Deputat Rövşən Rzayev: “Bu, mənə qarşı qərəzli münasibətdir!”
Ölçü:


Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini deputat Rövşən Rzayev bu il iyulun 29-da internet-xəbər saytlarından birində yerləşdirilmiş və "Facebook" sosial şəbəkəsində rezonans doğurmuş  “Deputat: “Yoxsulluq və işsizlik 5 faizə düşüb. Xalqımız xöşbəxtdir” başlıqlı yazı barədə Koordinat.az-a fikirlərini açıqlayıb.

Millət vəkili informasiya agentliklərindən birinin müxbiri ilə söhbətdə ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması üçün həyata keçirilən layihələrin və dövlət proqramlarının əhəmiyyətindən danışdığını, lakin işsizlik və yoxsulluqla bağlı heç bir konkret rəqəm göstərmədiyini, buna baxmayaraq, xəbər dərc olunarkən müxbirin onun fikirlərinə “əlavələr” etdiyini bildirib. Həmin xəbər bir gün sonra yuxarıdakı ironiyalı başlıqla yenidən başqa saytda yayımlanıb və qeyri-etik bir təqdimatla sosial şəbəkədə müzakirəyə çıxarılıb.

Rövşən Rzayev deyib: “Bu xəbər internetdə yerləşdirildiyi vaxt mən xaricdə olmuşam və Vətənə bir neçə gündür qayıtmışam. Sosial şəbəkədəki müzakirədən isə  bu gün xəbər tutmuşam. Mənim söylədiyim fikirlərə əlavələr edilməsini, ironiyalı sərlövhə ilə yenidən yayımlanmasını və sosial şəbəkədə müzakirəyə çıxarılmasını özümə qarşı qərəzli münasibət kimi qiymətləndirirəm. Mən bir çox peşəkar jurnalistlərlə daim səmimi ünsiyyətdəyəm, onların sorğu və müraciətlərini həmişə cavablandırmağa çalışıram. Buna görə də jurnalist etikasının belə kobudcasına pozulmasına və söylədiyim fikirlərin qərəzkarlıqla ictimaiyyətə təqdim olunmasına etirazımı bildirirəm”.

13.08.2017 00:13:28
Oxuma sayı: 828