tədbirlərə dəvət alır, çünki bu ölkəyə olan tükənməz sevgisindən hind diplomatları yaxşı xəbərdardırlar.

Hindistan tarixi ilə kifayət qədər yaxından tanışdır, hind ədəbiyyatını dərindən bilir. Rabindranat Taqor, Xoca Əhməd Abbas, Artundhati Roya, Əmir Xosrov Dəhləvi kimi məşhur şair və nasirlərin əsərlərini dönə-dönə oxuyub. Ramesh Jhavar, Krishna Ashok, Radja Ravi Varman yaradıcılıqlarını maraqla izlədiyi rəssamlardır. Hind musiqisini saatlarla dinləyir - Lata Mangeshkar, Kumar Sanu, Arijit Singh, Soni Nigam, Sukvinder Singh, Mohit Chauhan, Ankit Tivari, Shaan və Rahat Fateh Ali Khana qulaq asmaqdan doymur.

Hind filmlərinin isə vurğunudur - “Daş və çiçək”, “Aktrisa”, “Kəşmirdə məhəbbət”, “Zita və Gita”dan başlamış son illər çəkilən “Bağban”, “Ürək bağlılığı”, Xəyalı səadət”, “ Vətənə qayıdış” filmlərinə qədər. İndiyə qədər nə az, nə çox, 2500 hind filminə baxıb.

Elə, əslində, onun hind dünyasına məhəbbəti də həmin filmlərdən başlayıb. Hələ bağça yaşında ikən o vaxt televiziya ilə hər həftənin şənbə günləri nümayiş olunan filmləri çox böyük maraqla seyr edib. Məktəb illərində Hindistan haqqında əlinə nə düşübsə - kitab, məqalə, şəkil və s. hamısını arxivinə yığıb. Bu illər ərzində o, albomlara, rəflərə, şkaflara sığmayacaq qədər çoxlu material toplayıb.

...Gülxar Məmmədovanın Hindistana, hind dünyasına olan məhəbbəti onun xarici görünüşündə də öz əksini tapıb. Mədəni-maarif texnikumunda oxuyarkən tələbə yoldaşları ona məşhur hind filminin qəhrəmanının adı ilə - “Radha” deyə müraciət ediblər.

Neçə illərdən bəri işlədiyi M.F. Axundov adına Dövlət Kitabxanasında çox vaxt onu “Radha” çağırırlar.

Hind dünyasına olan bu məhəbbət Gülxarı qədim diyara aparıb çıxarıb. İlk dəfə 2008-ci ildə turist kimi Dehli, Mumbay, Aqra və Vrındavn şəhərlərində olub. İlk dəfə Hindistan torpağında qədəm basanda əyilərək torpağı öpüb. O vaxtdan hər il ardıcıl olaraq Hindistana səfərləri başlayıb. Kitabxanada əldə etdiyi lüğətlər vasitəsilə və alt yazısı olan filmlərə bax-baxa hind dilini öyrənib. 2011-ci ildə isə ölkəmizdəki Hindistan səfirliyi onu Aqra şəhərinə təhsil almağa göndərib. Orada yaşadığı bir il ərzində hind əlifbasını və dilini mükəmməl şəkildə öyrənib. İndi o, bu dildə ana dilimizdə danışdığı kimi ünsiyyət qura bilir. Hind səfirliyinin buraxdığı nəşrlərdə məqalələri dərc olunur, sevdiyi ölkədə olarkən onu yerli televiziyalara dəvət ediblər, qəzet və jurnallarda haqqında yazılar dərc olunub.

Cənubi Asiya ölkəsindən aldığı geyimlərdən Bakıda da istifadə edir və zahirən hind qızlarından seçilmir. Elə Hindistanda da onu yerli xanımlardan seçə bilmirlər. Məşhur Tac-Mahal ziyarəti yerli sakinlərə 10, əcnəbi ziyarətçilərə 750 rupiyə başa gəlir. Lakin nəinki Tac-Mahalda, digər park və muzeylərdə də onu hind qızı hesab edərək ölkə vətəndaşları üçün nəzərə tutulan güzəştlərlə ziyarətə buraxırlar.

Hind dünyasının böyük vurğunu olan Gülxar Məmmədova Bakıda yaşayan əksər hind ailələri ilə dostluq edir, Hindistanda olan dostları isə yüzlərlədir. Sosial şəbəkələrdə onun dostlarının çox böyük əksəriyyətini həmin ölkədən olanlar təşkil edir.

20 ilə yaxındır ki, vegeterian həyat tərzi sürən “Radha” qədim ölkənin mətbəxini də çox sevir. Evdə də daha çox acı, istiotlu və ədviyyatı bol təamları ilə tanınan hind mətbəxi nümunələri - Palak Paneer, Paratha, Pako bişirir. “Ən böyük arzum Hindistanda yaşamaq və işləməkdir,” - deyir. Gülxarın üç yaxın rəfiqəsi ailə həyatı quraraq orada yaşayır. O, işləmək üçün əlaqədar diplomatik təşkilatlatlara müraciət edib və dəvət alacağı günü səbirsizliklə gözləyir.

“Radha” indi Hindistana növbəti - səkkizinci səfərə hazırlaşır. İndiyədək ölkənin 40-dan artıq şəhərində olub, bu dəfə isə cənub bölgəsinə üz tutmaq fikrindədir.
14.08.2017 15:04:00
Oxuma sayı: 572