Rusiyanın Türkiyədəki səfiri: “Bu gün öpüşür, sabah vuruşuruq”
Ölçü:


Son iki ildə Rusiya-Türkiyə münasibətlərində gərhinlik, yaxınlaşma, "soyuq müharibə" və bir-birinə zidd olan siyasi atmosferlə bağlı məsələlər daha çox müzakirə olunur. Şimal qonşumuzun qardaş ölkədə təyin etdiyi yeni səfir Aleksey Yerxov Rusiyanın Ankaradakı səfirlik binasında Türkiyə-Rusiya münasibətlərinin indiki durumu haqqında jurnalistlərin suallarını cavablandırıb.

Koordinat.az mövzunun aktuallığını nəzərə alaraq Rusiyanın Türkiyədəki yeni səfirinin açıqlamalarını oxuculara tədqim edir.

Cenevrə prosesi. Suriyada altı ildir müharibə gedir. Onun özülündə nəyin durduğunu müzakirəyə səhərə qədər davam edə bilərik. Dəməşq və fəaliyyətdəki prezident Bəşər Əsəd var. Müxtəlif qruplar ona qarşı mübarizə aparır. Suriya rəhbərliyi indiki anda müxalif qruplara qarşı dura bilmir. Eyni zamanda müxalif qrupların indiki Suriya hökumətini devirməyə imkan verəcək elə bir potensialı yoxdur. Yeganə çıxış yolu bir-birilə sazişə gəlməkdir. Cenevrə prosesinin təməli bu sazişin çərçivəsini yaratmaq idi. Bu proses, demək olar, çoxlu amilin təsiri altında pozulub. Bu daha çox ona görə baş verib ki, tərəflər bir-birinə sərt tələblər göndərib. Lakin Cenevrə prosesi çərçivəsindəki hər şey pis deyildi, müsbət nəticələr də var idi. Ən azı, tərəflər bir-biri ilə danışıqlar aparmağa başlamışdı. Bu proses davam etməlidir. Biz ümid edirik ki, sentyabrda davam edəcək.

Astana prosesi. Astana prosesinin baş hədəfi Suriyanın bəzi rayonlarında təhlükəsizlik zonalarının yaradılmasıdır.  Ancaq mötədil müxalifətlə birlikdə. Çünki terrorçu qrupları bu modelə daxil etmirik. Hərbi əməliyyatların dayandırıldığı rayonlara ləngimədən humanitar yardım tədarük edə bilərsiniz. Atılan addımlar dəyərlidir, sərf olunan səylərə dəyər. Astana prosesi Cenevrə prosesi ilə heç cür münaqişəyə girmir. Bu səbəbdən bu iki təşəbbüsün hər birinə müsbət töhfə gətirə biləcək institut və qurumlar prosesə cəlb edilməlidir. Suriyada durumun niyə 180 dərəcə dəyişmədiyini soruşsanız, biz mürəkkəb mühitdən və kiçik addımlarla irəli hərəkət kimi üsuldan danışırıq. Biz hesab edirik ki, bu məntiq çərçivəsində hərəkət etmək düzgün olacaq. Mən Suriyada üç il işləmişəm və bu ölkəyə sülhün gəlişi mənim üçün həqiqətən də özəl məna kəsb edir.

Karlovun qətlə yetirilməsinin təhqiqatı. Biz bilirik ki, Türkiyə tərəfinin apardığı araşdırma davam edir. Bizə həmçinin yaxşı məlumdur ki, Rusiyada araşdırma ilə məşğul olan idarələr türkiyəli həmkarları ilə sıx təmasdadır. Əminik ki, araşdırma başa çatarkən nəticələrini ictimaiyyətlə bölüşəcəklər. Və hesab edirəm ki, hər hansı məlumatın mənim ağzımdan səslənməsi düzgün olmaz. İndiki anda Rusiya təyyarəsinin məhv edilməsi və sui-qəsd nəticəsində səfirin öldürülməsi arasında birbaşa bağlılığın olduğu haqda məndə hər hansı bir məlumat yoxdur. Qaldı ki, mənim təhlükəsizliyimə, əlavə ciddi tədbirlər görülüb və bu haqda mənim hər hansı narahatlığım yoxdur.

Karlovun xatirəsinə qardaşlaşmış şəhərlər. Biz səfirimizin xatirəsinin əbədiləşdirilməsi üçün qərarlar və atılan addımlara görə Türkiyənin rəsmi idarələrinə minnətdarıq. Hazırda olduğumuz küçənin adı dəyişdirilib, indi “Andrey Karlov küçəsi”dir. Söhbət həmçinin səfirimizin doğulduğu şəhərlə Türkiyədəki şəhər arasında qardaşlıq münasibətləri haqda sazişin bağlandığından gedir.

Rusiya-Türkiyə münasibətləri.
İki ölkə arasındakı münasibətlərin indiki durumu ümidlər verir. Başqa tərəfdən, onun daha yüksək səviyyəyə çıxarılması üçün ciddi səylərin qoyulmasının gərəkdiyini sərgiləyir. İki ölkə arasında siyasi dialoq hamısından sürətlə inkişaf edir. Rusiya prezidenti ilə Türkiyə Cümhuriyyəti prezidenti arasında telefon danışıqları xeyli sıxlaşıb.

S-400-ün satışı.
Hələ bura gələnə qədər bilirdim ki, bu suala cavab verməyəcəyəm. Bu, cavab vermək istəmədiyim sualdır. Bu, həm Türkiyə, həm də Rusiya mətbuatında incə ayrıntılaradək müzakirə olunur. Həm Vaşinqtonda, həm də Brüsseldə bu haqda böyük ajiotaj var. Rusiyada internetə girsəniz, çox müxtəlif şərhlərlə rastlaşarsınız. Mənim durumum nəzərə alınmaqla söyləyəcəyim hər bir kəlmə başqa cür qavrana, yanlış istifadə oluna bilər. Bu mövzunu bir müddət sonra müzakirəyə qoymağı təklif edirəm.

Pomidor üzrə qərar.
Məhdudiyyət təkcə pomidor idxalatına deyil, həm də Türkiyə kənd təsərrüfatı məhsullarının başqa növlərinə  qoyulmuşdu. Bu məhdudiyyətlər keçən ilin axırında qismən, bu il isə pomidor istisna olmaqla digər məhdudiyyətlər götürülüb. Səbəb budur ki, Rusiya fermerləri pomidor istehsalına ciddi girişiblər. Bu üzdən fermerlərimizi üzməyə heç bir izahlı səbəb yoxdur. Biz Türkiyənin maraqlarını anlayırıq. Türkiyə, həqiqətən, pomidor cənnətidir. Türkiyə Rusiyaya mümkün qədər çox pomidor satmağa maraqlıdır. Uyğun olaraq, burada hansısa ümumi həll tapmaq önəmlidir. Mütəxəssislərimiz mövsümi tədarüklərdən danışırlar. Ümumi həll axtarışı məqsədilə bu məsələ üzrə iş davam edir.

Ticarət potensialı.
Ticarət münasibətlərinə gəlincə, hazırda “Türk axını” və “Akkuyu” AES kimi irimiqyaslı layihələr gerçəkləşdirilir. Ümumən ticarət inkişaf edir. Eyni zamanda etiraf etmək lazım gəlir ki, mal dövriyyəsi son illərdə azalma sərgiləyib. Hesab edirik ki, bu gün iki ölkə arasındakı ticarətdə kəşf edilməmiş ciddi potensial var. Yeni sahələr, mühitlər meydana çıxır. Söhbət potensialı hələ açılmamış ticarət münasibətlərindən gedir. Əvvələr ümumiyyətlə gündəlikdə olmayan sahələrdə əməkdaşlıq imkanları müzakirə olunmağa başlayıb.

Afrinə nisbətdə əməliyyat. Təxminlərlə qurulmuş məlumatı şərh etmək çətindir. Diplomatlar bir qayda olaraq siyasi gümanlardan uzaq durmağa çalışırlar, çünki bunlar çox vaxt gerçəkləşmir. Özəl hərbi-taktiki ayrıntılara sahib olmaq lazımdır.

Rusiyanın YPG üzrə mövqeyi. Başqa ölkələr kimi Rusiya Federasiyasında da terrorçu təşkilatların siyahısı var. Bu və ya digər təşkialtın terrorçu kimi təsdiqi üçün qanunvercilikdə bir sıra addımlar sadalanıb. Biz deyə bilərik ki, bu, çoxpilləli və qəliz prosedurdur. Deyə biləcəyim yeganə şey: Xalq özünümüdafiə dəstələri (YPG) bu siyahıya daxil deyil. Türkiyənin bu məsələdə həssaslığı bizə məlumdur, bu məqamları diqqətlə qeyd alır və Rusiya Federasiyası rəhbərliyini lazımınca məlumatlandırırıq.

Vizalar.
2010-cu ildə hökumətlərimiz arasında qarşılıqlı səfərlər haqda saziş bağlanıb. Bu mətndə qalma müddəti 30 günü keçməyən səfərlər üçün vizadan qismən azadolma daxil edilib. Biz 2016-cı il yanvarın 1-də bu sazişi ləğv etdik. Hazırda türk həmkarlarımız bizi qızğın şəkildə təhrik edirlər ki, keçmiş sistemə qayıdılsın. Amma bölgədə durum yaxşılaşımayıb, əksinə, pisləşib. Söhbət İŞİD-ə qarşı aparılan hərbi əməliyyatlardan gedir. İŞİD yaraqlıları və ailə üzvləri qaçmağa başlayıblar. Həm vizalar məsələsi, həm də digər məsələlər üzrə işlər davam edir.

Sanksiyalar.
Həm “Qazprom”da, həm də “Akkuyu”da ABŞ və AB sanksiyalarının layihələrimizə hansı mənfi təsir göstərə biləcəyi məsələsini araşdırmağı xahiş etmişəm. Türkiyə bu cür sanksiyalara qarşı həmişə dəqiq mövqe tutub. Lakin bu layihələrin ləğv edilməsini istəyən kimsə bu durumdan istifadə etməyə çalışa bilər. “Akkuyu” layihəsi qrafik üzrə həyata keçirilir və gözləyirik ki, birinci reaktor 2023-cü ildə elektrik istehsal etməyə başlayacaq.

Mənbicdəki hadisələr.
Mənbic hadisələrinə gəlincə, deyilib ki, onun bir hissəsini Rusiya ordusu müdafiəyə götürüb. Biz deyə bilərik ki, Türkiyə və Rusiya birgə hərəkət edərkən sinergetik effekt alınır və çox yaxşı nəticələr meydana çıxır.

İstanbuldakı günlər.
İşlədiyim altı ildə, əlbəttə, həm ağır, həm də yaxşı dövrlər olub, amma bu illər ömrümün ən xoşbəxt günlərindən biriydi. “Bu gün öpüşür, sabah vuruşuruq”. İdlibi kim idarə edəcək, orada üstünlük təşkil edəcək? Məndəki suallar sizdəkindən daha çoxdur. İdlib rayonunda söhbət onlarla müxtəlif silahlı qrupdan, bir-birindən fərqlənən dini hərəkatların təmsilçilərindən gedir. Bizim səhra komandirləri adlandırdığımız, şübhəli nufuzu olan müxtəlif şəxslərin iştirakından danışılır. Buna görə də bu və ya digər ehtimalı dəyərləndirmək çətin olur. Təkcə İdlib deyil, Suriyanın digər müxtəlif rayonları da həssas və problemlidir. Məsələn, Suriyanın şərqində öz ciplərində dolaşan işidçilər var. İdliblə bağlı “ən-Nusra”dan danışırıq, amma onların adları müxtəlifdir. Özü də İdlib, Deyr-əz-Zor, Rakka ilə bağlı hadisələr o qədər sürətlə inkişaf edir ki, Rusiyanın bir kinofilmindən ifadəni yada salmaq istərdim: “Mən sehrbaz deyiləm, ancaq öyrənirəm”.

Tolqa Şardan  ("Milliyet" qəzeti)
Tərcümə Strateq.az-ındır.

11.08.2017 14:57:01
Oxuma sayı: 183