Eldar Mahmudovun da Avropada 100 milyonluq sərvəti aşkarlandı - Məmmədyarovun mülkü "kölgə"də qaldı
Ölçü:

Beynəlxalq araşdırmaçı jurnalistlər birliyi olan Mütəşəkkil Cinayətkarlıq və Korrupsiya Araşdırmaları Layihəsi (ingiliscə OCCRP) keçmış MTN şefi Eldar Mahmudovun övladları Anar və Nərgizin Böyük Britaniya, İspaniya, Lüksemburq, Kipr və Litvada 100 milyon funt-sterlinq (210 milyon manat) dəyərində əmlaka sahib olmasını aşkarlayaraq yazıb.

Koordinat.az xəbər verir ki, məqalədə sabiq MTN şefinin yaxınlarına məxsus 100 milyon funt məbləğində sərvətdən bəhs olunur.

Xatırladaq ki, bu yaxınlarda Xarici İşlər naziri Elmar Məmmədyarovun da Nyu-Yorkda 4.2 milyonluq mənzil aldığı barədə faktlar üzə çıxmışdı. Nazirin həmin Nyu-Yorkda aldığı iki mənzilin övladlarının adına rəsmiləşdirildiyi rəsmən təsdiqlənmişdi.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məsələyə belə münasibət bildirmişdi: “Xarici İşlər nazirinin və ya nazirliyin əməkdaşlarının şəxsi məsələləri nazirlik tərəfindən şərh olunmur. Bir kəlmə ilə bildirdim. Xarici İşlər nazirinin şəxsi həyatıdır, bunu şərh etmirəm”.

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) rəhbərliyində təmsil olunan millət vəkili Siyavuş Novruzov isə Xarici İşlər nazirinin Nyu-Yorkda 4,2 milyon dollarlıq mülkün korrupsiya elementi olmasına dair fikirlərə belə reaksiya vermişdi: "YAP korrupsiya əməllərilə tutulan məmurlara görə məsuliyyət daşımır. YAP onların korrupsioner olduğunu necə müəyyən edə bilər?! Biz onları vəzifəyə təyin edəndə rentgendən keçirəsi deyilik ki?!"

Mövzunu şərh edən iqtisadçı ekspert Rövşən Ağayev hesab edir ki, dövlət idarəetmə sistemində yüksək post tutmuş şəxslər bu sərvətləri vəzifələri sayəsində, müxtəlif vasitələrlə xalqdan qoparıblar. Onun fikrincə, illik rəsmi maaşları 15-20 min manatı ötməyən məmurlar 100 milyonlarla dollar sərvət toplaya bilrsə, bunun bircə səbəbi var: idarəetmə sistemi çox pis vəziyyətdədir, dövlət nəzarət institutları çalışa bilmir: "YAP-ın aparıcı fiqurlarından olan, Parlament komitələrindən birinin rəhbəri Siyavuş Novruzov ötən həftə mediaya açıqlamasında demişdi ki, korrupsiya əməllərilə tutulan məmurlara görə hətta öz partiyaları belə məsuliyyət daşımır. Arqumenti də budur ki, onların rentgendən keçirəsi deyillər. Bu, çox yanlış yanaşmadır: partiyanın rentgen aparatı olmur, amma idarəetmə sistemi mahiyyət etibarilə rentgen aparatı funksiyasını yerinə yetirən dövlət aparatı qurmağa məsuliyyət daşıyır".

Ekspert deyib ki, dövlət nəzarət institutlarının, ictimai nəzarət institutlarının və alternativ siyasi institutlar səmərəli fəaliyyət göstərməklə bu cür halların qarşısını ala bilər: "Hər üç institutun fəaliyyəti, hakimiyyət qollarının bir-birinə qarşılıqlı nəzarət sistemi elə şəkildə qurulmalıdır ki, bütün küçə və yollarda kimsənin nəzarət kamerlarından yayına bilmədiyi bir vəziyyət yaransın, pul oğrayan hər kəs dərhal nəzarət kameralarına düşsün. Yəni yuxarıda adını çəkdiyim institutlar sərvət oğrularını dərhal aşkarlaya bilsin. Belə sistemin formalaşdırılmasına isə 30 ildir ölkəni idarə edən hakimiyyət və hakim partiya birbaşa məsuliyyət daşıyır".
31.05.2020 18:08:00
Oxuma sayı: 32